Şimali Osetiya sakininin faciəvi hekayəsinin motivləri əsasında çəkilən Hollivud filmi osetin tamaşaçılarının tənqidiylə üzləşdi
Əslən Şimali Osetiyalı olan Vitali Kaloyevin faciəvi həyat hekayəsinin motivləri əsasında çəkilən “Fəsadlar” (Aftermath) Hollivud filmi Moskvada, “Rusiya bu gün” multimedia mətbuat mərkəzində ilkin qapalı nümayişi zamanı tənqidə məruz qalıb.
“Filmdə real faktlar əməlli-başlı təhrif olunub. Film yaradıcıları bir dəfə də olsun Kaloyevlə əlaqə saxlamayıblar”, – nümayişdə olan jurnalistlər deyirdi.
Film rəsmi olaraq bu həftə – aprelin 7-də kinoteatrlarda nümayiş olunacaq.
Film Əslən Şimali Osetiyalı olan Vitali Kaloyevin həyat hekayəsinin motivləri əsasında çəkilib, Kaloyevin ailə üzvləri 2002-ci ildə, Almaniyada, Boden gölü üzərində təyyarə qəzası nəticəsində həlak olur. Kaloyev həyat yoldaşını və qızını itirir, ədalətli məhkəmənin keçirilmədiyini görüb, faciənin baiskarı, iki təyyarənin bir-biriylə toqquşmasına yol verən aviadispetçeri tapır və qətlə yetirir.
Filmdə cərəyan edən hadisələr ABŞ-da baş verir. Arnold Şvartsneqqer burada təyyarə qəzası zamanı ailəsini itirən və qisas almaq istəyən ata rolunu oynayır. Baş qəhrəmanın yaxınlarının ölümündə günahkar bildiyi dispetçer rolunu isə Skut Makneyri ifa edir.
“Şvartsneqqerin obrazında qafqazlıya məxsus heç nə yoxdur. Bir iz belə yoxdur. Heç lupa altında da görmək mümkün deyil. Filmə baxandan əvvəl inanmaq istəyirdim ki, heyran olacam. Amma Şvartsneqqer pis, çox pis oynayır. Arnold Şvartsneqqerin aktivində “Həqiqi yalan” adlı məşhur film var. Təəssüf ki, Vitali Kaloyev haqqında film də bu cür adlana bilərdi”, – nümayişdən sonra jurnalist Lev Rıjkov deyib.
Filmin fevralın 8-də işıq üzü görmüş rəsmi treylerinin annotasiyasında deyilir ki, o, reallığın bərpasına yönəlməyib və real hadisənin motivləri əsasında çəkilib. “Dağıdıcı təyyarə qəzasından sonra iki, bir-birini tanımayan adam bir-biriylə sıx bağlıdır”, – treylerin annotasiyasında deyilir.
Yazıçı və jurnalist, Vitali Kaloyevin həyat hekayəsindən bəhs edən “Toqquşma” sənədli romanının müəllifi Kseniya Kaspari də bu mövzuda fikirlərini deyib. Roman aprelin ortalarında satışa çıxacaq.
“Kitab Vitali Kaloyevin bilavasitə iştirakıyla yazılıb. O, əlyazmanı oxuyan birinci adamlardan olub və onu bəyənib. Ona etibarına və səmimiyyətinə görə çox minnətdaram. Mən həm də qəzadan sonrakı ilk günlərdə və aviadispetçerin qətli ilə bağlı işin istintaqı zamanı onun yanında olan adamların xatirələrini topladım. Təyyarə qəzası üzrə çox sayda sənəd, Kaloyevin və onun işi üzrə şahidlərin dindirilməsinin protokollarını nəzərdən keçirmişəm. Bu, böyük və mürəkkəb işiydi və çox şadam ki, onu sona çatdıra bildim”, – Kaspari öz Facebook səhifəsində yazır.
- 2002-ci il iyulun 1-də Rusiyanın “Başqır Hava Yolları” aviaşirkətinin uşaqları Moskvadan Barselonaya tətilə aparan təyyarəsi DHL şirkətinin yük təyyarəsi ilə toqquşub. Təyyarədəki hər kəs, ö cümlədən Kaloyevin arvadı və iki övladı həlak olub. Daha sonra istintaq qəzanın məsuliyyətini İsveçrənin Skyguide şirkətinin üzərinə qoydu.
- 2004-cü il fevralın 24-də Skyguide şirkətinin qəza günü növbədə olan dispetçeri Piter Nilson İsveçrədə evinin kandarında öldürüldü. Qətldə şübhəli şəxs kimi Vitali Kaloyev həbs edildi. Kaliyev bildirdi ki, o, Nilsenə uşaqlarının şəklini göstərib və ondan üzr istəməsini tələb edib. Nilson isə Kaloyevin əlinə vurub, şəkilləri yerə salıb. Vitali Kaloyev deyir ki, bundan sonra nə baş verdiyini xatırlamır. 2005-ci ildə Kaloyev İsveçrə məhkəməsi tərəfindən günahkar bilində və 8 il müddətinə azadlıqdan məhrum edildi.
- 2007-ci ilin noyabrında Vitali Kaloyev vaxtından tez azad edildi və Rusiyaya qayıtdı. Osetiyaya qayıtdığı zaman yerliləri onu təmtəraqla qarşıladılar. 2008-ci ildə Kaloyev Şimali Osetiyanın İnşaat və Memarlıq nazirinin müavini təyin edildi.