Ukrayna sərhədçiləri Odessa vilayətində Kuçurqan su anbarında suyun altında boru kəməri aşkar ediblər. Ehtimal olunur ki, bu boru ilə Moldovadan Ukraynaya qanunsuz yolla spirt keçirmək istəyiblər.
Hesabatda boru kəməri adlandırılan şey əslində diametri 32 millimetr olan, Moldova sahilindən Ukrayna sahilinə qədər uzanan şlanqdır.
“Ehtimal olunur ki, bu yolla canilər Moldovadan Ukraynaya qanunsuz yolla spirt keçirməyi planlaşdırıblar”, – Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatında belə deyilir.
Hüquq mühafizəçiləri müəyyən ediblər ki, boru kəməri yeni quraşdırılıb və hələ istifadə olunmayıb, “çünki şlanqdan xarakterik spirt qoxusu gəlmirmiş”.
Ukrayna sərhədçiləri kater vasitəsilə şlanqın ancaq bir hissəsini – dövlət sərhədinə olan qədərini demontaj ediblər. Sökülən borunun uzunluğu 540 metrə çatıb.