Tbilisidə qaradərili tələbələri döyüblər
Foto: Vladimer Valişvili
Gürcüstanın Daxili İşlər Nazirliyi xəbər verib ki, Tbilisinin Diqomsk massivində bir neçə qaradərili tələbənin döyülməsi faktı ilə bağlı cinayət işi qaldırılıb.
Netgazeti.ge nəşrinin məlumatına görə, hadisə aprelin 8-də saat 18.00 civarında Beliaşvili küçəsində baş verib. Bir neçə qaradərili oğlan idman meydançasında futbol oynayırmış. Oyun başlayandan təxminən iki saat sonra bir neçə nəfərdən ibarət qrup onlara yaxınlaşıb.
Ən başdan onlar aqressiv əhvalda olublar, danışıq zamanı normadan kənar ifadələr işlədiblər, özləri ilə gətirdikləri dəyənəklərlə afrikalıları təhdid edərək idman meydançasından qovublar.
Beliaşvili küçəsində baş verən olayı qaradərili tələbələrdən biri telefona çəkib və videonu Facebook-da yayıb. Kadrlardan aydın görünür ki, o və dostları qaçmaqla canlarını zorla qurtarırlar.
Tələbələr polis çağırıblar və video-sübutu nümayiş etdiriblər.
“Hüquq mühafizə orqanlarının əməkdaşları baş verənləri və bizə hücum edənləri unutmağı məsləhət gördülər”, – netgazeti.ge tələbələrdən birinə istinadən yazır.
“Bizi təhqir edən gürcülərdən heç biri saxlanılmayıb. Polis onlardan hər hansı formada üzr istəmələrini də tələb etmir. Ümumiyyətlə heç nə! Niyə? Əgər hadisələri tərs çevirsək, əgər qaradərililər gürcüləri təhqir etsəydi, polislər məsələyə eyni cür münasibət göstərərdi, ya fərqli? Böyük danışdığım üçün bağışlayın, amma biz irqçiliyə qarşı mübarizə aparacağıq. 21-ci əsrdəmi? Adamın ağlı almır. Buna son qoymaq lazımdır!”, – netgazeti.ge nəşrinə Tbilisinin New Vision University ali təhsil müəssisəsinin tələbəsi Benit bildirib.
Tələbələr qorxurlar ki, olay bununla bitməyəcək. Onlar hadisənin video-görüntülərini Facebook-da paylaşandan sonra onlara qarşı yeni aqressiya dalğası yüksəlib – FB-nin Gürcüstan seqmentinin istifadəçiləri afrikalıların ünvanına yeni təhdidlər və irqçi mesajlar yağdırıblar.
Cinayət işi Cinayət Məcəlləsinin “zorakılığı” nəzərdə tutan 126-cı maddəsi ilə açılıb, Gürcüstanın DİN-i xəbər verib.
Tələbələr məhz dərilərinin rənginə görə hücuma məruz qaldıqlarını bildirsələr də – bu elə vide-görüntülərdən də aydın görünür, Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin irqi əlamətinə görə diskriminasiyanı nəzərdə tutan 142-1-ci maddəsi ilə cinayət işi qaldırmayıb.