Tbilisidə azərbaycanlı müxalif jurnalist yoxa çıxıb
Paylaşmaq
Paylaşmaq
Tbilisidə azərbaycanlı müxalif jurnalist Əfqan Muxtarlı yoxa çıxıb. Dünən axşam o evə qayıtmayıb. Jurnalistin həyat yoldaşı Leyla Mustafayeva polisə müraciət edib. Əfqan artıq bir ildən çoxdur ki, Tbilisidə yaşayırdı, çünki jurnalist fəaliyyətinə görə Azərbaycanda problemləri yaranmışdı.
Bu yaxınlarda JAMnews Gürcüstandakı azərbaycanlı siyasi qaçqınlar haqda reportaj dərc eləmişdi. Əfqan Muxtarlı bu reportajın qəhrəmanlarından biri idi. JAMnews-la söhbətində o danışmışdı ki, Gürcüstanda qalmaq son zamanlar problemə çevrilib.
JAMnews yoxa çıxan jurnalistin Tbilisidə yaşayan dostu, Gürcüstanda siyasi sığınacaq almaq istəyən azərbaycanlı fəal Daşqın Ağalarlı ilə əlaqə saxlayıb. Muxtarlını ən son görən məhz odur.
“Səkkizə işləmişdi, biz Kolxoz meydanında kafedə oturmuşduq. Əfqan yoldaşına zəng vurdu və evə gəldiyini dedi, soruşdu ki, nəsə almaq lazımdırmı. Yoldaşı ona çörək almasını tapşırdı. Bu zəngdən sonra biz küçəyə çıxdıq. Mən dayanacağın yanında qaldım, Əfqan isə yolun o biri tərəfinə keçməli idi. Az sonra marşrutum gəldi, mən getdim. Bundan sonra Əfqanı heç kim görməyib, o, evə qayıtmayıb”, – Daşqın Ağalarlı danışıb.
Onun sözlərinə görə, son zamanlar Gürcüstanda yaşayan azərbaycanlı jurnalist və fəallar aktiv şəkildə təqib olunur.
“Biz mütəmadi olaraq izləndiyimizi hiss edirik. Arxamızca həmişə bir neçə adam gəlirdi. Əfqan bir dəfə onların şəklini çəkmişdi. Onlar gürcü deyildi, azərbaycanca danışırdılar – onlar bizə o qədər yaxınlaşırdılar ki, qırıq-qırıq da olsa onların danışıqlarını eşidirdik”, – o deyir.
JAMnews Gürcüstan DİN-i ilə əlaqə saxlayıb, oradan bildiriblər ki, bu haqda daha sonra açıqlama veriləcək.