Tbilisidə Dəmirəl adına kollec bağlanıb
Foto “Azadlıq radiosu”
Təhsil və Elm Nazirliyi Tbilisidə 1993-cü ildən işləyən Süleyman Dəmirəl adına məktəbin bağlanması barədə qərar qəbul edib.
Məktəb dərs ilinə on gün qalmış bağlanıb. Bu o deməkdir ki, Dəmirəl adına kollecin şagirdləri iki həftə ərzində özlərinə yeni təhsil müəssisəsi tapmalı olacaqlar.
Kollecin bağlanmasına rəsmi səbəb kimi nazirlik müəssisənin işində aşkar olunan nöqsanları göstərir. Söhbət həm də dələduzluqdan gedir.
Təhsil Nazirliyinin Dövlət Avtorizasiya Komissiyasının sədr müavini Giya Murquliyanın “İnterpressnyus”un müxbirinə bildirdiyinə görə, Dəmirəl adına məktəbin eyni zamanda üç istiqamət üzrə problemləri varıydı, bu səbəbdən də fəaliyyətinə lisenziyanın müddəti uzadılmayıb. Onun sözlərinə görə, məktəbin əcnəbilərə münasibəti məsələsi xüsusilə kəskin dururdu. Konkret olaraq, Murquliyanın bildirdiyinə görə, İran və İraqdan gələn şagirdlər bir gündə bir neçə imtahan verə bilirdilər ki, bunu da təsəvvür etmək çox çətindir.
“Digər ölkə vətəndaşlarını bəzən məktəbə bir günün içində qəbul edir, onlar üçün fərdi tədris planı hazırlayırdılar. Şagirdlər bir gün ərzində altı-yeddi imtahan verirdilər – həm gürcü dili və ədəbiyyatı, həm də fizika və kimya, tarix və biologiya üzrə. Bu, ağla sığmayan, təsəvvür edilə bilməyən bir pozuntudur. Bundan başqa, məktəbin fəaliyyətində dələduzluq əlamətləri görünürdü”, – deyə Giya Murquliya bildirib.
Dəmirəl adına kolleci artıq bir neçə aydır ki, qalmaqallar izləyir. Mayın 24-də, Türkiyənin baş naziri Binəli Yıldırımın Gürcüstana səfərindən sonra Gürcüstanın hüquq-mühafizə orqanları kollecin meneceri Emre Çabuku həbs etdilər. Türkiyə tərəfi Çabukun Türkiyəyə ekstradisiyasını tələb edir.
Kollec nümayəndələri müəssisənin türk müxalifətçisi Fətullah Gülənlə əlaqələrinin olmasının qəti şəkildə rədd etsələr də təhsil müəssisəsinin problemlərini məhz Gülənə qarşı başlanılan kampaniya kontekstində nəzərdən keçirirlər.
Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın keçmiş məsləkdaşı, keçmiş imam Fətullah Gülən ötən ilin sonlarında Türkiyədə çevriliş cəhdi etməkdə günahlandırılandan sonra, onun tərəfdarları Ankara tərəfindən sərt təqiblərə məruz qaldı. Gülənin təşkilatı Türkiyədə terror təşkilatı elan olunub. Gülənin bütün təhsil müəssisələri Türkiyə hakimiyyəti tərəfindən bağlanıb (Gülənin himayəsi altında olan təhsil müəssisələri bütün dünyada fəaliyyət göstərir), minlərlə tərəfdarı həbs edilib. Ərdoğan dost ölkələrdən də analoji addımların atılmasını tələb edir.
Gürcüstanlı ekspertlər Çabukun həbsini və Dəmirəl adına məktəbin bağlanmasını Ankaranın Tbilisiyə təzyiqi ilə əlaqələndirir.
Dəmirəl adına kollec Fətullah Gülənlə əlaqələrinə görə Gürcüstanda problemlərlə üzləşən yeganə təhsil müəssisəsi deyil. Bundan bir qədər əvvəl Təhsil və Elm Nazirliyi Batumidə yerləşən Şahin adına məktəbin lisenziyasını əlindən aldı.