Gürcüstanda kanabis çəkmək
70 qramdan azdırsa artıq cinayət deyil. Çətənəylə mübarizənin lehinə və əlehinə olan arqumentlər
Gürcüstanının Konstitusiya Məhkəməsi ölkə vətəndaşlarına çətənədən kiçik dozalarda istifadə etməyə icazə verib.
Qərar qəbul olunarkən nəzərə alınıb ki, 70 qramdan az olan çətənənin satış üçün nəzərdə tutulduğunu sübut etmək mümkün deyil. Buna görə də belə az miqdarda kanabisin saxlanması və istifadəsinə görə cəzanı məhkəmə qeyri-humanist hesab edib.
Eyni zamanda çətənənin satışı cinayət əməli olaraq qalır. Narkotiki şəxsi məqsədlər üçün almaq da qadağandır, halbuki cəmiyyətdə müzakirə olunur ki, Konstitusiya Məhkəməsi bu qadağanı da nəzərdən keçirib ləğv etməyə hazırlaşır.
İndiyə qədər Gürcüstan qanunvericiliyi insanın ilk dəfə çətənədən istifadə etdiyi halda inzibati məsuliyyəti (500 lari [təxminən 200 dollar] məbləğində cərimə), hal təkrar olunarsa cinayət məsuliyyətini nəzərdə tuturdu.
Narkotikin təkrar istifadəsi bir ilə qədər həbslə cəzalandırılır, saxlamaq və yaymağa görə isə müttəhim 11 il müddətinə azadlıqdan məhrum edilə bilərdi.
Gürcüstan ictimaiyyətinin bir hissəsi çoxdandı marixuananın qanuniləşdirilməsini tələb edir. “İnsan hüquqlarını pozan narko siyasətin dəyişdirilməsi” tələbi ilə müntəzəm etiraz aksiyaları keçirilir.
Marixuananın qanuniləşdirilməsinin lehinə və əlehinə olan insanların öz arqumentləri var.
Lehinə olan arqumentlər
· Mövcud qanunvericilik marixuananın az miqdarda istifadəsi, saxlanılması və alınmasına görə cinayət məsuliyyəti nəzərdə tutur. Qanunvericilikdə dəyişiklik polisin də demokratikləşməsinə səbəb ola bilər.
· Marixuana istifadə edənlərə qarşı görülən tədbirlər müsbət nəticələnmir – narkomanların sayını azaltmır.
· Gürcüstanda yüksək miqdarda kustar üsulla hazırlanan narkotiklər dövriyyədədir. Bu halda həmin narkotikləri istifadə etmək yerinə nəzərdə tutulan miqdarda marixuana çəkmək daha yaxşıdır.
· Marixuanadan istifadənin (hətta müntəzəm olsa belə) cəmiyyətə heç bir təhlükəsi yoxdur. Buna görə də bu kiçik qanun pozuntusuna belə şiddətli cəza vermək heç də humanistcə deyil.
· Vətəndaşları marixuanadan istifadəyə görə kütləvi şəkildə həbsə atmaq yerinə, daha yaxşı olardı ki hakimiyyət narkotiklərdən istifadənin qarşısını almaq üçün ehtiyat tədbirləri görsün. Məsələn, sağlam həyat tərzini təbliğ etsin, münasib qiymətlərlə xidmət göstərəcək idman komplekslərinin açılmasına çalışsın.
Əlehinə olan arqumentlər
· Adətən marixuanadan istifadə narkomnalıq yolunda ilk addımdır. Bunun ardınca narkotikin daha təhlükəli növlərindən istifadə dövrü başlayır.
· Cəzanın yüngülləşdirilməsi onsuz da az olmayan marixuana istifadəçilərinin sayını daha da çoxaldacaq (dəqiq statistika olmasa da, saylarının 100 mindən az olmadığını demək mümkündür).
· Mövcud qanunların mənfi tərəfləri olsa da, cinayət məsuliyyəti bir çox insanı narkotik istifadəsindən çəkindirən mühüm faktordur. Əgər o ləğv olunsa, marixuanadan istifadə adi hal olacaq.
· Narkotikdən müntəzəm istifadə insan sağlamlığı üçün olduqca zərərlidir. Onun orqanizmdə yaratdığı fəsadlar insan taleyini heç də həbs cəzasından az məhv etmir.
· Cinayət məsulliyyətini tələsik, fikirləşmədən ləğv etmək olmaz. Liberallaşdırma prosesinə başlamaq üçün əvvəlcə yaxşı mühit yaradılmalıdır – əsasən, qabaqlayıcı tədbirlər sistemi gücləndirilməli və effektiv müalicə proqramı hazırlanmalıdır.
· 2016-cı ildə çətənənin istifadəsi ilə bağlı olan problemlər cəmi 12 dəfə tibb müəssisələrinə müraciət etməyə səbəb olub.
· Daxili İşlər Nazirliyi hər il 50 minə yaxın adamı narkotik testindən keçirir.
· Son 7 il ərzində narkotik istifadəsilə bağlı icbari qaydada testlərin keçirilməsinə dövlət büdcəsindən 17 milyon lari ayrılıb.
· Maraqlıdır ki, narkotikin istifadə faktı ancaq 35% halda təsdiq olunub.