Bütün Şimali Osetiyanın balaca qızı xilas etməsi haqda
Yaş yarımlıq Arnella Persayevanın hekayəsi bu gün bütün Şimali Osetiyada rəmzə çevrilib.
Bir neçə ay ərzində hamı bir olaraq onun üçün 2 milyon 100 min dollar pul toplayıb. Qızcığazı nadir genetik xəstəlik olan onurğa əzələlərinin atrofiyasından müalicə etmək üçün lazım olan bir iynə bu qiymətədir.
Pulun toplanmasında hər kəs iştirak edib. Kimsə 3, kimsə 300 dollar köçürüb. Ulduz artistlər və futbolçular, o cümlədən də Moskvada olanlar minlərlə dollar göndəriblər.
Budur mayın 24-də Arnella Persayevanın xeyriyyə hesabı bağlanıb – lazım olan məbləğ artıq toplanıb. Sonuncu çatmayan məbləği – 54 milyon rublu (800 min dollar) “Alaniya” futbol klubunun prezidenti Vladimir Quriyev və onun biznes ortağı Tamerlan Dzqoyev tamamlayıb.
Bu, tam zamanında baş verib – xilasedici iynə uşağa iki yaşına qədər vurulmalıdır.
Arnellanı xilas edə biləcək preparat “Zolgensma” adlanır, Rusiyada qeydiyyatdan keçməyib, ABŞ-da istehsal olunur.
Bu bir neçə ay ərzində Arnellaya yardım bir növ ümummilli ideyaya çevrilib. Gözəllik salonlarının, mağaza və kafelərin işçiləri əməkhaqlarının bir hissəsini bu məqsəd üçün ayırıb. Aksiyaya Osetiya məmurları və siyasətçiləri də qoşulub.
Şimali Osetiyadan olan məşhur reperlər MiyaGi və Andy Panda bildiriblər ki, bütün Avropa turundan qazandıqları vəsaiti ailənin hesabına köçürəcəklər.
“Bizim Avropa şəhərlərinə hələ 2019-cu ildə anons edilən konsert turumuz Arnellanın adını daşıyır – Miyagi & Andy Panda Arnella”s Tour”, – musiqiçilərin rəsmi Instagram səhifəsində qeyd olunub.
- Uşaqlar autizmin öhdəsindən necə gəlir?
- Gürcüstan məktəblərində bullinq: digərlərinə bənzəməmək təhlükəli olanda
Koronavirus pandemiyası ilə əlaqədar musiqiçilərin Avropa turu təxirə salınandan sonra reperlər Arnellaya dəstək çelenci başladıblar. Onlar bildiriblər ki, yeni “YAMAKASY” albomunu buraxacaqlar və bu albom açıq paylaşılacağı üçün pulsuz dinləmək mümkün olacaq – əgər onlar 50 milyon rubl toplaya bilsələr [təxminən 640 min dollar].
Avropada alman bloger Tero öz mağazasının ticarət dövriyyəsindən əldə etdiyi gəlirin 25 faizini Arnellanın müalicəsinə ayırıb. O, osetin reperlərin qızcığaza həsr etdikləri “Utopia” trekinə belə reaksiya verib.
Bu hekayədə belə iştirakçılar çoxdur. Məşhur rusiyalı futbolçu Aleksandr Kokorin də çelenc başladıb və Rusiya Premyer-Liqasının futbolçularını uşağın müalicəsi üçün maddi yardım etməyə çağırıb. Analoji çağırışları dünya futbol ulduzları Roberto Karlos və Samuel Eto’O da paylaşıblar.
Bütün dünya futbolçuları genişmiqyaslı ümumi xeyriyyə lotereyası təşkil ediblər. Aksiya çərçivəsində uduşda futbol ulduzlarının imzalı köynəkləri oynanılıb.
Anonim mesenatlar böyük məbləğlər köçürüblər.
“İnamınıza, dualarınıza, dəstəyinizə görə sağ olun! Arnella rəqs edəcək! Qoy xeyirxahlıq geri dönsün!” – pul toplanması prosesi haqda bəhs edilən Instagram səhifəsində bu sözlər yazılıb.
Arnella Persayevanın anası bildirib ki, uşaq Moskvada Pediatriya İnstitutuna yerləşdirilib. İndi ailə “Zolgensma” preparatını Rusiyaya gətirməyi öhdəsinə götürən Amerika şirkəti ilə müqavilənin bağlanması ilə məşğuldur.
Amma bu xoşbəxt hekayənin faciəvi tərəfi də var. Arnellanın kiçik qardaşı Alixana da eyni diaqnoz qoyulub – onurğa əzələlərinin atrofiyası.