Siyasi məhbus quru aclığa başlayıb
Hazırda həbsdə olan “Müsəlman birliyi” hərəkatının üzvü Razi Hümbətov hərəkat lideri Taleh Bağırzadəyə dəstək məqsədilə quru aclığa başlayıb. Bağırzadə özü isə artıq 12 sutkadır ki, saxlandığı həbsxanada aclıq aksiyasını davam etdirir. O, Azərbaycanda polis idarələrində özbaşınalığın və Allaha küfrün dayandırılmasını tələb edir.
- ABŞ Dövlət Departamenti bəyan edib ki, Azərbaycanda hərbi xidmətdən imtina etmək mümkün deyil
- Avropada yaşayan bloqer Azərbaycan hakimiyyətini ona qarşı sui-qəsd təşkilində ittiham edir
- “Yanımda kişi yoxdursa, bu mənim şəxsi seçimimdir”
Nə baş verib?
Artıq dördüncü gündür ki, “Müsəlma birliyi” hərəkarının üzvü Razi Hümbətov quru aclığa davam edir. Aclığa başlamazdan əvvəl o, bu haqda saxlandığı həbsxana rəisini yazılı şəkildə xəbərdar edib. Bu haqda “Toplum TV”-yə Razi Hümbətovun qardaşı Ramin Hümbətov bildirib.
Hümbətov quru aclığa başlamaqla “Müsəlman birliyi” hərəkatının lideri Taleh Bağırzadəyə dəstək ifadə edir. Hazırda həbsxanada olan Bağırzadə özü isə artıq 12-ci sutkadır ki, aclıq edir.
“Dünən mən onunla görüşdüm. Halsız və üzü solğun idi. Hərarəti olmasa da, gözləri qızarmışdı. Gözlərinin ağı görünmürdü. Başında dəhşətli ağrı olduğunu da söylədi. Mən danışanda onu hələ ümumi kameradan çıxarmamışdılar. İlk gündən sudan da imtina edib. İnsan susuz nə qədər yaşaya bilər ki?” – Ramin Hümbətov jurnalistlərə bildirib.
Həkimlərin fikrincə quru aclığın 8-10-cu günündə ölüm halı mümkündür.
Ramin Hümbətov qardaşının əvvəldən aclıq aksiyası keçirmək niyyətində olduğunu söyləyir:
“Onlara haqsız yerə cəza verilib. Həm buna görə, həm də Allahın təhqir olunmasına görə, aclıq aksiyası elan etdi. Sübut olmadan ona 6 il cəza verilib. Artıq 1 ildir ki, həbsdədir. Əvvəl də biz onu fikrindən yayındırmağa çalışırdıq ki, aclığa başlasan, nə olacaq? Dünən də danışanda dedi ki, ya mən buradan ölümlə çıxacam, ya da bəraət veriləcək”.
Ön tarixçə
2022-ci il mayın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsi Razi Hümbətovu altı il müddətinə azadlıqdan məhrümetmə cəzasına məhkum edib. O, AR cinayət məcəlləsinin “xüsusi böyük həcmdə narkotik vasitələrin dövriyyəsi” maddəsi ilə təqsirli bilinib.
“Müsəlman birliyi” hərəkatının həbsdə olan lideri Taleh Bağırzadə isə 2022-ci il iyunun 3-dən aclığa başlayıb. Digər hərəkat üzvləri və bir neçə dindar Bağırzadəyə dəstək məqsədilə aclıq aksiyasına qoşulublar.
Bağırzadənin özü polis özbaşınalığı və polis idarələrində Allahın ünvanına küfrə qarşı etiraz edir. Onun sözlərinə görə, polis idarələrində hüquq-mühafizəçiləri saxlanılanlara işgəncə verir və Allahım ünvanına söyüş söyürlər.
Dindarlar tərəfindən bu iddialar ilk dəfə 2022-ci il mayın 20-də, polis Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında iki etirazçını saxladığı zaman səsləndirilib. Bir neçə gündən sonra onlar mətbuat konfransı keçirərək jurnalistlərə polis şöbəsində məruz qaldıqları işgəncələr haqda danışıblar. Həmçinin onlar qeyd ediblər ki, polislər onların yanında Allahı təhqir ediblər.
Daxili İşlər Nazirliyi polislərin Allahın ünvanına söyüş söydükləri ilə bağlı dindarların iddialarını təkzib edir. Azərbaycan polisi bütün dinlərə hörmətlə yanaşır – DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirub.