Tbilisidə aktivist parlament sədri tərəfindən sosial şəbəkələrdə tənqid olunandan bir saat sonra döyülüb
Tbilisidə fəal döyülüb
İyunun 11-də səhər saatlarında Tbilisidə ictimai fəal Zuka Berdzenişvili evinin yaxınlığında döyülüb.
Dostu Salome Nikoleişvilinin Facebook-da yazdığına görə, insident parlamentin sədri Şalva Papuaşvilinin Facebook-da Zuka Berdzenişvili haqqında yazı dərc etməsindən bir saat sonra səhər saat 11-də baş verib.
“Papuaşvilinin postundan bir saat sonra “qəzəblənən vətəndaşlar” Zukanın evinin qarşısına toplaşıb və ona hücum ediblər. Ola bilsin ki, bu, sadəcə bir təsadüfdür”, – Nikoleişvili yazıb.
Parlamentin spikeri Şalva Papuaşvili səhər saat 09:15-də yazı dərc edərək, konkret jurnalistləri və fəalları “mütəşəkkil və siyasi motivli terror kampaniyası”nda ittiham edib.
Papuaşvili postunda JAMnews-un və bu medianın əməkdaşının da adını çəkib. Ona görə ki, JAMnews sosial şəbəkələrdəki xəbərlərinin birində Vaxuşti körpüsündə ictimai yerdə kiminsə çəkdiyi trafareti göstərib: “84 xain – təpəsindən 84 güllə”.
Papuaşvilinin fikrincə, bu video Avropa İttifaqı tərəfindən maliyyələşdirilən nəşrin “xarici agentlər haqqında” qanuna səs verən parlament üzvlərinə qarşı birbaşa hücuma çağırdığının sübutudur.
JAMnews isə öz növbəsində trafaretin məzmununu başqa cür şərh etdiyini dəfələrlə izah edib. Nəşr bu trafareti arxadan ölkəyə xaincəsinə 84 güllə atılması kimi yozub və təqdim edib. Amma fərqli şərhlərin qarşısını almaq üçün mətnə fərqli yanaşmalar səbəbindən nəşr sonradan hekayəni silib və istənilən formada zorakılığa qəti şəkildə qarşı olduğunu bildirib.
Bununla belə, hakim “Gürcü arzusu” partiyasının təbliğat maşını qeyri-hökumət təşkilatlarına, fəallara və müstəqil mediaya hücumlarını davam etdirir.
Parlament sədrinin Facebook paylaşımından qısa müddət sonra fəal Zuka Berdzenişviliyə hücum bizə həmkarlarımızın da təhlükə altında ola biləcəyini düşündürür. JAMnews bununla bağlı bütün məsuliyyəti hakimiyyətin üzərinə qoyur.
Döyülmüş Zuka Berdzenişvilinin fotosunu onun dostu Salome Nikoleişvili dərc edib. Spiker Papuaşvilinin paylaşımında onun da adı çəkilib.
“Onlar üç nəfər [hücum edənlər] idi, maşında gözləyirdilər, arxadan gizlincə gəldilər və sonra qaçdılar”, – Nikoleişvili yazıb.
Bir neçə gün əvvəl Zuka Berdzenişvili kəndlərdən birində onun üçün pusqu təşkil edilsə də qaça bildiyi barədə məlumat vermişdi.
Daha sonra Berdzenişvili öz Facebook səhifəsində yazıb ki, hücum edənlərdən biri onu başından güllələməklə hədələyib.
“Üç nəfərdən biri məni uzanmış vəziyyətdə döyəndə qışqırdı: “Başınıza atəş açmasaq?” Etdikləri azmış kimi o fantaziyasını da işə salmışdı. Yazıq valideynləriniz, uşaqlar. Hamınızı xatırlayıram”, – deyə Zuka Berdzenişvili yazır.
