“Spartak-Vladiqafqaz” “Alaniya”nın tikintisi tamamlanmamış bazasını qəbul edib
Paylaşmaq
Paylaşmaq
Ləğv olunmuş “Alaniya” futbol klubunun bir neçə il Şimali Osetiya İdman Nazirliyinin Əməliyyat İdarəsinin tərkibində qalan məşq bazası “Spartak-Vladiqafqaz”a verilib.
Təqribən üç il əvvəl bazanın bərpa işləri başlanmışdı, amma maliyyə problemləri üzündən sona çatdırılmamışdı. Buna görə də baza “Spartak-Vladiqafqaza” yarıdağılmış vəziyyətdə ötürülüb – bina və ətraf ərazi tikinti tullantıları ilə doludur, binada aparılan işlər tamamlanmayıb, ətrafı büsbütün kol-kos basıb. Binanın içində qapılar, santexnika, mebel ora-bura tullanmış vəziyyətdə qalıb.
Futbol klubunun rəhbərliyi öz yeni şəhərkənarı bazasını sahmana salmaq üçün ərazidə iməcilik keçirmək qərarına gəlib. “Bütün kommunikasiyalar kəsilib. Bizə əsasən futbol meydançaları üçün nəzərdə tutulan avadanlıqlar lazımdır və meydançaları sahmana salmaq üçün yetərincə vəsaitimiz var”, – “Rusiya 1 Alaniya” telekanalına müsahibəsində “Spartak-Vladiqafqaz” FK-nun baş direktoru Yuri Sekinayev bildirib.
“Spartak” stadionunun direktorunun səlahiyyətlərini yerinə yetirən Zaur Vatayevin sözlərinə görə, ilk növbədə yemək blokunu, futbolçuların otaqlarını və isitmə sistemini və trenajor zalını bərpa etmək lazımdır.
Obyektin səliqəyə salınmasının nə qədər vaxt apara biləcəyini hələ ki klubda bilən yoxdur. Respublika hökuməti isə maliyyə vəsaitinin axtarışı ilə məşğuldur.
“Alaniya” klubunun Rusiya çempionatından çıxarılması və klubun hüquqi şəxs kimi ləğv edilməsi haqda qərarı klub rəhbərliyi 2014-cü ilin fevralında aldı. Səbəb isə “Alaniya”nın yığılan borcları idi. 2016-cı il iyunun 18-də Şimali Osetiya hökuməti “Alaniya” futbol klubunun ləğvi haqda qərar verdi və onun bazasında büdcədən maliyyələşən “Spartak” adlı yeni komandanın yaradılması qərarını verdi.