Suxum gələcəkdə necə ola bilər
Üç berlinli memar-urbanist abxaz fəallar və sadə vətəndaşlarla bilikdə gələcəyin Suxum şəhərini fikirləşiblər.
Bu, “SKLAD Suxum mədəniyyət meydançası ilə “Raumlabor müstəqil alman təşkilatının birgə layihəsidi. Layihə iki mərhələdən ibarətdi – tədqiqat və təcrübə.
Başlanğıc: şəhərlə tanışlıq
Əvvəlcə layihənin müəllifləri olan alman memarı Marius Buş və gənc abxaz memarlar şəhəri gəzib, onu tədqiq eləyib.
“Şəhərin ab-havasını duyursan, sakinlərlə tanış olursan. Bundan sonra şəhərə nəyin yaraşdığını və bunun necə görünməli olduğunu fikirləşmək olar. Üstəlik, şəhəri öyrənəndə ona öz şəxsi münasibətin yaranır, – “SKLADın kuratoru Tatyana Yerqunova deyir.
“SKLAD art meydançası ilə işləməyi “Raumlaborun memarlarına İsveçrənin “Artsoffondeyşn fondu təklif edib.
Marius Buş əvvəlcə şəhərlə tanış olmaq üçün gəlib və qeyri-ixtiyari Abxaziyanın paytaxtını doğma Berlinlə müqayisə etməyə başlayıb. Onun sözlərinə görə, şəhərlər tam fərqlidir.
“Suxuma gələn kimi içimə sakitlik çökdü. Burada insanlar çox rahat və gülərüzdür – həm bir-birlərinə, həm də mənə qarşı. Bundan başqa, Suxum memarlıq nöqteyi-nəzərindən də çox maraqlıdır. Burada memarlıq tarixinin müxtəlif qatlarını aydın şəkildə görmək mümkündür. XX əsrin əvvəllərinə aid çox sayda bina var, sonra sovet memarlığı qatı gəlir, müharibədən sonra da burada çoxlu dağıdılmış bina qaldı, bunda da böyük potensial var, – Marius Buş deyir.
İkinci addım – sahil küçəsində planlaşdırma
Beynəlxalq kreativ qrup öz işinə sahilyanı Mühacirlər küçəsində açıq məşğələdən başladı. Abxaz və alman memarları böyük stenddə gələcək Suxumun xəritəsini çəkdilər. Hər kəs şəhərin abadlaşdırılması ilə bağlı ideyalarını irəli sürdü.
Suxumla bağlı məsləhət vermək üçün insanlar növbəyə düzülürdü. Təkliflər çoxuydu – qeyri-adidən vacibə qədər: Dmitri Qulianın dil mərkəzi, beynəlxalq kitabxana, qatarda ticarət mərkəzi, atlı milis və “Amra restoranının yerində bağ. Suxumluların fantaziyası zənginmiş.
Memar Benyamin Baldenius xəyali Suxumun xəritəsini göstərir: “Bax, bu çox maraqlı obyektdir. Biz sahildə xəritə çəkəndə bizə milis işçisi yaxınlaşaraq, öz istəyini bildirdi. O, Hyde-parkdakı kimi atlı milis olmaq istəyirdi. Biz də düşündük ki, niyə də yox, at maşından daha yaxşıdır, ətraf mühiti çirkləndirmir. Beləliklə də biz atlı polis şöbəsini yaratdıq.
Gələcək Suxumun xəritəsində kollektiv yaradıcılıq nəticəsində həm də qatarın içində ticarət mərkəzi peyda oldu.
“Çünki ticarət mərkəzində satmaq istədiyiniz malları ora gətirmək lazımdır. Nəqliyyatın özünü, misal üçün, qatarı ticarət meydanı kimi istifadə edirsizsə – onda ticarət mərkəzinin yerini dəyişmək, əvvəlcə mərkəzi stansiyada, sonra da misal üçün, Sinordakı stansiyada alver etmək olar. Adamlara da harasa getməyə ehtiyac qalmayacaq – ticarət mərkəzi sizin yanınıza gələnə qədər gözləmək olar. Bu, vaxt və enerji qənaətinə kömək edəcək, atmosferə zərərli tullantıların miqdarını azaldacaq, bundan başqa şəhərin mərkəzində böyük eybəcər bina tikməyə ehtiyac olmayacaq, – Benyamin Baldenius deyir.
“Quma stansiyasından uçuş
İstifadəsiz qalan “Quma dəmir yolu stansiyası hələ bir neçə il əvvəl ekspozisiya zalı oldu. Məhz bu obyektin timsalında abxaz-alman kollektivi minimal xərclərlə və ən qısa müddət ərzində unikal ictimai yerin necə yaradıldığını nümayiş etdirmək qərarına gəldi.
Layihənin mütləq hissəsi yaradıcılıq idi – nəticədə də “Qum stansiyası raketodrom və “Vizionavtlar İnstitutuna çevrildi.
Təşkilatçıların sözlərinə görə, obyektin adını bütün kollektiv müzakirə edirdi, amma “Vizionavtlar İnstitutu adı Bendjamin Baldeniusun ağlına gəldi, o bu adı 1999-cu ildə Rusiyada öz layihələrindən birini yaradarkən uşaq kitablarından birində oxumuşdu.
“Bizim üçün “vizionavt arzulamaqdan və arzularını həyata keçirməkdən qorxmayan insandır, – Tatyana Yerqunova deyir.
Hər halda layihənin məqsədlərindən biri paytaxtı ruhlandırmaq idi. Və deyəsən, gənc urbanistlər öz məqsədlərinə nail oldular.
Art tikinti haqqında eşidən şəhər sakinləri öz köməklərini təklif edirdilər. Beləliklə də yaranan böyük məsləkdaş komandası bir neçə gün ərzində kiçik memarlıq forması olan “SKLAD 2020 raketini qurdular.
Tələbələr, rəssamlar, mühəndislər – hamısı müvəqqəti də olsa xəyalla yaşadı
“Qumda yaratdığımız hər şey iki gündən artıq qalmayacaq. Bu, müvəqqəti haldır və şəhər məkanının necə dəyişə biləcəyinin nümunəsidir. Bununla da biz obyektimizi qısa müddətdə, az güc sərf etməklə və məhdud sayda tikinti materiallarından istifadə etməklə şəhər və şəhərlilər üçün işləyən yeni obyektin yaradılmasının mümkünlüyünün nümunəsi kimi təqdim etmək istəyirik, – Yerqunova deyir.
“Vizionavtlar İnstitutunun təqdimat mərasiminə stolüstü tennis, səyyar mətbəxdən yemək-içmək və kino nümayişi daxil idi.
Gələcəyin Suxumu üzrə iş davam edir.
- “Raumlabor doqquz müstəqil memarı birləşdirən alman təşkilatıdır, onlar coğrafiya mütəxəssisləri, rəssamlar, sosioloqlar və hətta musiqiçilərlə əməkdaşlıqda qeyri-adi memarlıq layihələri yaradırlar. Əksər vaxtlarda onlar ictimai yerlərin yaradılması və ya şəklinin dəyişməsi üzərində işləyirlər.
Məqalədə bildirilən fikirlər müəllifin nöqteyi-nəzərini əks etdirir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dərc edilib: 21.10.2016