Strasburq Məhkəməsi gürcüstanlı transgenderin işini icraata götürüb
Paylaşmaq
Paylaşmaq
Strasburqda Avropa İnsan Haqları Məhkəməsində gürcüstanlı transgender Nikolo Qviniaşvilinin Gürcüstan hökumətinə qarşı iddiasının baxışına başlayıb. Məhkəmə müsbət qərar çıxararsa, Qviniaşvili pasportunda cinsi ilə bağlı qeydin dəyişdirildiyi ilk Gürcüstan vətəndaşı olacaq.
Uzun illər boyu Qviniaşvili pasportunda cinsi ilə bağlı qeydin dəyişdirilməsi üçün Gürcüstan hökumətinə müraciət edib, amma hər dəfə rədd cavabı alıb. Yerli instansiyalardan ümidini üzəndən sonra o, Avropa Məhkəməsinə müraciət edib.
Nikolo Qviniaşvili Gürcüstanda cinsi ilə bağlı qeydin dəyişdirilməsi tələbinə rədd cavabı alan yeganə transgender deyil. Transgenderlər hesab edirlər ki, bu, onların hüquqlarının pozulmasıdır.
Nikolo Qviniaşviliyə Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyası və Avropa İnsan Haqlarının Müdafiəsi Mərkəzi də yardım edir. Onların transgenderin adından Avropa Məhkəməsinə göndərdikləri iddiada deyilir ki, Gürcüstandakı instansiyalar əvvəlcə müvafiq cərrahi əməliyyatın keçirilməsini tələb edirlər və yalnız bundan sonra cinsi ilə bağlı qeyd dəyişdirilə bilər.
Bu cür tələb İnsan Haqları haqda Konvensiyanın bir neçə maddəsinə ziddir.
Avropa Məhkəməsi Gürcüstan hökumətinə bir sıra suallar göndərib. Tərəflərin kompromis yolların tapılması üçün 12 günü var. Bu müddət bitəndən sonra Gürcüstan hökumətinə məhkəmənin suallarını cavablandırmaq üçün 12 həftə veriləcək.
____________________________________
Nikolo Qviniaşvilinin 47 yaşı var. Uşaqlıqdan o özünü kişi kimi hiss edir, amma qadın cinsinə aid bütün əlamətlərlə dünyaya gəlib.
2011-ci il fevralın 1-də o, rəsmi şəkildə pasportda adını kişi adına dəyişib.
2014-cü ildə o, transseksuallıq haqda arayış ala bilib. Həmin vaxtdan o, sonuncu komponent – pasportunda cinsinin “kişi” kimi qeyd olunması uğrunda mübarizə aparır.