Mehman Hüseynov ikinci cəhddən ölkədən çıxa bilib
Bloger və siyasi məhbus Mehman Hüseynova ölkəni tərk etməyə şərait yaradılıb. Daha əvvəl, aprelin 9-da onun Azərbaycandan çıxmasına imkan verilməmişdi.
Hüseynov beynəlxalq konfransda iştirak etmək məqsədilə Strasburqa getmək üçün Bakıdan Berlinə uçmaq istəyib. Amma sərhədçilər bildiriblər ki, Baş Prokurorluq onun ölkədən çıxışına qadağa qoyub. Ona bunun səbəbi izah olunmayıb – Turan agentliyi xəbər verib.
Mehman Hüseynov 2017-ci ilin martında polis idarəsində məruz qaldığı işgəncələr haqda bildirəndən sonra polisə qarşı böhtanda ittiham olunaraq iki il müddətinə azadlıqdan məhrum edilmişdi. Beynəlxalq təşkilatlar onu siyasi məhbus elan edib.
2018-ci il dekabrın sonunda cəza müddətinin sonuna bir neçə ay qalmış Mehmana qarşı ədliyyə leytenantını döydüyü ilə bağlı yeni ittiham irəli sürüldü. Etiraz əlaməti olaraq, bloger aclıq elan etdi, daha sonra bir sıra siyasi məhbus və müxalif fəallar bu aksiyaya qoşuldu. Məsələ böyük səs-küy doğurdu, hətta müxalifətin mitinq keçirməsinə səbəb oldu. Mehmana qarşı açılan yeni cinayət işinə xitam verildi.
Hüseynov ilk ittiham üzrə iki illik cəzasını tam başa vurandan sonra azad olunub və xarici pasport alıb. Həmin vaxtdan ona qarşı yeni ittiham irəli sürülməyib. Yəni onun ölkədən çıxışına qadağa qoymaq üçün heç bir hüquqi əsas yoxdur.
Uçuşdan əvvəl Mehman Facebook səhifəsində yazıb ki, problemin ictimailəşməsi həllinə kömək olub. O bildirib ki, nəzərdə tutulan görüşlərdə və konfranslarda azad mətbuat, insan haqları və siyasi məhbuslar kimi mövzuları müzakirə etmək niyyətindədir. O həmçinin Azərbaycanın dövlət telekanalı AzTV-ni “fəaliyyətinə görə peşman edəcəyinə” söz verib. Söhbət AzTV-nin mütəmadi olaraq “Avropa dağılır” səpkidə yayımladığı və cəmiyyətdə lağlağı mövzusuna çevrilmiş reportajlarından gedir.
Azərbaycanın stop siyahısı: bu nədir?
“Stop siyahısı” bu və ya digər səbəbdən Azərbaycandan çıxışına qadağa qoyulmuş adamların adlarından ibarət siyahıdır. Daima yenilənən siyahı ilə Daxili İşlər Nazirliyinin saytında tanış olmaq mümkündür. Amma həmin siyahıya düşdükləri barədə vətəndaşlar yalnız ölkədən çıxmağa cəhd edəndə xəbər tuturlar.
Hazırda ölkədən çıxış qadağası tətbiq olunanlar arasında Meydan TV ilə əməkdaşlıq etmiş bir sıra jurnalist də var. Onlar bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinə şikayət ünvanlayıblar. İddia təmin olunub, məhkəmə bu jurnalistlərin haqlarının pozulduğunu qət edib və hökumətin üzərinə onlara kompensasiya ödəmək öhdəliyi qoyub. Azərbaycan hökuməti bununla bağlı hələlik heç bir tədbir görməyib.