“Taun vaxtı ziyafət”. Gürcüstanda ilk azərbaycandilli teatr necə yarandı?
Gürcüstanda azərbaycandilli uşaq teatrı
Gürcüstanda Tbilisidən cənuba doğru 39 km-lik məsafədə daha çox etnik azərbaycanlıların yaşadığı Qardabani şəhəri yerləşir. Gürcüstanda ilk və hələlik yeganə olan “BeeZ” azərbaycandilli uşaq teatrı da məhz burada açılıb. Azərbaycanın müstəqil media orqanı MeydanTV-nin reportajı.
Teatrın yaradıcısı və bədii rəhbəri gənc aktyor Binəli İslamoğludur. Hələlik nə öz səhnəsi, nə də binası olan teatr aktyorun evinin həyətindəki kiçik tikiliyə “sığınıb”. Bu tikili onun uşaqlığından qalıb, teatrın hələlik nə öz bnası, nə də öz səhnəsi var.
Darvazadan həyətə daxil olan kimi sağ tərəfdə həmin kiçik tikili gözə dəyir. Tikilinin şüşəbəndi xatırladan qapısını açmaqla ilk qarşılaşacağın yer səhnədir. Kiçik otağın bir küncündə pianino, digər küncündə isə səhnə yerləşir. Bu kiçik otaq-teatrın irili-xırdalı dekorasiyaları da var. Səhnəboyu olan dekorasiya meşəni xatırladır. Bu teatrın ayrılmaz bir parçası da qışda yandırılan odun sobasıdır.
- Ermənilər və azərbaycanlılar Tbilisidə: müharibə zamanı dostluq
- Gürcüstanda azlıqlar – onların inteqrasiyasının baş tutması üçün nə etmək lazımdır?
- “Forbes”: Gürcüstanda qırıcı təyyarələrin istehsalını Azərbaycan maliyyələşdirə bilər
“Uşaqlar gələnə qədər sobanı yandırıram ki, məşqlərdə üşüməsinlər. Bu odunları da elə şəhərdən toplayıram. Harda qarşıma taxta parçası, karton qırığı çıxsa, götürürəm”, – “Beez” uşaq teatrının bədii rəhbəri Binali İslamoğlu deyir.
Hər gün səhər saat 8-dən günə odun toplamaqla başlayan teatrın bədii rəhbəri dükanların qarşısına yığılan karton parçalarını, yeşik taxtalarını götürür. Uşaqların dərslərinə mane olmamaq üçün onları məşqlərə əsasən həftəsonu günorta saat ya 2-də, ya da 4-də çağırır. Yolu uzaq olan uşaqları gətirmək üçün isə dostlarından və valideynlərdən kömək etmələrini xahiş edir.
Məşq üçün toplaşan uşaqlar otaq-teatrın digər küncündə yığışmışdılar. Müxtəlif yaş qruplarında olan uşaqların bu kiçik səhnədə müəllimləri ilə aralarında olan güclü bağ hiss olunurdu.
Böyük səhnədən kiçik səhnəyə gedən yol
Binali İslamoğlu 2005-ci ildən Tbilisi-Azərbaycan Dövlət Dram Teatrında işləməyə başlayıb. Elə 2006-cı ildən teatrın nəzdində açılan teatr kurslarına gedib və kursu bitirdikdən sonra maaşlı aktyor kimi çalışmağa başlayıb:
“Bu teatr kurslarında iştirakçı olan çox tələbə vardırsa, mən kursu keçənlərdən oldum. 2006-2019-cu illərdə bir-birindən gözəl rejissorlarla çalışdıq və onlardan gözəl dərslər aldıq. Əfsuslar olsun ki, 2020-ci ildə teatra yeni təyin olunan bədii rəhbər tərəfindən işdən uzaqlaşdırıldıq”.
Pandemiya vaxtı işdən çıxarılmaq B.İslamoğlunu sənətdən soyutmur, əksinə onun sosial aktivliyini artırır.
