Tbilisidə minlərlə insan Patriarxla vidalaşmaq üçün saatlarla növbədə gözləyir. Fotoreportaj
Gürcüstanda Patriarx II İliyanın dəfni
Üç gün boyunca Tbilisidə on minlərlə insan Gürcüstanın Katolikos-Patriarxı, Onun Müqəddəsliyi II İliyanın xatirəsinə son ehtiramlarını bildirmək üçün saatlarla növbədə gözləyib.
Patriarx uzun sürən xəstəlikdən sonra 93 yaşında xəstəxanada vəfat edib. O, 48 il ərzində Gürcü Pravoslav Kilsəsinə rəhbərlik edib. Dəfn mərasimi martın 22-də, bazar günü Sioni kilsəsində keçiriləcək.


Vətəndaş vida mərasimi Tbilisidəki Sameba kilsəsində keçirilir, məbəd sutka boyu açıqdır.
Növbə də fasiləsiz davam edir. Martın 19-da insanlar o qədər çox idi ki, axşam gələnlər kilsəyə yalnız səhər tezdən daxil ola biliblər.
II İliya ilə vidalaşmağa gələn insanların sayı Gürcüstanda görünməmiş həddə çatıb. Sosial şəbəkələrdə yazırlar ki, ölkə tarixində heç bir hadisə bu qədər geniş ictimai diqqət doğurmayıb.

Bu günlərdə Tbilisidə ictimai nəqliyyat xüsusi rejimdə işləyir. Metro stansiyalarının iş vaxtı uzadılıb. Martın 21 və 22-də metro və avtobuslarda gediş haqqı pulsuzdur. Gürcüstanın iri şəhərlərindən qatarlar da pulsuzdur.
Bundan əlavə, Gürcüstanın bütün bələdiyyələri region sakinlərinin də patriarxla vidalaşa bilməsi üçün pulsuz avtobuslar təşkil edir.


Xatuna Vardanidze əlində sarı nərgizlər tutaraq, Patriarxa son ehtiramını bildirmək üçün artıq üç saatdan çoxdur növbədə gözləyir. O deyir ki, kilsənin icma üzvüdür, Patriarxla dəfələrlə görüşüb və bu gün onun üçün xüsusilə ağırdır.

Minlərlə insan günlərlə fasiləsiz şəkildə, səssizcə məbədə aparan təpə yolu ilə irəliləyir. Yol boyu tez-tez pulsuz su paylayan qruplara rast gəlinir. Belə qruplardan biri JAMnews-a bildirib ki, onlar Coca-Cola şirkətini təmsil edirlər.
Həmçinin bu küçələrdə yaşayan yerli sakinlər insanlara su və kompot təklif edirlər.

Məbədə giriş ciddi şəkildə təşkil olunub və nəzarət altındadır. Həyət xüsusi dəmir baryerlərlə əhatə edilib. Asayişi yalnız polis deyil, həm də ordu bölmələri təmin edir.
İnsanlar məbədə iki sırayla daxil olur və iki müxtəlif yan girişdən iki sırayla çıxırlar. Bu, xaosun və sıxlığın qarşısını almağın yeganə yoludur.

David Rativekov bu gün üçün xüsusi geyim seçib. Onun geyimi illər əvvəl Patriarxın xeyir-duası ilə Patriarxiyada “Urmuli” ansamblının üzvləri üçün tikilib.

Zurab Okropiridze Patriarxla 2012-ci ildə görüşüb, həmin vaxt Patriarx onun nəslinə xeyir-dua verib.

Gürcüstanda soyadların xeyir-dua alması II İliyanın adı ilə bağlıdır. Bu, rəsmi kilsə ayini deyil. İnsanlar Patriarxın xeyir-duasının xüsusi gücə malik olduğuna inanırdılar, buna görə eyni nəslə və eyni soyada malik olanlar tez-tez birlikdə Patriarxiyaya xeyir-dua almaq üçün müraciət edirdilər.
Belə qruplardan bəziləri hətta ailə ikonasını da əldə ediblər.


Katolikos-Patriarx II İliya martın 22-də, bazar günü Sioni kilsəsində dəfn olunacaq. Bu, onun vəsiyyəti olub.
Həmin gün Gürcüstana Ümumdünya Patriarxı Varfolomeyin gələcəyi gözlənilir. O, saat 12:00-da Sameba kilsəsinə gələcək və ali ruhanilərlə birlikdə Patriarx üzərində dini mərasimi icra edəcək.
Dəfn mərasimində bir çox ölkədən ruhanilərin iştirakı gözlənilir. Artıq məlumdur ki, II İliyanın dəfnində Vatikan daxil olmaqla Katolik Kilsəsinin nümayəndələri də iştirak edəcək.
Martın 22-də, bazar günü kilsəyə giriş yalnız xüsusi icazələrlə mümkün olacaq. Jurnalistlər içəri buraxılmayacaq.
Martın 21 və 22-də Tbilisi üzrə nəqliyyatın hərəkətinə əlavə məhdudiyyətlər tətbiq olunub. Bu məhdudiyyətlər şəhərin demək olar ki, bütün mərkəz hissəsini əhatə edir.
Bu məhdudiyyətlər barədə daha ətraflı məlumatı bu keçid vasitəsilə əldə etmək olar.
Katolikos-Patriarxın vəfatı ilə əlaqədar Gürcüstanda 22 mart daxil olmaqla matəm günləri elan edilib. Bir çox konsertlər, tamaşalar və tədbirlər ləğv olunub. Gürcüstan müsəlmanları Novruz və Ramazanla bağlı tədbirləri də ləğv ediblər.
Gürcüstanda Patriarx II İliyanın dəfni