"Səhlənkarlıq, yoxsa təxribat?" Yerevanda "Surmalu" ticarət mərkəzində partlayış
Yerevanda “Surmalu” ticarət mərkəzində partlayış
Yerevanda “Surmalu” ticarət mərkəzində baş verən yanğın hələ də söndürülməyib. Mərkəz avqustun 14-də güclü partlayışdan sonra alovlanıb. Nəticədə 7 nəfər ölüb, 60-dan çox insan müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanalara çatdırılıb. İyirmiyə yaxın insan hələ də itkin düşmüş hesab olunur.
Yanğının pirotexnika anbarında baş verdiyi ehtimal edilir. “Surmalu” mərkəzində yanğın qaydalarının pozulması halları il yarım əvvəl qeydə alınsa da, aradan qaldırılmayıb. Məsul dövlət xidmətləri protokol tərtib etməklə və cərimələməklə kifayətləniblər.
Cəmiyyətdə baş verənlərin səhlənkarlıqdan, yoxsa qəsdən törədilmiş cinayət nəticəsində baş verdiyi haqda mübahisə edirlər. Bəzi sosial şəbəkə istifadəçiləri hadisəni “təxribat”, “terror aktı” kimi qiymətləndirib. “Əhali arasında lüzumsuz panikanın qarşısını almaq” üçün ölkənin Milli Təhlükəsizlik Xidməti vətəndaşları və KİV-ləri “Ermənistan ərazisində terror fəaliyyəti təhlükəsi ilə bağlı dəqiqləşdirilməmiş məlumat və şərhləri dərc etməkdən çəkinməyə” çağırıb. Fövqəladə Hallar Nazirliyində terror aktı versiyası istisna edilir.
Ticarət mərkəzində baş verən insidentlə bağlı bütün təfərrüatlar, eləcə də Ermənistan sakinlərinin sosial şəbəkələrdəki şərhləri.
- Erməni maraqları nəzərə alınmayan regional proseslər? Rəy
- Ermənistanda jurnalistlərə qarşı fiziki zorakılıq halları artıb
- Vardavar – “yaş” erməni bayramı
Avqustun 15-də səhər saatlarında Ermənistanın baş naziri Nikol Paşinyan hadisə yerinə gəlib. Onu Yerevan meri, fövqəladə hallar naziri, Fövqəladə Hallar Nazirliyinin Xilasetmə Xidmətinin direktoru müşayiət edib və izahatlar veriblər.
Gürcüstan və Rusiya Xarici İşlər nazirlikləri, ABŞ və Çin səfirlikləri, eləcə də Türkiyənin Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç Ermənistan hakimiyyətinə başsağlığı verib. Rusiya prezidenti Vladimir Putin də Ermənistanın baş nazirinə başsağlığı teleqramı göndərib.
Fotolar “Fotolur” agentliyinindir
Yanğını söndürmək mümkün deyil, bunanın uçma riski var
“Surmalu” ticarət mərkəzinin anbarlarının yerləşdiyi üçmərtəbəli binada baş verən yanğını hələ də tam söndürmək mümkün olmayıb. Söhbət 8-9 min kvadratmetrlik ərazidən gedir. Fövqəladə Hallar Nazirliyi ikinci gündür ki, gücləndirilmiş iş rejimində işləyir. Axtarış-xilasetmə işlərində 200 peşəkar mütəxəssis iştirak edir. Onlara 150 könüllü qoşulub.
Bina qismən uçsa da, çökmə riski qalmaqdadır. Bu barədə jurnalistlərə fövqəladə hallar naziri Armen Pambuxçyan məlumat verib.
“Səbəblər barədə danışmaq hələ tezdir, düzgün araşdırma aparmaq lazımdır”, – deyə o bildirib.
İstintaq Komitəsi artıq iki maddə ilə cinayət işi açıb:
- ehtiyatsızlıqdan insan ölümünə səbəb olan yanar maddələrin saxlanması qaydalarının pozulması;
- ehtiyatsızlıqdan insan ölümünə səbəb olan yanğın təhlükəsizliyi qaydalarının pozulması.
Baş prokurorun müşaviri Qor Abramyan bildirib ki, bütün mümkün versiyalar yoxlanılacaq.
Fövqəladə Hallar Nazirliyindən bildirirlər ki, artıq partlayış təhlükəsi yoxdur, qalan materialların alışma ehtimalı var.
“Yanğının baş verdiyi yerə yaxınlaşmaq mümkün deyil, çoxlu yanar materiallar olduğundan yanğın hələ də söndürülməyib. Buna görə də yanğın lokallaşdırılana qədər [yanğınsöndürənlər] altı ərazidə işləyirlər”, – Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi polkovnik-leytenant Hari Armaqanyan bildirib.
