Sxinvalda elektron ödəmə terminalları işə düşəcək
Sxinvalda tezliklə yeni ödəmə sistemi – elektron terminallar işə düşəcək. Terminallar sayəsində Sxinval sakinləri mobil telefonlarına pul yükləyə, dövlət rüsumlarını və kommunal xərcləri ödəyə biləcəklər.
“Sistem” şirkətinin baş direktoru Andrey Kabisovun sözlərinə görə, Sxinvalda elektron terminalların tətbiq edilməsi ilə bağlı artıq beş ilə yaxındır ki iş aparılırdı və təşəbbüs respublika büdcəsindən maliyyələşdirilib.
“Rusiyada bir neçə ödəniş şirkəti var. Biz ilkin olaraq Qiwi şirkətilə müqavilə bağlamaq istədik. Amma bu şirkət ödənişlərimizin həyata keçirilməsi üçün çox böyük faiz istədi. Bundan sonra biz burda Rusiyanın digər ödəmə şirkəti “Sisplat” vasitəsilə məlumatları emal edən öz serverimizi yaratdıq”, – Kabisov deyib.
Onun sözlərinə görə, “Meqafon Cənubi Osetiya” şirkəti ilə birlikdə 35 terminal quraşdırmaq planlaşdırılıb ki, onların 15-i artıq istifadəyə hazırdır.
Artıq gələn həftə “Sistem” şirkəti Sxinvalın ən hərəkətli küçələrinə dörd terminal qoymaq niyyətindədir. Qalan 11 terminal quraşdırılmaq üçün fərdi iş adamlarına təklif olunacaq.
Terminal vasitəsilə ödənişlərin komisyon xərci bank faizi, Rusiya ödəmə sisteminin xidməti və operator şirkətin xərcləri də daxil olmaqla 7 faiz təşkil edəcək. Amma Kabisovun sözlərinə görə, əgər hansısa qurumlar, məsələn, MKT-lər komisyon xərcləri öz üzərlərinə götürmək istəsələr, o zaman kommunal xərclərin terminallar vasitəsilə ödənməsi şəhər əhalisinə havayı başa gələcək.
Məqalədə ifadə olunan fikirlər müəllifin terminologiyası və baxışlarını əks etdirir, redaksiyanın mövqeyilə üst-üstə düşməyə də bilər.