Sülh sazişi hələ imzalanmayıb, atəşkəs pozuntuları isə davam edir - İNFOQRAFİKA
Azərbaycan-Ermənistan sərhədində atəşkəs pozuntuları
Bu material Mikroskop Media ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.
Azərbaycanla Ermənistan arasında 2020-ci ildəki 44 günlük müharibədən sonra davam edən sülh sazişi danışıqları arabir baş verən atəşkəs pozuntuları ilə müşayiət olunur.
Ümumilikdə 17 maddədən ibarət olan sülh sazişinin müzakirəsinin gedişatında ən mühüm məqam 2025-ci ilin 13 martında baş verdi. Həmin gün Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanla dövlətlərarası münasibətlərin qurulmasını nəzərdə tutan sülh sazişinin mətni üzrə danışıqların yekunlaşdığını bəyan etdi.
Eyni gün Ermənistan tərəfi də sülh sazişinin mətninin razılaşdırıldığını təsdiqlədi. Bu bəyanatın əhəmiyyəti həm də onda idi ki, müqavilənin demək olar bütün maddələri razılaşdırılsa da son iki bənd üzrə müzakirələr davam edirdi. Bəyanat, həm hər iki ölkə, həm də beynəlxalq ictimaiyyət üçün yaxın günlərdə sülh müqaviləsinin imzalanacağı kimi təsəvvür yaratsa da hələ ki, müqavilə imzalanmayıb.

Buna baxmayaraq hələ də iki ölkə arasında atəşkəs pozuntusu barədə rəsmi xəbərlər yayılır. Hətta elə sülh sazişi mətni ilə bağlı bəyanatın verilməsindən cəmi 3 gün sonra Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin atəşkəsi pozması ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, “martın 16-ı Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Burun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu məlumatda atəşkəsin təfərrüatı verilməyib. Ermənistan Müdafiə Nazirliyi isə elə həmin gün bu informasiyanın həqiqəti əks etdirmədiyi barədə məlumat yayıb. Nazirliyin rəsmi saytındakı xəbərdə həm də deyilir:
“Qeyd etmək lazımdır ki, Ermənistan Respublikası Baş Nazirinin Ofisi atəşkəs rejiminin pozulması və bununla bağlı insidentlərin araşdırılması üçün Ermənistan-Azərbaycan birgə mexanizminin yaradılmasını təklif edib. Lakin Azərbaycan hələlik bu təklifə cavab verməyib”.
Bundan sonrakı tarixlərdə də atəşkəsin pozulması barədə məlumatlar yayılmağa davam edib. Bu müddət ərzində əsasən Azərbaycan Müdafiə Nazirliyi atəşkəsi Ermənistanın pozduğunu iddia edib. Martın 19-da isə Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook” hesabında yazıb ki, o, Müdafiə Nazirliyinə atəşkəsi pozmamaqla bağlı tapşırıq verib.
“Mənim Ermənistanın Müdafiə Nazirliyinə göstərişim aydındır: atəşkəs rejiminin heç bir pozulmasına yol verməyin. Ermənistan müharibəyə yox, sülhə doğru gedir” – bəyanatda belə deyilir.
- Bakı təqdim olunan sübutlara baxmayaraq, Ermənistanın cənubundakı kəndin atəşə tutulmasını təkzib edir
- “Tərəfdaşsız tanqo”: Azərbaycan niyə Ermənistanla sülh müqaviləsi imzalamır?
- Qarabağa qayıdış: Rəqəmlər artır, suallar qalır
Sonuncu dəfə iki ölkə arasında atəşkəs rejiminin pozulması ilə bağlı xəbər bu gün, mayın 30-da yayılıb. Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Azərbaycan Silahlı Qüvvələri Sünik vilayətinin Xoznavar kəndi istiqamətində atəş açıb və nəticədə yaşayış evi zədələnib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Azərbaycan Müdafiə Nazirliyi isə bunu təkzib edib.
“Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri mülki əhalini və mülki obyektləri heç zaman hədəf almır” – Azərbaycan MN-in məlumatında belə qeyd olunur.
Sülh sazişinin mətninin razılaşdırılmasından başlayaraq 30 may tarixində qədər hər iki tərəf atəşkəsin pozulması ilə bağlı ümumilikdə 37 dəfə məlumat yayıb. Bu məlumatlardan 29-nu Azərbaycan Müdafiə Nazirliyi yayıb və qarşı tərəfin atəşkəsi pozduğunu bildirib. 8 dəfə isə Ermənistan Müdafiə Nazirliyi məlumat yayaraq Azərbaycanı atəşkəsi pozmaqda ittiham edib.
Qeyd etmək vacibdir ki, bu saylar atəşkəsin pozulduğu dəfələri yox, bu barədə yayılan rəsmi xəbərlərin sayıdır.
Azərbaycan-Ermənistan sərhədində atəşkəs pozuntuları