Sevdiyim qız ermənidir
aqif (ad dəyişdirilib) Azərbaycanda yaşayır. O, öz ölkəsini sevir, bir ömür burada yaşayıb, elə burada ölmək arzusundadır. Vaqif musiqiçidir, Azərbaycan musiqisinin dəlisidir və bu musiqini bütün dünyaya tanıtmaq istəyir. Yetkinlik yaşına çatandan sonra Vaqif Moskvaya gedib və incəsənət institutuna daxil olub. İndi onun 27 yaşı var.
Universitetdə o, müxtəlif millətlərdən olan gənclərlə, o cümlədən də ermənilərlə tanış olub. Onlarla ehtiyatlı davranıb – hər halda Ermənistan və Azərbaycan artıq 30 ildən çoxdur ki, Dağlıq Qarabağa görə münaqişə yaşayır və bir-birindən təcrid olunmuş cəmiyyətlərdə qarşılıqlı nifrət həddi çox yüksəkdir.
“Ermənilər mənə doğru can atırdılar, çünki onlara elə gəlirdi ki, mən erməniyə oxşayıram. Dərhal onlara deyirdim ki, “erməni deyiləm, Bakıdan gəlmişəm”. