Üç saat ərzində 30-a yaxın yanğınsöndürmə-xilasedici qrupu və 150 nəfər yanğınsöndürən və xilasedici Tbilisinin “Bazroba Eliava” adı ilə tanınan ticarət mərkəzini bürümüş yanğınla mübarizə aparıb.
Ölən yoxdur. Yanğınsöndürənlərdən biri yüngül xəsarət alıb. Yanğın 2500 kvadratmetr ticarət ərazisini məhv edib.
Tbilisidə Eliava yarmarkası 1990-clı illərin ortalarında yaranıb. Əvvəlcə yarmarka kustar piştaxtalardan və kiçik mağazalardan ibarət idi, əsasən inşaat materialları, avtomobillər üçün ehtiyat hissələri, gündəlik tələbat məhsulları satılırdı.
Yanğın ehtiyat hissələri satılan hissədə başlayıb. Alov qısa müddətdə böyük ərazini bürüyüb. Yarmarkada tez alovlanan malların – təkər, boya, yağ, plastmas – olması vəziyyəti daha da çətinləşdirib. Xilasetmə Xidmətinə siqnal 21.16-da daxil olub. O vaxt mağazalrın əksəriyyəti artıq bağlı olub.
Yanğının baş vermə səbəbi hələ ki məlum deyil. Daxili İşlər Nazirliyi cinayət məcəlləsinin başqasının əmlakını məhv etməni ehtiva edən 187-ci maddəsilə cinayət işi açıb.
Son yarım ildə bu, iri ticarət mərkəzində baş verən ikinci yanğındır. Yanvarda Tbilisidə “Detskiy mir” – hələ sovet vaxtı tikilmiş, zinət əşyalarının satıldığı “qızıl birjasının” da yerləşdiyi iri univermaq yanmışdı İş adamlarına xeyli ziyan dəymişdi. Bu günə qədər də onlar Tbilisi meriyasından kompensasiya tələb edir, tez-tez etiraz aksiyası keçirirlər. Yanmış bina hələ də demontaj edilməyib. Onun yerində nə tikiləcəyi də hələ bəlli deyil.