Parlamentin sədrinin postu aşağıdakı məzmundadır:
“Aydındır ki, “qəzəblənmiş vətəndaşlarla” media üçün hazırlanan bu səhnələr əslində Avropa adına həyata keçirilən mütəşəkkil və siyasi motivli terror kampaniyasıdır”, – Papuaşvili sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, donorlar maliyyələşdirdikləri təşkilatlarda siyasi ekstremizmi təşviq etməklə terroru normallaşdırırlar.
Papuaşvili bildirir ki, son bir neçə gündə Aİ büdcəsindən maliyyələşən üç qeyri-hökumət təşkilatının işçiləri:
• Parlament üzvlərini “başına güllə” vurmaqla hədələyiblər (Levan Datunaşvili, JAMnews)
• Parlament üzvlərinə zəng edib təhdid və təhqirlər yağdırıblar (Salome Nikolaişvili, Zuka Berdzenişvili, “სირცხვილია” [“Shame”] hərəkatı)
• Parlament üzvünü və ailəsini ictimai yerdə hücuma və təhqirə məruz qoyublar (Mariam Tsitsikashvili, Gürcüstan İslahat Assosiasiyasının (GRASS) nümayəndəsi).
Papuaşvili bu paylaşımı ilə iyunun 10-da Tbilisi hava limanında baş verən insidentə cavab verib. Tbilisi hava limanında təsadüfən deputat Viktor Caparidze ilə görüşən Mariam Tsitsikaşvili “xarici agentlər haqqında” qanunu dəstəklədiyi üçün onu açıq şəkildə ölkəyə xəyanətdə ittiham edib. Tsitsikaşvili video çəkib, daha sonra sosial şəbəkələrə yükləyib. O, deputatı vətənə xəyanətdə ittiham edib.
Nəticədə Tsitsikaşvili və onu müşayiət edən şəxs təyyarədən çıxarılaraq xırda xuliqanlığa görə saxlanılıblar. Onlar daha sonra sərbəst buraxılıblar. Lakin bu, ilk dəfə deyil ki, “xarici agentlər haqqında” qanun qəbul edildikdən sonra vətəndaşlar qanunu dəstəkləyən deputatları açıq şəkildə “satqın” və “qul” adlandırırlar.
Artıq iki aydan çoxdur ki, küçələrdə insanların təhdid və döyülmə dalğası davam edir, qalmaqallı qanunun əleyhdarlarınin evlərinin və ofislərinin divarlarında təhqiramiz yazılar yazılır.
Son hadisələrdən biri iyunun 7-də Tbilisi Dövlət Universitetinin yaxınlığında bir neçə nəfərin fəal və tələbə hərəkatının liderlərindən biri Niko Manaqadzeyə hücum edərək onu döyməsi olub.
Bu gün səhər saatlarında “Qirçi” partiyasının üzvü Tsotne Koberidze avtobus dayanacağında hücuma məruz qalıb.
Hələlik istintaq fəallara hücum edən bir nəfəri də tapmayıb. Halbuki zamanda videoda hücum edənlərin simaları aydın görünür.
Gənc Hüquqşünaslar Assosiasiyası xarici agentlər haqqında qanunun əleyhdarlarına qarşı zorakılıq mövzusunda xüsusi hesabat dərc edib.
Hesabatda digər məsələlərlə yanaşı qeyd edilir ki, “vətəndaşlara qarşı hücumlar yüksək rütbəli dövlət məmurları tərəfindən dəstəklənib. Bunu parlament çoxluğunun üzvü Dmitri Samxaradzenin 2024-cü il mayın 31-də Facebook-da dərc etdiyi ictimai paylaşımı sübut edir”, – deyə assosiasiyanın hesabatında qeyd olunur.
“Gürcü Arzusu” partiyasının deputatı Samxaradze mayın 31-də Facebook-da Britaniya Konsulluğunun Viza Müraciət Mərkəzi, TV BMG, New Party və digər beynəlxalq şirkətlərin yerləşdiyi binaya yumurta atıldığını göstərən video yayımlayıb. Samxaradze şərhində yazıb ki, bu, hökumət üzvlərinə qarşı təzyiqlərə cavabdır.