Şəhər sakininin fəryadı
Gürcüstanda möcüzə baş verir: bir tərəfdən avto-nəqliyyat pozuntuları gündən-günə azğınlaşır, digər bir tərəfdən də bütün Tbilisi patrul polisinin həddən artıq qəddar olmasından danışır.
Tbilisidə avtomobillə hərəkət etmək getdikcə daha böyük əzaba çevrilir. Hələ ötən il yarım saat ərzində qət edə bildiyin məsafə bu il həyatının azı bir saatını alacaq. Tıxacların əsas səbəbini müəyyən etmək elə də asan deyil, amma bunun azı üç obyektiv amili var.
Birincisi, dar küçələri üstünlük təşkil edən kompakt Tbilisi çox sayda maşınların hərəkəti üçün nəzərdə tutulmayıb. İkincisi, sərnişin avtomobillərinin mərkəzi rayonları zəbt etdiyi pik saatlarında onlarla eyni vaxtda – yəni yarım saat əvvəl və ya sonra yox! – çoxlu sayda distribütor maşınları və zibil daşıyan maşınlar da yola çıxır. Və üçüncüsü, Gürcüstanda yol hərəkəti qaydalarına riayət etməyi heç sevmirlər.
Ola bilsin, bu cümlənin arxasında nələrin dayandığını siz tam anlamayasız, buna görə də izah edirik: Tbilisi sakinini təəccübləndirə biləcək pozuntu artıq qarşı zolağa çıxmaq deyil, məsələn, qarşı zolağa daldalı çıxmaqdır. Bunu alleqoriya kimi qəbul etməyin, müəllif bu materialı yazmağa başlayandan bir az əvvəl belə bir pozuntunun şahidi olub.
Şəhərlilərin qanını qaraldan ikinci məsələ parkinqdir. Qanunla nəzərdə tutulan parkinq ərazilərində yerlər kifayət qədər deyil və təbii ki, sürücülər də bu sarıdan əziyyət çəkir. Amma onların problemləri artıq yavaş-yavaş yaşamağa yeri qalmayan piyadaların zülmünün yanında heç nədir.
Səkidə maşın gürcü şəhərləri üçün adi haldır. O dərəcədə adi hal ki, səkinin eni 3 metrdən az olmayanda bu, hiddət doğurmur (həm də qanunla qadağan olunmur). Piyadalara səkidə hərəkət etmək üçün yer qalmır və onlar avtomobil yolu ilə getməli olurlar. Uşaq arabaları ilə hərəkət etmək xüsusilə çətindir.
Və birdən bu get-gedə daha da ağırlaşan vəziyyətin fonunda həddən artıq böyük cərimələr və patrulun bütün səylərinin bircə məqsədə – büdcənin doldurulmasına xidmət etməsi haqqında replikalar səslənir.
“Mən maşını beşcə dəqiqəlik saxladım, onlarsa mənə 200 larilik cərimə yazdılar! – taksi sürücüsü patrul polisinin qaniçənliyi barədə eyni vaxtda bir neçə süjet verən “Rustavi-2 teleşirkətinin efirində gileylənir.
Hətta təxəyyüldən tamamilə məhrum olan teletamaşaçı asanlıqla əslində hadisələrin necə cərəyan etdiyini anlayacaq (çünki onlarla, bəlkə də yüzlərlə oxşar epizodu hər gün müşahidə etmək olar): taksi sürücüsü maşını həyasızcasına ikitərəfli dar yolda saxlayaraq, “beş dəqiqəlik harasa itir. Anındaca yaranan ‘tıxacın’ lənətləri ilə qızışdırılan patrul polisi də cərimə yazır.
Qəribədir ki, yollardakı bu vəziyyətdən cana doyan şəhərdə bu addım kiməsə hüquqa zidd görünür, amma sosial şəbəkələrdə “özbaşınalığa qarşı müqavimət göstərməyə həsr olunan qrup və səhifələr artır və böyüyür.
Başqa bir tərəfdən də yorulmadan gürcü sürücülərinin yol verdiyi pozuntuların şəklini və videosunu çəkən piyadaların da narazılığı artır. Bəzən bu pozuntular o qədər məharətli olur ki, hətta hiddətləndirmək əvəzinə az qala heyran edir.
Dərc edilib: 15.03.2016