Xəsarət alanlar arasında hamilə qadın və uşaq da var
Partlayış qurbanları, ümumilikdə 61 nəfər tibbi klinikalara aparılıb. Səhiyyə Nazirliyindən “Azadinform”a verilən məlumata görə, onlardan 13-nün stasionar müalicəsi davam edir, həkimlər onların səhhətini orta ağır qiymətləndirilir. Onların arasında bir azyaşlı və bir hamilə qadın var, onların həyatına heç bir təhlükə yoxdur.
Dünən qurum partlayışdan sonra xəstəxanalara gətirilən on nəfərə yaxın azyaşlı haqqında məlumat yayıb. Onlara ilkin tibbi yardım göstərilib və evə buraxılıblar.
Ticarət mərkəzində təkrar yoxlama aparılmayıb
Şəhərsalma, Yanğın və Texniki Təhlükəsizlik Müfəttişliyi “Surmalu” ticarət mərkəzində il yarım əvvəl yoxlamalar aparıb. İyirmiyə yaxın yanğın təhlükəsizliyi qaydalarının pozulması faktı qeydə alınıb. Onların aradan qaldırılması ilə bağlı qərar qəbul edilib, ticarət mərkəzi cəriməni ödəyib. Lakin bundan sonra müfəttişlik “tıxac yarandığına görə” təkrar yoxlama aparmayıb.
Ötən ilin aprelində “Surmalu” ticarət mərkəzinin mərkəzi binasında da eyni mürəkkəblikdə yanğın baş verib, təxminən iki min kvadratmetr sahə alovlanıb. Daha sonra oyuncaq və məişət əşyaları olan piştaxtalar yanıb.
Yanğınsöndürmə ilə paralel yalan həyəcan siqnalları
Avqustun 14-də, ticarət mərkəzində xilasetmə işlərinə təzəcə başlanılan bir vaxtda Fövqəladə Hallar Nazirliyinə Yerevanın müxtəlif yerlərində partlayıcı qurğuların quraşdırılması ilə bağlı yalan zənglər daxil olub. Bu sırada metro stansiyaları, mühüm hərbi və mülki obyektlər, ticarət mərkəzləri, zoopark, parlament binası, Qriqor Lusavoriç kilsəsi sadalanıb.
Yerevan metrosu bir neçə saat işləməyib, sərnişinlər təxliyyə olunub.
Amma bir neçə saatdan sonra Fövqəladə Hallar Nazirliyindən metronun yenidən işləməsi, nə burada, nə də göstərilən digər ünvanlarda partlayıcı qurğunun tapılmaması barədə məlumat yayılıb.
Sosial şəbəkələrdəki şərhlər
“Surmalu” ticarət mərkəzində baş verənləri rəsmi olaraq partlayış kimi təqdim edirlər. Amma elədirmi? Bəlkə bu, təxribatdır? Partlayışın səbəbləri ilə bağlı fundamental şübhə qalacaq, çünki mən Ermənistanın hüquq-mühafizə orqanlarına inanmıram”.
“Bütün dövlət və digər ərazilərdə – metroda, ticarət mərkəzlərində, mollarda və s. – yoxlama rentgen aparatları quraşdırmaq, itlərlə mühafizəçilər qoymaq lazımdır. İnsanlar özlərini təhlükəsiz hiss edəcəklər. Bu, şübhəsiz ki, o qədər də baha başa gəlməyəcək. Hətta ən kasıb ölkə belə lüksü ödəyə bilər”.
“Əgər bunun təxribat olduğu ortaya çıxarsa, o zaman dövlətimiz üçün daha çətin dövrlərə qədəm qoyuruq, eyni bədbəxtliyin istənilən izdihamlı yerdə, hər bir qurumda hər an təkrarlana biləcəyi zaman başayır. Əgər bu fəlakətin yanğın nəticəsində baş verdiyi təsdiqlənərsə, bu, bizə təsəlli verməməlidir, çünki bu halda da mülki müdafiənin funksiyalarından irəli gələn təhlükəsizlik qaydalarına əməl olunmayıb”.
“Hesab edirəm, təkid edirəm, tələb edirəm ki, atəşfəşanlığa yalnız və yalnız bayram günlərində icazə verilməlidir və yalnız dövlətin nəzarəti altında olmalıdır. Belə hallar üçün pirotexniki vasitələrin idxalı istisna olmaqla, bütün digər hallar qanunsuz olaraq silah və döyüş sursatı gətirilməsi ilə bərabər tutulmalı və müvafiq cəza tətbiq edilməlidir”.
Yerevanda “Surmalu” ticarət mərkəzində partlayış