Sxinval darvazaları
Sxinvalda evlərin təxminən doxsan faizi özəldir. Demək olar ki, hamısının darvazası dəmirdəndir, şəhərdə taxta qapılar artıq qalmayıb.
Sxinvalın yaşlı sakini Roin Papelişvili deyir ki, əvvəllər kiminsə dəmir darvazasının olduğunu xatırlamır.
“Dəmirçi işi çox bahalıdır. Əvvəllər dəmir darvazaları mexanika zavodunda sifariş edirdilər, onların bəzək işlərini isə Sxinvaldakı ustalara elətdirmək olardı, amma əksər vaxtlarda bunun üçün Qoriyə gedirdilər. Orada hasarların istehsalı sexi işləyirdi, alüminumdan müxtəlif formalar tökürdülər, üzüm salxımı forması xüsusilə polulyardı. Çoxları sifarişlərini təkcə qiymətin iki dəfə ucuz olmasına görə deyil, həm də ustaların çox operativ işlədiyinə görə sifariş edirdilər – onlar düz adamın gözü qabağında işləyirdilər.
Yerli sakinlərin dediyinə görə, burada öz evlərini bəzəməyin yeni tendensiyası Rusiyanın Cənubi Osetiyanın müstəqilliyini tanınmasından sonra yaranıb, çünki nəticədə insanların həyatında nisbi sabitlik yaranıb. Şəhərin özü də son bir neçə il ərzində dəyişməyə başlayıb– küçələr abadlaşdırılır, yaşayış evləri bərpa olunur və yeniləri tikilir.
Sahibkar Beso Doquzov Cənubi Osetiyada ən yaşlı “VIKOS” tikinti şirkətinə başçılıq edir.
– Bu gün hamı gözəl darvaza istəyir, çünki evin girişi insanın əhvalına təsir edir və sahibinin maddi durumundan xəbər verir. Kim daha imkanlı görünmək istəməz ki! Bundan başqa da darvaza bir günlük deyil, illərlə xidmət etmək üçün qoyulur. Amma mən tam qapalı yox, o üz-bu üzü görünən darvazanı xoşlayıram ki, işıq keçirsin.
Görünür, Sxinvalda müharibə hələ insanların yaddaşından tam silinməyib, buna görə də burada daha çox tam bağlı darvazalara rast gəlinir. İnsanlar “mənim evim mənim qalamdır” fikri ilə yaşayırlar.
Sxinval sakinləri 2010-cu ildən, şəhərə xüsusi dəzgahlar gətiriləndən sonra köhnə darvazaları fəal şəkildə dəyişməyə başladılar. İndi döymə düzəltmək üçün dəmirçi zindanı və çəkicə ehtiyac yoxdur, dəzgaha xüsusi taxmalar keçirmək kifayətdir ki, darvaza üçün istənilən formada elementlər düzəldə biləsən.
Bu gün Sxinvalda belə məhsulun istehsalı ilə məşğul olan beş sex işləyir.
“Pioner parkının hasarını biz düzəltmişik, bu hasarı dəzgahda işləmişik. Təxminən 400 kvadrat metrlik hasardır, bu işi əllə işləməyə iki il lazımıydı, – Beso Doquzov danışır.
Dəmir darvazanın istehsalının qiyməti neçə dənə dekorativ elementin, hansı qıfılın və boyanın istifadəsindən asılıdır.
Dəmir lövhələrin qiyməti Vladiqafqazda daha ucuzdur, amma onları Sxinvala gətirəndə, çox sayda əlavə xərclər, o cümlədən də gömrük rüsumu ortaya çıxır. Bununla belə, Sxinvalda hamar, standart, yaxşı boyanmış dəmir qapının qiyməti 4 mindən 8 min rubla qədərdir, Vladiqafqazda bu cür qapı 1,5-2 min rubl artığına başa gəlir.
Buna səbəb odur ki, yerli ustalar biznesdə yerlərini saxlamağa çalışır və buna görə də özlərinin aşırımın o tayındakı həmkarlarından daha az pul götürürlər. Gəlir hər halda var, işləmək də lazımdır, onlar deyirlər.
Mixail Xassiyevin evinin dəmir darvazası artıq Sxinvalın ən görməli yerlərindən birinə çevrilib – darvazanın üstündə Salvador Dalinin portreti işlənib.
“Portreti 2012-ci ildə çəkmişəm. Anam evdə yoxuydu, o vaxtlar Sinaquri kəndinin məktəbində işləyirdi, işdə olduğu vaxt mən də Dalini çəkdim. Anam köhnə fikirli deyil, buna görə də portreti adekvat qarşıladı, hətta xoşuna da gəldi! İndi də mənə şəhərdə osetin motivlərində nəsə çəkməyi təklif edirlər, – Mixail Xassiyev danışır.
Roin Papelişvili isə öz dəmir darvazasını dəyişməyib, qapının üstündəki bəzəklər Qoridə hazırlanıb
Məqalədəki fikirlər müəllifin nöqteyi-nəzərini əks etdirir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər