Stepanakert sakinləri yeni konstitusiya və bu günkü referendum barədə nə deyirlər?
Bu gün, fevralın 20-də Dağlıq Qarabağda yeni konstitusiya ilə bağlı referendum keçirilir.
Referenduma çıxarılan yeni konstitusiya Dağlıq Qarabağda qanunverici hakimiyyətin geniş səlahiyyətləri ilə mərkəzləşdirilmiş prezident idarəçiliyi formasının yaradılmasını nəzərdə tutur.
İndiyə qədər respublikada 2006-ci ildə qəbul edilən konstitusiyaya əsasən, yarıprezident idarəçiliyi üsülu olub.
Stepanakertdə sorğu keçirərək, yerli sakinlərə sual verdik:
“Referendumun keçirilməsini niyə dəstəkləyirsiz və ya dəstəkləmirsiz? ”
Birinci trend: bizə təhlükəsizlik lazımdır
Daha çox insanlar hökumətin sülhə nail olmalı olması barədə danışırdılar. Təkcə fevralın əvvəlindən təmas xəttində 9 əsgər həlak olub. Əksər respondentlər bildirdilər ki, prezident hakimiyyətinin gücləndirilməsini dəstəkləməyə hazırdırlar, çünki insanların təhlükəsizliyi üçün daha çox şey edə biləcəyinə ümid edirlər.
Onlardan biri Anuş Mkrtçyandır. Yoldaşı Qeham Mkrtçyan 2016-cı ilin aprel ayında münaqişənin gərginləşdiyi vaxt ölüb. Qexamın əşyaları – telefonu, odekolonu, medalları səliqə ilə rəflərə düzülüb. O, xanımının hamilə olduğunu və ilk övladlarının dünyaya gələcəyini bilmədən öldü. Elmira indi üç aylıqdır.
Anuş referenduma getməyəcək, qızını qoymağa adamı yoxdur. Amma səs vermədə iştirak etsəydi, referendumu dəstəkləyərdi. Bunu belə izah edir:
“Fərqi yoxdur hansı idarəçilik sistemidir, qoy özləri qərar versinlər. Hökumət ölkəsinin bütün vətəndaşlarını qorumalıdır, qorumağa borcludur. İnsanlar ölməməlidir, buna nail olmaq da onların vəzifəsidir”.
İkinci trend. Vətənpərvərlik
Bu, referendumun dəstəklənməsini vətənpərvərlik aktı sayanlardır.
Misal üçün, ərzaq dükanında satıcı işləyən Mariam. O, konstitusiya dəyişikliklərinə qarşı çıxan hər kəsə nifrət edir.
“Müharibə hələ də bitməyib və bir o çatmırdı ki, bizdə siyasi çevrilişlər başlasın”, – o deyir.
“Hökumət bizim üçün, yaxşı yaşamağımız üçün hər şey edir.
Vətənimiz üçün çalışırlar, mən də öz vətənimi sevirəm. Buna görə də “lehinə” səs verəcəm”.
Üçüncü trend: hami kimi edəcəm
Bu cavab üçüncü ən populyar cavabdır.
Lyusya nənənin 86 yaşı var. Artıq 10 ildir ki, tum satır, balaca stəkanı 50 dramdır [..sent]. Bəzən gün ərzində yeddi stəkan sata bilir, onda da deyir ki, tək çörək yox, həm də xama ala bilir.
“Hələ bilmirəm hansı xananı işarələyəcəm, əlbəttə hansını göstərsələr, onu da işarələyəcəm”, – Lyusya nənə deyir. Kimin göstərəcəyini dəqiqləşdirmir.
Dördüncü trend. Referenduma qarşı – çünki insanların həyatını yaxşılaşdırmayacaq
Çox az insan referenduma qarşı olduğunu dedi. İzah təxminən aşağıdakı kimi səslənirdi: insanlar çətin məişət şəraitində yaşayır və onların həyatını yaxşılaşdırmaq üçün hakimiyyət sistemini dəyişmək deyil, insanlara birbaşa kömək etmək lazımdır.
Borisin 50 yaşı var, yaşından böyük görünür. İşə gün çıxmamışdan xeyli əvvəl başlayır. İndi ən çətin dövrdür – böyük qar yığınlarını təmizləmək lazımdır.
“Bütün həyatım boyu xoşbət günlərim br əlin barmaqlarının sayı qədərdir. Yeni idarəçilik üsulu problemlərimi həll etməyəcək, mən yenə də öz belim və süpürgəmlə qalacam və bir təhər özüm öz problemlərimi həll etməli olacam. Mən əleyhinə səs verəcəm, halbuki bilirəm ki, hər şey əvvəlcədən həll olunub və heç nə dəyişməyəcək”, – Boris deyir.