Dünya İrsi siyahısına bütün dünya üzrə UNESCO-nun fikrincə, xüsusi mədəni, tarixi və ya ekoloji əhəmiyyət kəsb edən, buna görə də mühafizəyə və populyarlaşdırılmağa ehtiyacı olan təbiət və insan tərəfindən yaradılmış obyektlər daxildir.
Qədim Şəki şəhəri Böyük Qafqazın cənub ətəklərində yerləşir. Əsas görməli yeri XVIII əsrdə inşa edilmiş Xan Sarayıdır. Bura Şəki xanlarının keçmiş iqamətgahıdır. İkimərtəbəli binada altı otaq, dörd dəhliz və iki aynabəndli eyvan var. Sarayın demək olar ki, bütün divarları naxışlarla bəzənib, fasad isə bütünlüklə şəbəkə pəncərələrdən ibarətdir.
Yerli və xarici ekspertlər altı il sarayın və ümumilikdə Şəkinin tarixi mərkəzinin dəyərləndirməsini aparıblar. Tarixi abidənin UNESCO-nun siyahısına daxil edilməsi ilə bağlı qəti qərar 2019-cu il iyulun 7-də Bakıda keçirilən Ümumdünya İrs Komitəsinin sessiyasında qəbul olunub – AzərTac xəbər verir.
Bu, Azərbaycanın tarixi abidələrinin Dünya İrsi siyahısına daxil edilməsi ilə bağlı üçüncü hadisədir. Bu siyahıya artıq Qız Qalası ilə birlikdə Bakının bir hissəsi (İçərişəhər) və qayaüstü rəsmlərlə birlikdə Qobustan arxeoloji qoruğu daxildir.