“Yaxın dostlarım Qardabanidə mənim üçün bir iş təşkil etdilər. Və bu boş qaldığımız vaxtlarda Qardabanidə olan sosial problemlər haqda film çəkməyə qərar verdik. Biz o zamanlar “Mer” adlı qısa bir film çəkdik. Bu film çox bəyənildi və filmdən sonra göstərilən problemlər həll olundu. Filmdə iştirak edən 4 yaşlı İslamda aktyorluq işığını gördüm. Fikirləşdim ki, niyə bu, başqa uşaqlarda da olmasın”.
Teatrın yaradılması ilə məşhurlaşması bir olur. Həmin il Gürcüstan Mədəniyyət Nazirliyinin elan etdiyi müsabiqənin qalibi olurlar. B.İslamoğlu deyir ki, “Səhnədə inteqrasiya” adlı layihəyə Gürcüstan Mədəniyyət Nazirliyi dəstək olub:
“Gürcü klassiklərindən Vaja Pşavelanın “Meşə komediyası” adlı əsərini səhnələşdirdik. Tamaşamız çox uğurlu oldu. İlk premyeramıza Gürcüstan Mədəniyyət Nazirliyinin, Azərbaycan səfirliyinin əməkdaşları, rayon bələdiyyə nümayəndələri, eləcə də merin özü də təşrif buyurmuşdu. Böyük bəyəni aldıq. Ondan sonra başladıq bölgələrə qastrol səfərləri etməyə – Bolnisidə, Marneulidə, Rustavidə və Qardabanidə Mədəniyyət Evində bu tamaşanı göstərdik”.
Teatrın işi bununla da yekunlaşmayıb. Belə ki, Vaja Pşavelanın “Meşənin komediyası” əsəri Azərbaycan dilinə tərcümə olunur və məktəblərdə pulsuz paylanır.
Vəsait yoxluğunun ustalıqla çözümü
B.İslamoğlu maliyyədən irəli gələn çətinliklərin evini səhnəyə çevirməsinə səbəb olduğunu deyir:
“Bu gün hansısa bir məkan tapmaq maliyyə tələb edir, pul tələb edir. Gördüyünüz bu kiçik evimiz-teatrda mən özüm böyümüşəm. İlk dəfə 4 yaşımda bibim mənə nağara hədiyyə edib. Bu istedad ordan gəlir. Bu zonada mən ən yaxşı qoşanağara ustasıyam. Fikirləşdim ki, niyə bizim evdə olmasın?”
Teatrın dekorasiyalarının bir hissəsi Gürcüstan Mədəniyyət Nazirliyinin dəstəyi ilə alınıb, kiçik bir qismini isə teatrın əməkdaşları alıb.
Bu gün kiçik, soyuq teatr otağında müxtəlif yaş qruplarından olan 14 aktyor yetişir.
Ən kiçik aktyorun 6 yaşı var, bağçaya gedir. Ən böyüyünün isə 13 yaşı var. Tamaşada oynayanlar isə 1-ci, 3-cü və 6-cı sinif şagirdləridir. Binəli bəy deyir ki, uşaqların sayı durmadan artır:
“Məhz valideynləri çox istəyir ki, uşaqları bizim teatrda iştirak etsinlər. Bu da hardan gəlir? Son tamaşamızdan sonra onlar gördülər ki, uşaqlarda aktivlik var. Məqsədimiz də odur ki, uşaqlara teatr mədəniyyətini, rəssamlığı aşılayaq. Onlara musiqini, kitabı aşılamaq istəyirik. Bizim uşaqlar da cəmiyyət içərisində digər uşaqlardan seçilirlər. Seçim üçün aktyorluq kursu təşkil edirik və baxırıq ki, elə uşaq var iştirak etmək istəmir, elə uşaq var ki, ondakı o işığı görürük”.
Teatra marağın gündən-günə artdığını deyən bədii rəhbər bildirdi ki, bu məşhurluqda uşaqlarla birgə hazırladıqları və sosial şəbəkədə paylaşdıqları qısa videoçarxların rolu var.
