Sosial şəbəkələrin Azərbaycan seqmentində metro vaqonunda gənc qızın çox qısa şort geyindiyi üçün təhqir olunduğunu, hətta döyülməyə cəhd göstərildiyini əks etdirən video yayılıb.
Hər il yay aylarında Bakıda şort geyinmək olarmı-olmazmı, bunun milli mentalitetimizə nə dərəcədə uyğun olub-olmadığı ətrafında mübahisələr qızışır. Şort Azərbaycan cəmiyyətini sanki ikiyə parçalayıb – biriləri onu ədəbsizlik və əxlaqsızlıq rəmzi hesab etdiyi halda, digərləri azadlıq ifadəsi sayır.
Metroda baş verən hadisə haqda firik bildirərkən bir çox blogerlər, jurnalistlər və ictimai simalar məsələnin şortda yox, arxasında duran daha ciddi problemlərdə olduğunu deyirlər. Məsələn, filosof Müşfiq Şükürov hadisəyə bir neçə status həsr edib və bildirib ki, başqasının paltarına görə hiddətlənmək əhalinin böyük hissəsinin dar təfəkkürə və pozğun mənəviyyata sahib olmasının əlamətidir.
Yerdə qalan sosial şəbəkə istifadəçilərinə gəlincə, bir neçə xarakterik şərhi təqdim edirik:
“Cəmiyyət yoxsul mənəviyyatlı və qadını yalnız seksual obyekt kimi qavrayan “kişilərlə” doludur. Belə cəmiyyətdə nə inkişaf, nə mədəniyyət ola bilər”;
“Avropalı qadınlara baxanda dərhal anlayırsan ki, onlar rahat olduğu üçün müəyyən şəkildə geyinirlər. Bizdə isə bəzi qızlar hədsiz makiyaj, açıq-saçıq geyim, göstərişli yerişlə diqqət çəkirlər, sonra isə bu diqqətdən hiddətlənirlər”;
“Bu, qadınlarımızın çadralarını çıxararkən inkişaf uğrunda apardıqları mübarizənin davamıdır”.
Əvvəlki illərdə mühafizəkar vətəndaşları əsasən kişilərin əynindəki şortlar hiddətləndirirdi. Deputatlardan biri hətta şort geyinən kişilərin çılpaq ayaqlarını turşu məhlulu ilə yandırmağı təklif etmişdi. Şort tərəfdarları isə öz növbələrində fleşmoblar təşkil edir, sosial şəbəkələrdə gərgin mübahisələrə girir və digər yollarla özlərinin və başqalarının istədiklərini geyinmək haqqını qorumağa çalışırlar.