Şərh. “İntim xidmətin” yüz sinonimi və ya Azərbaycanda necə iş tapmalı?
M
ənə elə gəlir ki, Azərbaycanda müstəqil şəkildə elanlarla iş axtarmaq çətindir, məsələn, ona görə ki, iş yerləri elanlarının əksəriyyətini işədüzəltmə firmaları yerləşdirir. Onlar mənə xeyli vakansiya təklif etmişdi: bu məni bir qədər çaşdırmışdı, axı mənim elə bir bacarığım və təcrübəm yoxdur. Amma sadəlövhlük və “dərhal qazanmaq” istəyi üstün gəldi.
• Mövqe. Yeni nəsil bütün dünyada üsyan edir
“Sən çox xoş qızsan!” və “rus dilini bilmək çox önəmlidir” kimi komplimentlərdən sonra 10 manat xidmət haqqı ödədim. Mənə dediklərinə görə, ödəniş ona görə lazımdır ki, çoxlu dələduzlar var, hansılar ki… Ardı artıq aydın deyildi. Mənimlə danışan qızın çox gözəl qızıl dişləri vardı. Düşündüm ki, yəqin mənim 10 manatım da qızıl ekvivalentinə çevrilərək onun ağzında yer alacaq.
Sonra məni hostes vakansiyası olan restorana göndərdilər. Məlum oldu ki, nahar fasiləsini çıxmaqla 12 saat restoranın qarşısında küçədə dayanmaq lazım olacaq. Əməkhaqqı da agentlikdə deyiləndən daha az idi.
“Əşşi, cəhənnəm olsunlar”, – deyə düşündüm. – “Özüm taparam! Mən stresə davamlıyam! Bir neçə rədd cavabı almaq qorxulu deyil, heç nə itirməyəcəyəm ki!”
Necə də yanılmışam. Hər tərəfdən əsas vəzifələrdən başqa intim xidmətlər göstərilməsi təklifləri yağırdı. Onlar təfərrüat dərəcəsinə görə bir-birindən fərqliydi. Sadəcə kannibalizm təklif olunmurdu, amma indi mənə elə gəlir ki, bu da zaman məsələsi idi.
Yaxın münasibət arzusunda olan işverənlər iki növə ayrılırdı:
1. Birincilər yazırdılar ki, ilk baxışdan mənə vurulublar və niyyətləri də çox ciddidir. Sevincli razılıq cavabı almayanda isə fasiləsiz zəng vurmağa başlayırdılar. Gecə saat bir, səhər saat dörd, yeddi, istənilən vaxt! Bir müddət sonra zəngi Azərbaycan himni ilə əvəz etdim, düşündüm ki, bu, bir az əhvalımı açar, amma daha betər oldu.
2. İkincilər elektron ünvana çox işgüzar ruhda yazırdılar. Yüksək maaş və “direktorun katibəsi/köməkçisi” mövqeyini vəd edərək, izah edirdilər ki, mən bəzi xidmətlər göstərməli olacam. “Şəxsi xarakterli xidmətlər”, “xoş xarakterli xidmətlər”, “gizli xarakterli xidmətlər” və bir çox başqa sinonimlər. Bəzən mənə elə gəlirdi ki, seks sözünü açıq yazmağa çəkinən yeniyetmə qızın həvəskar romanını oxuyuram.
Mütləq şərtlərdən olan mini ətək də əlbəttə ki, öz yerində. Mənə hətta nümunə kimi ətəklərin fotosunu da göndərirdilər. Bunlar mini ətəkdən daha çox maksi tumana bənzəyirdi.
Hərçənd bir nəfər vardı, mənə dərhal həm intim, həm də sevgi təklif etmişdi – axı hamımız cavan insanlarıq. Sitat: “Bir ömür atanın qızı olaraq qalmaq olmaz ki, mənim “qızım” da olmaq lazımdır!”
Bütün bunlarla paralel olaraq mən elanlar üzrə zəng vurmağa davam edir və “xanım qız, bağışlayın, bizə xoş görünüşlü işçi lazımdır, bu yox” kimi mədəni cavabları dinləyirdim. Hətta klinikada “resepşn” mövqeyinə də: yəqin həkimlər xəstələri o dünyalıq eləməmişdən əvvəl onların gözlərini oxşamaq istəyirlər.
Görünür ki, mən stresə davamlılıq xüsusiyyətimi özüm üçün böyütmüşəm. Elanları hər yandan siləndən sonra belə bir nəticəyə gəldim: tanışın və qohumların olmadan bizim ölkəmizdə işə düzəlmək çox çətindir.