Şəhərsalma forumu ərəfəsində su basmış Bakı: şəhər niyə hər yağışa təslim olur?
Su basmış Bakı
Aprel ayının ilk həftəsi Bakıya yağan yağışlar infrastruktur testini şəhər sakinlərinə yenidən yaşatdı.
Fövqəladə Hallar Nazirliyi (FHN) 4 apreldəki rəsmi müraciətində Milli Hidrometeorologiya Xidmətinə istinadla yaxın günlərdə növbəti dəfə yağıntıların intensivləşə biləcəyini, bəzi dağ çaylarında qısamüddətli sel və daşqın, Bakıətrafı subasmaya meyilli ərazilərdə isə subasma riski yarada biləcəyini bildirdi və əhalini təhlükəsizlik qaydalarına əməl etməyə çağırdı.
Bu xəbərdarlıq fonunda 5 apreldə Bakının Nizami rayonu Keşlə qəsəbəsində kollektor nasazlığı evlərin subasmaya məruz qalmasına səbəb oldu. FHN-in məlumatına görə, “112” qaynar xəttinə daxil olan çağırış əsasında əraziyə Mülki müdafiə qoşunları, Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə, Kiçikhəcmli gəmilərə nəzarət və sularda xilasetmə xidmətləri, eləcə də Bakı Regional Mərkəzinin qüvvələri cəlb edildi və su basmış evlərdən vətəndaşların təxliyəsi, suçəkmə və digər təhlükəsizlik tədbirləri həyata keçirilməyə başlandı.
Eyni gün verilən yenilənmiş rəsmi məlumatda Nazirliyin tədbirləri nəticəsində 37 nəfərin təhlükəsiz əraziyə təxliyə olunduğu, suçəkmə işlərinin davam etdiyi qeyd edildi. Bu, bir tərəfdən operativ reaksiyanın göstəricisidir; digər tərəfdən isə sual doğurur:
Paytaxtda hər intensiv yağışda “təcili rejim” niyə normaya çevrilir?
Problem tək bir qəsəbə ilə məhdudlaşmadı. FHN başqa rəsmi məlumatında intensiv yağışlarla əlaqədar Xəzər, Sabunçu, Nizami, Binəqədi, Səbail və Qaradağ rayonlarında, həmçinin Abşeron rayonu və Bakı–Sumqayıt yolunda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırıldığını bildirdi; eyni məlumatda Keşlədən ümumilikdə 58 nəfərin təxliyə edildiyi vurğulandı. Bu siyahıya əsasən demək olar ki, Bakıda sadəcə lokal çökək nöqtələr deyil, şəhər miqyasında təkrarlanan risk coğrafiyası formalaşıb.
Aprelin ilk günlərində Binəqədi və Suraxanı rayonlarında da fərdi yaşayış evlərinin həyətyanı sahələrinin subasmaya məruz qalması ilə bağlı çağırışlar daxil olub. FHN-in məlumatına görə, xilasedicilər həmin ərazilərdə 4-ü azyaşlı olmaqla 9 vətəndaşı təxliyə edib. Şəhərin su altında qalması Bakının son illər yağış xronikasına çevrilib.
ÜŞF13 və Şəhərsalma İli
Məhz belə bir həftədən sonra Bakının beynəlxalq “vitrin” gündəmi yenidən xatırlamaqda fayda var. 17-22 may tarixlərində paytaxtda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) keçiriləcək.
Forumun rəsmi saytında tədbirin “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunduğu, mənzil təminatını inklüzivlik və davamlılığın əsas amili kimi ön plana çəkəcəyi qeyd edilir. Elə həmin saytda Prezident İlham Əliyevə istinadən, ÜŞF13-ün Bakıda keçirilməsi qərarının Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə töhfəsi və etibarlı tərəfdaş kimi etimad göstəricisi olduğu vurğulanır.
Prezidentin 22 dekabr 2025 tarixli sərəncamı ilə isə 2026-cı il ölkədə “Şəhərsalma və Memarlıq İli” elan edilib. Sənəddə məqsəd kimi şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi göstərilir.
İroniya ondadır ki, “təhlükəsiz və dayanıqlı şəhərlər” mövzulu qlobal forumun ərəfəsində Bakının təhlükəsizlik gündəliyini sudur – amma dayanıqlı su idarəçiliyi yox, subasma və təxliyə.
Bakı niyə hər yağışa təslim olur?
Rəsmi diskursda meteoroloji faktorlar tez-tez əsas izah kimi önə çəkilir. Rəsmi qurumlar bəzi hallarda subasma epizodlarını “iqlim dəyişikliyi” və “normadan artıq” yağıntı ilə izah etməyə meyillidir. FHN-in xəbərdarlıqları da intensiv yağıntıların subasma riskini artırdığına fokuslanır. Bu, təbiətin reallığıdır; amma şəhər idarəçiliyinin cavablamalı olduğu sual başqadır:
Yağışın “intensiv olması” niyə şəhərin hərəkətini iflic edən sistem qırılmasına çevrilir?
Burada artıq struktur problemləri danışmağa başlayır. 12 yanvarda Prezidentin sədrliyi ilə keçirilən müşavirənin rəsmi mətnində Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Bakı və Abşeronun su-kanalizasiya sistemlərinin əsasən 1980-ci illərin sonunadək formalaşdığını, sonrakı dövrdə yaşayış məntəqələrinin ərazisinin 2,6 dəfə, əhalinin isə 2,1 dəfə artdığını bildirir.
O, əsas magistral xətlərin istismar müddətinin bitdiyini, yağış suyu kollektorlarının kanalizasiya xətlərinə qoşulmasının sistemə əlavə yükləmə yaratdığını, eləcə də “vaxtilə Bakıda mövcud olan yağış sistemlərinin hamısının 1990-cı illərdə kanalizasiya kollektoruna çevrildiyini” qeyd edir.
Ən kritik siqnallardan biri isə şəhərsalma nizamının su infrastrukturu ilə toqquşmasıdır. Həmin müşavirədə mühafizə zonalarının zəbt olunduğu, aparılan təhlillərə görə Bakıdakı əsas kanalizasiya magistrallarının istismarını çətinləşdirən (bəzən “imkansız hala gətirən”) 1600-dən çox fərdi yaşayış və digər tikilinin mövcudluğu vurğulanır.
Bunun bəzi yerlərdə kanalizasiya sistemlərinin çökməsi və əhalinin evlərinə ziyan dəyməsi ilə nəticələndiyi bildirilir. Yəni deyilir ki, subasma problemi qanunsuz məskunlaşma ilə də əlaqəlidir.
Eyni müşavirədə Bakının ekoloji-sutoplayıcı “tamponları” da yada salınır. Bakı və Abşeron yarımadasında 300-dən çox gölün mövcudluğu və onların sutoplayıcı funksiyası qeyd edilərək bildirilir ki, 2014-2025 illəri arasında bəzi göllərin qeyri-qanuni və ya plansız genişlənmə nəticəsində qurudulub, zəbt edilib. Həmin ərazilərdə tikintilərin aparılmasından sonra intensiv yağış zamanı tikililərin subasmaya meylliliyi yüksək olur.
“Yaşıl sahələrin betonlaşması” deyilən proses nəticəsində şəhərin su “yığdığı yerlər” azalır, su isə yollara və həyətlərə çıxır.
Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı təsdiqlənsə də, Bakı və Abşeronun hələ yaxın 9 ildə də bu problemləri təkrar yaşayacağı qaçınılmaz görünür.
Su basmış Bakı