Sülh fəalı Paşinyana: "Mənimlə Ermənistan kəşfiyyat orqanları arasında əməkdaşlığın olmaması haqda bəyanat verin"
Həbsdə olan sülh fəalı Paşinyana məktub ünvanlayıb
Azərbaycanda dövlətə xəyanətdə ittiham olunaraq həbs edilmiş Paqadakı Karl Universitetinin doktorantı, siyasi tədqiqatçı və müharibə əleyhdarı fəal Bəhruz Səmədov Ermənistanın Baş naziri Nikol Paşinyana açıq məktubla müraciət edib.
2024-cü il avqustun 23-də Bakı şəhəri Səbail Rayon Məhkəməsi fəal Bəhruz Səmədov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə dörd aylıq ilkin həbs qətimkan tədbiri seçilməsi barədə qərar verib, daha sonra bu müddət uzadılıb.
Bəhruz Səmədov Mərkəzi Avropa Universitetinin beynəlxalq münasibətlər fakültəsinin məzunu, hazırda isə Karl Universitetinin siyasi elmlər kafedrasında doktorantdır. Gənc politoloq post-strukturalist və psixoanalitik nəzəriyyələrə əsaslanaraq Azərbaycanda hegemonluq və siyasi diskursların araşdırılması ilə məşğul idi.

“Cənab Baş Nazir!
Sizdən sülh gündəliyinə sadiq qalmağınızı, sərhəddə atəşkəsin pozulma hallarının qarşısını almaq üçün əlinizdən gələni etməyi, gələcəkdə birgəyaşayışın mümkün edilməsi üçün praktiki addımlar atmağınızı xahiş edirəm.
Dayanıqlı sülh üçün tərəflər ortaq gələcək və paylaşılan coğrafiya əsasında dəyərlər formalaşdırmalıdırlar. Bu dəyərlərin əsasında zorakılığın birmənalı inkarı dayanmalıdır.
Əlavə olaraq, sizdən xahiş edirəm ki, mənimlə Ermənistan xarici kəşfiyyat orqanları arasında hər hansı əməkdaşlığımın mövcud olmaması haqda rəsmi və əsaslı bəyanat verəsiniz. Ümid edirəm ki, tərəflər arasında təmaslar mənim yaxın zamanda azadlığa çıxmağıma gətirib çıxarar və “sülh məhbusluğu”ma son qoyar.
Sülhün mümkün olması üçün tərəflər istənilən irredentist tələbdən əl çəkməli, bunun əksinə, birgəyaşayış modellərinə, post-münaqişə dövründə qonşuluğa köklənməlidirlər.
Yazımı Şarl Bodlerin şeirindən bir bəndlə bitirirəm…
Dalğalarda qətlinin rənglərini sil.
Qamışlar çoxdur, qaya genişdir;
Hər kəs öz çubuğunu düzəldə bilər — daha artıq zorakılıq olmasın,
Daha artıq qan, müharibə və ölümcül hiylə olmasın!
İndi qardaş kimi yan-yana yaşayın
Və hamı birgə Sülh Qəlyanını tüstülətsin”.
Bəhruz Səmədov OC Media və “Bakı Araşdırmalar İnstitutu”nun müəlliflərindən biridir.
O, Azərbaycan hökumətinə dair tənqidi məqalələri ilə tanınır. Gənc politoloq müxtəlif beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilən sülh quruculuğu layihələrində fəal iştirak edib.
Karl Universitetinin kollektivi Bəhruz Səmədovun həbsi ilə bağlı bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, universitetin akademik ictimaiyyəti sosial elmlər fakültəsinin doktorantı Bəhruz Səmədovun Bakıda həbsi ilə bağlı xəbərləri narahatlıqla izləyir.
“Sosial Elmlər Fakültəsinin rəhbərliyi Karl Universitetinin rəhbərliyi ilə birlikdə etibarlı mənbələrdən məlumat toplamaq üzərində intensiv şəkildə çalışır”, – deyə sənəddə bildirilir.
Həbsdə olan sülh fəalı Paşinyana məktub ünvanlayıb