Azərbaycanda "Sülh Körpüsü" təşəbbüsü barədə: "Əməkdaşlıq intensivləşdiriləcək"
“Sülh Körpüsü” təşəbbüsü
21-22 noyabr tarixlərində Ermənistan vətəndaş cəmiyyətinin beş üzvü Bakıya səfər edib. Bu səfər “Sülh Körpüsü” adlandırılıb.
Azərbaycanı təmsilən iştirak edən Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil işgəndərli görüşü nəticəyönümlü adlandırıb.
“Tərəflər media sahəsində əməkdaşlığın gücləndirilməsi, ekspertlər arasında birbaşa təmasların qurulması və vətəndaş cəmiyyətinin sülh prosesinə cəlb edilməsi barədə razılığa gəliblər”.

Tədbirdə Azərbaycan tərəfdən Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri Fərhad Məmmədov, Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov, Milli QHT Forumunun idarə heyətinin sədri Ramil İskəndərli, “First News” portalının baş redaktoru Kəmalə Məmmədova iştirak ediblər.
Erməni nümayəndə heyətində isə Yerevan Təhlükəsizlik Siyasəti Araşdırma Mərkəzinin rəhbəri Areq Koçinyan, Yerevan Press Klubunun fəxri prezidenti Boris Navasardyan, Demokratiyanın İnkişafı Fondunun direktoru Naira Sultanian və politoloqlar Narek Minasyan və Samvel Meliksetyan olub.
Budəfəki görüşdə Qadınlar, Sülh və Əmin-amanlıq Mərkəzinin rəhbəri Dilara Əfəndiyeva iştirak etməyib.
Onun prosesdən kənarda qalması, əvvəlki görüşlərdəki iştirakının məqsədəuyğun olmaması ola bilər. Bunun da səbəbi onun 2022-ci ilin dekabrında Laçın-Xankəndi yolunda keçirilmiş “ekoloji aksiyada” iştirakının ilk görüşdən sonra kəskin tənqid edilməsidir.
İştirakçı: “Konkret razılaşmalar əldə edilib”
Ramil İskəndərli bildirib ki, təşəbbüs artıq rəsmi ad altında fəaliyyət göstərəcək və bundan sonra “Sülh Körpüsü” adlanacaq.
“Görüşdə Ermənistan və Azərbaycan ictimaiyyət nümayəndələri sülh prosesinin gedişini, sülh gündəliyinin aktual məsələlərini və qarşılıqlı maraq doğuran mövzuları müzakirə edilib”.
Görüş nəticəsində bir neçə razılıq əldə olunub:
- media sahəsində əməkdaşlığın intensivləşdirilməsi və hər iki ölkənin mediası arasında əlaqələrin qurulması;
- müxtəlif sahələr üzrə ekspertlər arasında birbaşa əlaqələrin yaradılması;
- vətəndaş cəmiyyətini prosesə cəlb etmə mexanizmlərinin işlənməsi və qarşılıqlı səfərlərin davam etdirilməsi;
- görüşlərin nəticəyönümlü olması və qərarların konkret şəkildə verilməsi.
İskəndərli həmçinin qeyd edib ki, tərəflər Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşüb.
“O, Vaşinqtonda əldə olunan razılaşmalardan sonra atılan addımlar barədə məlumat verdi və sualları cavablandırdı”.
- Qarabağ ermənilərinin qayıtması: Balasanyanın açıqlaması, maneələr və perspektivlər
- Buğda yükünün Azərbaycan vasitəsilə Ermənistana tranziti: marşrutun iqtisadi və siyasi aspektləri
- “Tramp marşrutu”: Qərbin illüziyası, yoxsa Cənubi Qafqaz tarixində dönüş nöqtəsi
Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Farhad Məmmədov isə mediaya açıqlamasında bildirib ki, bundan sonrakı fəaliyyət yalnız ikitərəfli formatda aparılacaq və növbəti altı ayı əhatə edən konkret plan işlənib.
“Hər iki tərəfdən nümayəndələrin səfərləri təşkil olunacaq. Bu, təkcə qrupa üzv olan beş nəfəri deyil, daha çox vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakını nəzərdə tutan bir fəaliyyətə çevriləcək”.
Proqramın qeyri‑rəsmi hissəsində isə erməni qonaqlar üçün Botanika bağı, Şirvanşahlar sarayı, Qız qalası, İçərişəhər və Dənizkənarı bulvar kimi mədəniyyət abidələrinə ekskursiyalar təşkil edilib.
Müstəqil ekspert: “İdarə olunan prosesdir”
Konfliktoloq Arif Yunus baş tutan ilk görüşü “idarə olunan xalq diplomatiyası” kimi qiymətləndirmişdi. Onun fikrincə, Azərbaycanda müstəqil vətəndaş cəmiyyəti dağıdıldığı üçün belə təşəbbüslər formal xarakter daşıyır:
“Belə görüşlərdə müstəqil jurnalist və QHT nümayəndələri iştirak etməlidirlər. Amma onlar ya həbsdədir, ya da ölkəni tərk ediblər. Ona görə də bu proseslər real etimad yarada bilmir”.
“Bu görüş daha çox hökumətin nəzarətində olan simvolik bir oyundur”.
“Sülh Körpüsü” təşəbbüsü