Şimali Osetiya: deputat müəlliməni döyüb?
Şimali Osetiyada rayon məclisinin 28 yaşlı deputatı Vasili Qogiçaşvili beşinci sinif şagirdi olan qardaşı qızının şikayətindən sonra elə dərs vaxtı ibtidai məktəbin müəlliməsi Mədinə Sodiyevanı döyüb.
Hadisə Ardon şəhərindəki 4 №-li məktəbdə, altı yaşlı şagirdlərin gözü qarşısında baş verib.
Məktəblilərin valideynlərinin şikayətində deyilir ki, deputat dərsə daxil olaraq, müəllimənin üstünə cumub, onu saçlarından tutaraq, direktorun başqa mərtəbədə yerləşən kabinetinə sürüyüb.
Bu vaxt tənəffüsə zəng vurulub və buna görə də, digər şagirdlər də həmin səhnənin şahidi olublar.
Valideynlər şikayətlərində yazırlar ki, direktorun kabinetində Vasili Qogiçaşvili müəlliməni plastik butulka və kəsici alətlə vurmağa cəhd edib. Bütün bu vaxt ərzində o, ədəbsiz sözlər işlədirmiş.
• Gürcü məktəbli: “Amerika məktəblərində azad düşünməyi öyrədirlər”
• Azərbaycan məktəblərində seks-qalmaqallar
• Məktəblərdə zorakılıq. Çıxış yolu varmı?
Eyni şeyləri jurnalistlərə müəllimə Mədinə Sodiyeva özü də danışıb.
Münaqişəyə səbəb məktəbdə baş vermiş kiçik oğurluq hadisəsi olub. Müəllimə bu hadisəni şagirdlərlə müzakirə edirmiş və onlardan biri hesab edib ki, oğurluqda ondan şübhələnirlər. Bu, Vasili Qogiçaşvilinin qardaşı qızı olub və o, əmisinə şikayət etdikdən sonra deputat məktəbə haqq-hesab çəkməyə gəlib.
Deputat hər şeyi inkar edir və cavab olaraq bildirir ki, müəlliməyə qarşı böhtana görə şikayət ərizəsi vermək niyyətindədir.
“Heç bir döyülmə hadisəsi olmayıb. Olan odur ki, müəllimə qanunsuz olaraq qardaşımın qızını – fiziki qüsurlu və sağalmaz xəstəlikdən əziyyət çəkən uşağı ittiham edib ki, o, 60 rubl (təxminən 1 dollar) oğurlayıb. İstənilən adam özündən çıxardı! Amma mən ona barmağımı da vurmamışam”, – Qogiçaşvili deyib.
Deputat bildirib ki, könüllü olaraq səlahiyyətlərindən əl çəkəcək – lakin belə bir təklif verib ki, o da, Sodiyeva da yalan detektorunda testdən keçsinlər. Müəllimə razılaşıb.
Qalmaqala bütün ictimaiyyət qoşulub və araşdırma siyasi rəng alıb.
Şimali osetiyalı deputatı Rusiya Federasiya Şurasının senatoru Arsen Fadzeyev dəstəkləyib.
“O, müəlliməni döyməyib, – senator deyib. – Hərçənd, razıyam ki, onun məktəbə gəlməyə və haqq-hesab çəkməyə, müəlliməyə səsini qaldırmağa da ixtiyarı yox idi, çünki o deputatdır və insanların maraqlarını təmsil edir”.
Osetiya ənənələrinin qorunması ilə məşğul olan “Stır Nıxas” ictimai hərəkatı bildirib ki, Qogiçaşvili xalq məhkəməsi qarşısında cavab verməlidir.