Siyasətçilər hədəf altında
İnternetdə şəxsi həyatı əks etdirən, gizli kamera ilə çəkilmiş daha bir seksual xarakterli video yayılıb. Bu, son iki həftə ərzində internetdə yayılan bu qəbildən ikinci videodur.
Martın 14-də yayılan video-kadrlarda oradakı adamların sifətləri görünmür. Videonu müşayiət edən mətndə naməlum müəllif həmin videoda əks olunan siyasətçiləri siyasətdən getməyə çağırıb, əks halda o gələcəkdə də bu cür video-yazıları yayacağını bildirib.
“Siyasətdən gedin, bu zaman başqa kadrlar internetə qoyulmayacaq, əks halda siz yeni seriyaları da görəcəksiz, – videonun naməlum müəllifi təhdid edib.
Baş verənlərlə əlaqədar Gürcüstandakı iki əsas internet provayderi olan “Silknet və “Caucasus Online istifadəçiləri üçün “Youtubea giriş məhdudlaşdırılıb.
Bundan əvvəl martın 11-də, cümə günü “Youtubea siyasətçinin şəxsi həyatını əks etdirən başqa video-kadrlar yerləşdirilmişdi. Bir saat ərzində onlar internet istifadəçiləri üçün açıq olub. Həmin video-kadrlarda konkret insanların identifikasiyası mümkün idi. Bununla belə, həmin video-kadrların daha geniş yayılması üçün sosial şəbəkələrdəki müəyyən edilməmiş ünvanlardan media vasitələrinə internet linklər göndərilib.
“Youtubeda yayılmasından bir saat sonra video bloklandı. Fakt üzrə istintaqı Gürcüstan DİN rəhbəri Georgi Mqebrişvili, baş prokuror İrakli Şotadze və Dövlət Təhlükəsizlik xidmətinin başçısı Vaxtanq Qomelauri öz şəxsi nəzarətləri altına götürüblər. Amma araşdırma başlayandan dörd gün keçməsinə baxmayaraq, istintaq hələ heç bir konkret nəticə verməyib.
Cinayət işinin istintaqı Gürcüstan Cinayət Məcəlləsinin 157-ci maddəsinin 2-ci hissəsinə (şəxsi və ya ailə sirrinin, şəxsi həyatı əks etdirən informasiyanın və ya şəxsi məlumatların internet vasitəsi ilə qeyri-qanuni istifadəsi və (və ya) yayılması) əsasən aparılır. Bu da cərimə və ya iki ilə qədər islah işləri, yaxud da dörd ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Müvafiq qurumları iş üzrə operativ istintaqa Gürcüstanın baş naziri Georgi Kvirikaşvili cəlb edib. Baş nazirin bəyanatında bildirilir ki, həmin işin istintaqı Gürcüstanın hüquq-mühafizə orqanları üçün vacib imtahan olacaq.
Gürcüstanın şəxsi məlumatların qorunması üzrə müfəttişi Tamar Kaldani də dərhal reaksiya verib. Şəxsi məlumatların qorunması üzrə müfəttiş istintaq orqanlarını yalnız internetdə video-yazıları yayanın şəxsiyyətini müəyyən etməyə deyil, həm də bu videonun mənşəyini və həqiqiliyini üzə çıxarmağa çağırıb.
Gürcüstan parlamentinin sədri David Usupaşvili gizli video-yazının yayılmasını cəmiyyətə qarşı yönələn mənəvi terror aktı adlandırıb. David Usupaşvili hüquq-mühafizə orqanlarını istintaqa beynəlxalq anti-terror qurumlarını cəlb etməyə və istintaqa göstərilən köməyə görə pul mükafatı təyin etməyə səsləyib.
Müxalifət hakimiyyəti şəxsi həyatla bağlı gizli video-kadrların yayılmasında ittiham edir. “Bizim Gürcüstan – Azad demokratlar partiyasının lideri İrakli Alasaniyanın fikrincə, bu qəbildən olan materialları ancaq müəyyən hakimiyyət qurumları ələ keçirə bilər.
“Məntiqlə ancaq hakimiyyət nümayəndələri bu cür materialları ələ keçirə bilər. Bu materiallar məhv edilməyib, onlar xüsusi xidmət orqanlarında saxlanılır. Onlar həm də keçmiş hakimiyyət nümayəndələri tərəfindən yayıla bilərdi. Amma bu gün mən içimdə tam əminəm ki, son bir il ərzində baş verənlər mənə bu hücumun müəyyən hakimiyyət dairələrindən gəldiyini təxmin etməyə əsas verir, – deyə Alasaniya bildirib.
Hakimiyyətin ünvanına ittihamları “Milli hərəkatın lideri David Bakradze də irəli sürür. Bakradze bildirir ki, bu cür faktların qarşını ancaq bu iyrənclikləri yayan və cəmiyyətdə tədhiş yaradanları müdafiə edən hakimiyyətə qarşı mübarizə nəticəsində almaq mümkündür.
Hakimiyyətin həmin video-kadrların yayılması ilə əlaqəsini Gürcüstan parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri İrakli Sesiaşvili qəti surətdə rədd edir. O, keçmiş hakimiyyət nümayəndələrinə – “Milli hərəkata qarşı ittihamlar irəli sürür.
“Bizim hamımız keçmiş hakimiyyətin hansı siyasi üslubdan istifadə etdiyini çox gözəl bilirik. Bilirik ki, kim vaxtıykən bu cür video-yazıların hazırlanmasını sifariş etmişdi, kim onları hazırlayır, saxlayır, istifadə edir və yayırdı. İndiki hakimiyyətə daş atmaq həmin video-yazını yayan adamın güddüyü məqsəddir. Mən burada konkret siyasi, məqsədyönlü bir kampaniya görürəm. Real olaraq kimin günahkar olduğunu və buna görə məsuliyyət daşıyanı seçə bilməyənləri isə mən ya idarə olunan, ya da həmin kampaniyanın bir hissəsi hesab edəcəm, – Sesiaşvili bildirib.
