Talış tədqiqatçı İqbal Əbilova 18 il həbs cəzası verildi
Talış tədqiqatçıya 18 il həbs cəzası verildi
Mayın 20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsi etnik tədqiqatçı və “Talış Milli Akademiyasının xəbərləri” jurnalının baş redaktoru İqbal Əbilov barəsində hökm çıxarıb. Məhkəmənin qərarına əsasən, o, 18 il müddətinə azadlıqdan məhrum edilib.
Əvvəlki məhkəmə iclaslarında dövlət ittihamçısı Əbilovun 19 il həbs olunmasını tələb etmişdi. O, Azərbaycan Cinayət Məcəlləsinin üç maddəsi – 274 (dövlətə xəyanət), 281.3 (xarici təşkilatların göstərişi ilə dövlət əleyhinə çağırışlar) və 283.1 (milli, irqi və dini nifrətin salınması) üzrə təqsirli bilinib.
“İttihamlar sübutsuzdur”

Əbilov və vəkilləri irəli sürülmüş ittihamların heç birini qəbul etmir.
Müdafiə tərəfi bildirir ki, məhkəmə və istintaq prosesi boyunca təqdim olunan materiallarda ittihamları təsdiq edən hər hansı əsaslı və hüquqi dəlil ortaya qoyulmayıb.
Məhkəmə qapalı keçirilib. Hakimlər bu qərarı iş materiallarında dövlət sirri sayılan məlumatların yer alması ilə izah ediblər. Əbilov məhkəmə prosesinə Bakı İstintaq Təcridxanasından onlayn şəkildə qoşulub.
Siyasi motivli həbs
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları İqbal Əbilovun siyasi motivlərlə həbsi ilə bağlı narahatlıq bildiriblər. Tanınmış hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Dünyanın müxtəlif ölkələrindən olan bir sıra alimlər və təşkilatlar Azərbaycan hakimiyyətinə müraciət edərək Əbilovun azadlığa buraxılmasını tələb ediblər.
Əbilovun yaxınları da onun həbsinin səbəbi kimi Azərbaycanda yaşayan etnik azlıqlar, xüsusilə də talışlar haqqında apardığı araşdırmaları göstərirlər.
DTX nəzarətində başlayan proses
Əbilov 2024-cü il iyulun 22-də Masallı rayonunun Bala Kolatan kəndində ailə üzvlərini ziyarət edərkən Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
DTX-da 6 saatlıq dindirilmədən sonra sərbəst buraxılıb. Atası Şahin Əbilovun “JAMnews”a dediklərinə görə, ona “elm adamı olaraq elmlə məşğul olmaq tövsiyə olunub”.
Bu hadisədən sonra, yaşadığı Belarusa qayıdanda Bakıdakı hava limanında pasportu və mobil cihazları müsadirə olunub, ölkədən çıxışına qadağa qoyulub.
Bir neçə gün sonra Əbilov Masallıda yerləşən DTX bölməsinə çağırılıb. Elə ordan da oğurlanaraq həbs edilib. Barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib və bu müddət hökm elan olunana qədər bir neçə dəfə uzadılıb.
Akademik və yaradıcılıq fəaliyyəti
İqbal Əbilov Belarus Dövlət Universitetində beynəlxalq münasibətlər üzrə bakalavr (2012) və magistratura (2013) pillələrini bitirib. 2016-cı ildən həmin universitetdə aspiranturada təhsil alıb. Eyni zamanda həmin fakültədə dərs deyib.
O, müxtəlif ölkələrdə etnoqrafik ekspedisiyalarda iştirak edib, elmi məqalələr dərc etdirib. Əbilov həm də “Fraqmentlər” adlı qısametrajlı filmin müəllifidir. Bu film İtaliyanın Monza şəhərində keçirilən beynəlxalq kinofestivalda “ən yaxşı elmi-fantastik film” nominasiyası üzrə mükafat alıb. Ailəsi deyir ki, həbs olunmasaydı, film Varşava Film Festivalında da nümayiş etdiriləcəkdi.
Əbilov həmçinin Latviyada qeydiyyatdan keçmiş “Talış Milli Akademiyası”nın təsisçilərindən biridir. Onun rəhbərlik etdiyi sayt – “Talış Milli Akademiyasının xəbərləri”ndə talış folklor nümunələri, etnoqrafik araşdırmalar və tarixi sənədlər dərc olunur.
Mətbuatda ittiham ritorikası
İqbal Əbilovun həbsi dövründə və hökm elan edildikdən sonra hökümət yönlü KİV-lərdə onun barəsində yayımlanan yazılarda o, açıq şəkildə “dövlətə xəyanət edən şəxs”, “Ermənistan xüsusi xidmət orqanlarının göstərişlərini yerinə yetirən agent” kimi təqdim olunub. Müdafiə tərəfi bu yanaşmanın “təqsirsizlik prezumpsiyasının” pozulması olduğunu bildirir.
Talış tədqiqatçıya 18 il həbs cəzası verildi