Paylaşılan Sülh Sazişinin mətni birmənalı qarşılanmayıb - Bakıdan fikirlər
Sülh Sazişinin mətni birmənalı qarşılanmayıb
Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Sazişin mətni ictimaiyyətə təqdim olunan mətn ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.
17 maddədən ibarət sənəd iki ölkə arasında diplomatik, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlıq imkanlarını nəzərdə tutur. Eyni zamanda tərəflərin bir-birinə qarşı düşmənçilik addımlarından çəkinməsini öhdəlik kimi müəyyənləşdirir.
Saziş imzalandıqdan sonra tərəflər bütün hüquqi iddiaları, şikayətləri və mübahisələri geri çəkməli, gələcəkdə bu istiqamətdə hər hansı addım atmamalıdır.
“Azərbaycan nəhəng, miqyaslı bir güzəşt edib”

Siyasətçi, Relpublikaçı Alternativ Partiyasının keçmiş sədri İlqar Məmmədov hesab edir ki, layihə özünün ortaya çıxma səbəbini və hədəfini aydın şəkildə izah etmir.
Onun fikrincə, Ermənistan ərazi iddiasından formal olaraq imtina etsə də, gələcəkdə bu iddianı başqa dövlətlərin dəstəkləməyəcəyinə zəmanət yoxdur.
Məmmədov vurğulayır ki, sazişdə məhz Ermənistanın ərazi iddialarının müharibə və deportasiyalara gətirib çıxardığı açıq şəkildə göstərilməli idi, əks halda Azərbaycan böyük güzəşt etmiş olur.
“İrəvan öz yaxasını sırf formal olaraq kənara çəkdi. Əvvəl erməni iddialarına Qərbi Zəngəzur iddiamızla pis-yaxşı cavab verə bilirdik. Sazişdən sonra başqa himayədar tapıb hərəkətlənsələr hansı ədalət arqumentilə cavab verəcəyik? “Hüquq” demirəm, onsuz da yox kimidir, “ədalət”.
Layihədə məhz Ermənistanın ərazi iddialarının müharibəyə və deportasiyalara yol açdığı necəsə göstərilməli idi. Yoxsa indi Ermənistan heç nə olmamış kimi gələcəyə dair bizimlə anlaşır. Buna razılıq verməklə Azərbaycan nəhəng, miqyaslı bir güzəşt edib. Bu güzəşti dəyərləndirən olacaqmı? Təki olsun”.
Onun sözlərinə görə, sənəd həddən artıq ümumidir və gələcəkdə atılacaq addımların dürüstlüyünə həddən artıq ümid bağlayır.
“Mətnə baxanda sülhün dayanıqlığına çox da inanmağım gəlməsə də, hər halda imzalansın, hamılıqla çalışaq daha müharibə olmasın. Tək saziş bunu təmin edə bilməz”.
“Biz də nəyisə güzəştə getməliydik”

Politoloq Elxan Şahinoğlu isə sənədi daha praqmatik qiymətləndirir.
Onun sözlərinə görə, Vaşinqton razılaşmasında Azərbaycanın bir sıra tələblərinin əks olunması mühüm nailiyyətdir – bunlara Minsk Qrupunun ləğvi, Zəngəzur dəhlizinin açılması və 907-ci düzəlişin dondurulması daxildir.
Şahinoğlu qeyd edir ki, Ermənistanın 30 illik təcavüzünə görə təzminat tələbindən imtina edilməsi birmənalı qarşılanmasa da, qarşılıqlı güzəştlər qaçılmaz idi.
“Aydındır ki, əldə etdiklərimizin qarşılığında biz də nəyisə güzəştə getməliydik. Ermənistan sülh sazişində göstərilən bəndləri yerinə yetirməkdə tərəddüd edərsə, biz yenidən təzminat tələbimizə qayıda biləcəyik. Hər halda bu mövzu ətrafında sağlam polemikaya ehtiyac var”.
“15-20 gün sonra regionda əhval-ruhiyyənin necə olacağını demək çətindir”

Siyasi şərhçi Rauf Mirqədirov isə “Meydan TV”-yə bildirir ki, sülh müqaviləsinin hüquqi qüvvəyə minməsi prosesi sual altındadır.
“İmzalanacaq sazişinin ratifikasiyası üçün Ermənistanda referendum keçirilməli və Konstitusiyaya dəyişiklik edilməlidir. Ermənistanda isə referendumun 2027-ci ildə keçirilməsi gözlənilir.
İki ilə də Ermənistanda hansı siyasi vəziyyətin olacağını və yaxud da üç aydan, 15-20 gün sonra regionda əhval-ruhiyyənin necə olacağını dəqiq demək çox çətindir. Trampla və Putinin avqustun 15-dəki görüşü də xüsusilə nəzərə alınmalıdır”.
Rauf Mirqədirov deyir ki, 2020-ci ildə baş verən 44 günlük müharibədən sonra Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə Azərbaycan və Ermənistan arasında imzalanan bəyanatda “Zəngəzur dəhlizi”nə dair bənd var idi və dəhlizin Rusiyanın nəzarəti altında olması nəzərdə tutulurdu. Bu gün həmin sənəd heç kimə lazım olmayan bir kağız parçasıdır və yada düşmür.
“İndi də Trampın iştirakı ilə bəyannamə imzalayıblar. Adını da “Tramp yolu” qoyublar. Görürsünüz də, hadisələr necə sürətlə dəyişir”.
Amma siyasi şərhçinin fikrincə ABŞ-da imzalanan bəyannamə sülh sazişinin təməli hesab oluna bilər.
“Bu nəqliyyat dəhlizi tək Azərbaycan üçün deyil, ümumilikdə region, Türkiyə, Orta Asiya, Çin və Avropa Birliyi üçün də böyük əhəmiyyət daşıyır”.
Sonda
Azərbaycan və Ermənistan arasında yayılan sülh sazişi mətni dayanıqlı sülh üçün mühüm bir hüquqi çərçivə yaratsa da, müzakirələrdən göründüyü kimi ictimaiyyət və ekspertlər arasında fərqli reaksiyalar doğurub.
Saziş müharibənin qarşısını almaq üçün mühüm addım kimi qiymətləndirilsə də, onun real dayanıqlılığını yalnız gələcək siyasi iradə və qarşılıqlı etimad göstərəcək.
Sülh Sazişinin mətni birmənalı qarşılanmayıb