Əllərində olan imkanlarla uşaqlar üçün müxtəlif dərnəklər təşkil edə bilcəklərini deyir Binali İslamoğlu, ancaq önlərini maliyyə çətinlikləri kəsir:
“Biz istəyirik ki, həm Azərbaycan, həm də gürcü musiqisini uşaqlara aşılayaq. Rəssamlıq- peşəkar rəssamlar var, rəqs – Azərbaycan və gürcü milli rəqsini öyrədə bilərik. Ancaq hər bir iş maliyyə tələb edir və buna görə də maliyyəsiz çox iş də həll olunmur. Hazırda teatr kurslarımız fəaliyyət göstərir və ordan da uşaqlardan heç bir vəsait almırıq. Pulsuzdur”.
Maliyyə çətinlikləri ilə əlaqədar heç bir yerə müraciət etmədiklərini deyən B.İslamoğlu donor təşkilatlarla çalışa biləcəklərini söylədi:
“Bizim hədəfimiz odur ki, uşaqları teatr mədəniyyəti ilə formalaşdırıb cəmiyyətə verək. Bu zaman artıq onlar öz yollarını tapacaqlar. Onlar erkən evlilik düşüncəsində olmayacaqlar. Bu gün valideynlərlə iclaslarımız olur və onlara dediklərimizi aşılayırıq. Uşaqları oxutmaq, onlara gözəl təhsil vermək lazımdır. Təbii ki, bunların hamısı teatrdan başlayır, biz uşaqları türklər demiş, doğaclayaq və ondan sonra valideynlərə verək, onlar da gözəl təhsil versinlər”.
“Hava soyuq olanda məşqləri uşaqların evlərində keçirdik”
“Bura soyuq olduğuna görə uşaqların nəinki evlərinə gedirdik, elə olurdu, bəzən uşaqlara yemək də alırdıq ki, ac qalmasınlar. Yağışlı günlərdə evlərinə gedirdim ki, islanmasınlar. Çalışmışam ki, teatra qarşı zərrə qədər də narazılıq yaranmasın. Pis havalarda özüm onların evlərinə gedirəm ki, məşqlər dayanmasın”, – İslamoğlu deyir.
Soyuq havalarda günə səhər saat 8-dən odun toplamaqla başlayan teatrın bədii rəhbərinin arzusu uşaq teatrını daha yüksəklərə qaldırmaqdır. Bu yolda qarşısına çıxan çətinliyi dəf etməyə çalışsa da, köməyə ehtiyacı olduğunu deyir:
“Bu gün burda qaz sistemi yoxdur. SOCAR bizə azca limit ayırsaydı, qaz sobası yandırıb otağı qızdıra bilərdik. Artıq olardısa, onu ödəyərdik. Bu dəstək olsa, qışda da dərslərimizi keçə bilərdik. Soyuq havalara görə hazırda məşqləri dayandırmışıq. Soba da buranı isidə bilmir. Fevralın sonundan yenidən məşqlərə başlayacağıq”.
Arzuları təkcə teatrla məhdudlaşmayan aktyor deyir ki, rəssamlıq kursu, pianino kursu və hətta çonquri [gürcü milli zərb musiqi aləti] kursu açmaq niyyətləri də var.
Otağın bir küncünə toplaşıb müəllimlərini dinləyən qızlardan biri Zəhra deyir ki, teatrda olmaqdan məmnundur: “Tetrlara çıxmaq, qastrollara getmək xoşuma gəlir. Uşaqlarla bir yerdə olmaq xoşuma gəlir”.
9 yaşlı Nuri Qurbanov isə deyir ki, səhnədə çıxış etməkdən, qastron səfərlərinə getməkdən xoşu gəlir, gələcəkdə də hətta müəllimindən daha yaxşı aktyor olmaq istəyir.
“Mediaşəbəkə”nin dəstəyi ilə