Sülh məhbusu: “Yaşasın sülh! Yaşasın xalqların qardaşlığı!”
Azərbaycanlı sülh fəalı dövlətə xəyanətdə ittiham edilir
Bəhruz Səmədov Azərbaycanda dövlətə xəyanətdə ittiham olunaraq həbs edilmiş Paqadakı Karl Universitetinin doktorantı, siyasi tədqiqatçı və müharibə əleyhdarıdır.
Ötən ilin avqustun 21-də həbs edilən tədqiqatçının evində Dövlət Təhlükəsizlik Xidməti (DTX) axtarış aparıb, şəxsi əşyalarını müsadirə edib. Səmədov DTX-da təzyiqə məruz qaldığını, günahsız olduğunu deyir.
2024-cü il avqustun 23-də Bakı şəhəri Səbail Rayon Məhkəməsi fəal Bəhruz Səmədov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə dörd aylıq ilkin həbs qətimkan tədbiri seçilməsi barədə qərar verib, daha sonra bu müddət uzadılıb.
Bəhruz Səmədov Mərkəzi Avropa Universitetinin beynəlxalq münasibətlər fakültəsinin məzunu, hazırda isə Karl Universitetinin siyasi elmlər kafedrasında doktorantdır. Gənc politoloq post-strukturalist və psixoanalitik nəzəriyyələrə əsaslanaraq Azərbaycanda hegemonluq və siyasi diskursların araşdırılması ilə məşğul idi.

Bəhruzun yeganə ailə üzvü, 83 yaşlı nənəsi Zibeydə Osmanovadır. O, nəvəsini təqsirsiz sayır.
“Deyirəm (dövlət rəsmiləri ilə Bəhruz barəsində danışarkən – red.), bu dövlətə xəyanətin adı nədir? Mənə cavab verirlər ki, “sənin nəvən ermənilərlə sülh şəraitində yaşamaq istəyir.
Bəhruzun belə yazıları var, biz bunun belə yazılarını oxumuşuq”. Sülh şəraitində yaşayaq, müharibələrə son qoyaq, sülh müqaviləsinə qol çəkək. Bəhruz bunu deyir, bunu istəyir, sülh istəyir. Bütün gənclər necə sülh istəyir, Bəhruz da o gənclərdən biri, o da sülh istəyir”, – Zibeydə Osmanova belə deyir.
Nənəsi deyir ki, Bəhruz sülh istədiyi üçün həbs olunub.
“Bəhruz məndən soruşurdu ki, “siz öz dövrünüzdə necə yaşamısınız ermənilərlə?”, deyirəm, çox mehriban yaşamışıq. Deyir, “elə indi də mehriban yaşamaq lazımdır, həmişə mehriban olmalıyıq – bütün xalqlar, bütün qonşular. Üstəlik, hələ qonşuyuq, gərək, mehriban yaşayaq. Mən də istəyərdim mehribanlıq olsun”, – deyir.
Düşmənçilik olmasın, müharibələr olmasın. O, həmişə bunu arzulayırdı”.
Bakı Ağır Cinayətlər Məhkəməsində fəalın məhkəməsi davam edir. Hazırlıq iclası açıq keçirilsə də növbəti məhkəmələrin qapalı keçiriləcəyi bildirilib.

Milli Şuranın sədri, tarixçi Cəmil Həsənli məhkəmənin önündə iclasların qapalı keçirilməsi və Bəhruz Səmədov barədə “JAMnews”a bunları deyir:
“Axı Bəhruz hansı əməlin sahibidir ki, onun məhkəməsi qapalı şəraitdə keçirilsin. O, şəffaf bir həyat yaşayıb. Öz mövqeyini açıq şəkildə mətbuatda, çıxışlarında, yazılarında, sosial mediada gedən postlarında açıq şəkildə ortaya qoyub. Hansı gizli əməli var Bəhruzun ki, indi onun məhkəməsi qapalı şəraitdə keçirilir. Bu da Bəhruzu ictimai dəstəkdən məhrum etmək xarakteri daşıyır”.

Fəalın vəkili Zibeydə Sadıqova “JAMnews”a deyir ki, məhkəmədə qaldırdığı vəsatətlər təmin olunmayıb.
“Cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istədim. Çünki biz əvvəlcədən də deyirdik, iş materiallarının heç birinin içində Bəhruzun bu cinayəti etməsini təsdiq edən heç bir sübut yoxdur.
Məhkəmənin və istintaqın istinad etdiyi sübutlar ancaq Bəhruzun telefonundan çıxarılmış yazışmalardır. Onların içində isə dəlil əhəmiyyətlisi yoxdur”.
Bəhruz Səmədov OC Media və “Bakı Araşdırmalar İnstitutu”nun müəlliflərindən biridir
O, Azərbaycan hökumətinə dair tənqidi məqalələri ilə tanınır. Gənc politoloq müxtəlif beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilən sülh quruculuğu layihələrində fəal iştirak edib.
Karl Universitetinin kollektivi Bəhruz Səmədovun həbsi ilə bağlı bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, universitetin akademik ictimaiyyəti sosial elmlər fakültəsinin doktorantı Bəhruz Səmədovun Bakıda həbsi ilə bağlı xəbərləri narahatlıqla izləyir.
“Sosial Elmlər Fakültəsinin rəhbərliyi Karl Universitetinin rəhbərliyi ilə birlikdə etibarlı mənbələrdən məlumat toplamaq üzərində intensiv şəkildə çalışır”, – deyə sənəddə bildirilir.
Nənəsi Zibeydə Osmanova deyir ki, Bəhruzdan başqa heç kimi yoxdur.
“Ancaq mənəm. Anası, atası, hamısı ölüb. Vəssalam, başqa heç kəslə, heç bir qohumla əlaqəsi yoxdur”.
Nəvəsinin həbsindan sonra onun səhhətində problemlər yaranıb.
“Tez-tez təzyiqim qalxır. Əvvəllər gündə 2 dəfə dərman içirdim, indi 3-4 dənə həb içirəm. Qətiyyən iştahım yoxdur, azalıb. Özümə xörək bişirə bilmirəm, güc-bəla ilə bir tikə çörəklə, su ilə… Bununla başımı aldadıram. Ancaq başgicəllənməsi, ürəkbulanması məndən əl çəkmir. Gecələr yata da bilmirəm…”
Azərbaycanlı sülh fəalı dövlətə xəyanətdə ittiham edilir