Avstriya xarici işlər nazirinin sözləri Gürcüstan, xüsusən də Rusiya mediasında böyük səs-küyə səbəb oldu.
Avstriya xarici işlər naziri Sebastyan Kurts Bild nəşrinə müsahibəsi zamanı aşağıdakıları deyib:
“Bizə Avropa İttifaqından kənarda qaçqınlar üçün mərkəzlər lazımdır, hansıların ki, fəaliyyəti ilə BMT ali komissarlığı məşğul ola bilər. Obyektlər, misal üçün, Gürcüstan, Misir və ya qərbi Balkan dövlətlərində yerləşə bilər”.
Kurts həm də deyib ki, bu mərkəzlərdə Avropa İttifaqının sərhədlərini qeyri-leqal keçən insanlar yerləşdirilə bilər.
Yerli mediada isə bu fərziyyə artıq Gürcüstan ərazisində o cümlədən də Suriyadan olan qaçqınların yerləşdirilməsi üzrə beynəlxalq mərkəzin yaradılması barədə qərarın qəbul edildiyi kimi göstərilib.
Gürcüstanın rəsmi şəxsləri isə bunu qəti şəkildə təkzib etdilər.
Bu məsələ Gürcüstan tərəfi ilə heç bir rəsmi görüş zamanı müzakirə olunmayıb – Gürcüstanın Avstriyadakı səfiri Konstantin Zaldastanaşvili bildirib.
Gürcüstanın Xarici İşlər Nazirliyi bu qalmaqalla bağlı xüsusi bəyanat verib.
“Gürcüstanın gündəmində qaçqınların qəbulu üçün mərkəzlərin yaradılması məsələsi durmur. Ölkənin həll etməli olduğu problemləri nəzərə alsaq, belə bir layihənin realizəsi mümkünsüzdür”, – bəyanatda deyilir.
Avstriya xarici işlər naziri Sebastyan Kurts Gürcüstanda bir gün – 3 fevral 2017-ci ildə olub. Gürcüstanın Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, səfər zamanı həmin məsələ nəzərdən keçirilməyib, buna görə də qurum Sebastyan Kurtsun nəyi nəzərdə tutduğunu deyə bilmir.