Vətəndaşların şəxsi həyatını əks etdirən video-kadrların internetdə yayılmasına hüquq müdafiə təşkilatları da etiraz edib. Onlar bu cür faktların cəzasız qalması ilə bağlı tənqidi fikirlər səsləndirib və hüquq-mühafizə orqanlarını effektiv araşdırma aparmağa çağırıblar. Qeyri-hökumət sektorunun nümayəndələri bildirir ki, indiyə qədər heç bir qeyri-qanuni izləmə faktı araşdırılmayıb və heç kim məsuliyyətə cəlb olunmayıb.
Video-kadrların yayılması sosial şəbəkələrdə kəskin reaksiyaya səbəb olub. Demək olar ki, heç bir “Facebook istifadəçisi öz səhifəsində həmin video-kadrları paylaşmayıb. “Facebook istifadəçiləri etiraz aksiyası keçirməyi planlaşdırıblar və internetdə kadrların yayılmasından bir neçə saat sonra onlar Dövlət Dəftərxanasının qarşısında aksiya keçiriblər.
Aksiya iştirakçıları hakimiyyətdən günahkarların üzə çıxarılması və cəzalandırılmasını tələb ediblər. Dəftərxana qarşısında qaldırılan transparantlarda aşağıdakı şüarlar yazılıb:
“Məni də ayaqyolunda çəkin!
“Seks cinayət deyil!
“Vətəndaşların şəxsi həyatından əlinizi çəkin!
Bir neçə il ərzində qeyri-qanuni izləməyə qarşı çıxan “Bu, sənə aiddir! İctimai Hərəkatı yeni kampaniyanın keçirilməsini planlaşdırır. Bu kampaniya əvvəlki ilə müqayisədə daha böyük miqyaslı olacaq. Kampaniyada daha çox sayda qeyri-hökumət sektorunun təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak edəcək. Aksiya təşkilatçılarının bildirdiyi kimi, söhbət təkcə siyasətçilərdən və üzdə olan simalardan getmir. Eyni problemlə istənilən vətəndaş da qarşılaşa bilər. Kampaniya çərçivəsində keçiriləcək ilk etiraz aksiyası martın 19-na planlaşdırılıb.
JAMnews vətəndaşların şəxsi həyatını əks etdirən video-kadrlar haqqında nə düşündüklərini və onların fikrincə, kimin buna görə məsuliyyət daşıdığını öyrənib:
‘Buna görə məsuliyyəti təbii ki, ilk növbədə dövlət daşıyır. Çünki sən bu cür şeylərin bir daha təkrarlanmayacağı ilə bağlı söz verəndə və bütün plyonkaların məhv edildiyini deyəndə… İndi mənə elə gəlir ki, hər şey əksinə oldu və elə onların özləri həmin plyonkalardan öz məqsədləri üçün istifadə edirlər. Bu da onların fikrincə, şantaj və şəxsiyyətin məhvi üçün əla imkandır’.
‘Bu kadrlar siyasətin çirkli iş olduğunu açıq şəkildə göstərdi. Məncə, bu kadrları yenə də millətçilər yaydı. Burada ya həmişə çox mübariz olmaq, ya da öz şəxsi həyatınla məşğul olub, siyasətdən getmək lazımdır’.
‘Mən hesab edirəm ki, şəxsi həyatın heç kimə dəxli yoxdur. Kimin necə yaşadığının heç kimə dəxli yoxdur. Yəqin ki, plyonkalar məhv ediləndən xeyli əvvəl həmin videoların surətləri çıxarılıb’.
‘Bunlar öz məqsədlərinə çatmaq üçün nələrə əl atmırlar. Mən elə əvvəldən də həmin yazıların məhv ediləcəyinə inanmırdım. Onlar partiyalar haqqında bütün materialları, onlara lazım olan hər şeyi saxlayıblar. Bunların arxasında Bidzina İvanişvili dayanır. Ondan xəbərsiz heç kim heç nəyi açıqlamazdı. Bu, mümkün deyil’.
‘Bütün bunlar bizə yaraşmır. Cəmiyyətimizə yaraşmır. Bu bütün variantları ilə çox çirkin metoddur – həm çəkənlər, həm də ondan istifadə edənlər üçün’.
‘Şəxsi həyatımda nəylə məşğul olmağımın heç kimə dəxli yoxdur’.
‘Əgər hakimiyyət buna da nəzarət etmək iqtidarında deyilsə, daha bilmirəm… Amma bu da istisna deyil. Onların nəzarət edə bilmədiyi o qədər şey var ki, bunu da bacarmadıqları təəccüb doğurmur’.
‘Bu video-kadrların yayılması pis nəticələrə gətirib çıxaracaq, elə həmin o kadrlarda əks olunan insanlar üçün də’.
‘Məncə, burada başqa bir fikir ola bilməz. Əlbəttə ki, bu yolverilməzdir və beyni zibilləyir’.
‘Bu, doğru deyil. Bütün bunları çəkən düz hərəkət etməyib’.
‘Seçkilərə az qalıb, bunlar da opponentlərini aradan götürməyə başlayırlar. Əlbəttə ki, buna görə məsuliyyət hakimiyyətin üzərindədir, başqa kimin üzərində ola bilər ki?! Bu gün vəziyyətə nəzarət edənlərin. Dünyanın istənilən sivil ölkəsi üçün bu, yolverilməzdir, amma biz hələ ki, bura qədər gəlib çıxa bilməmişik’.
14.03.2016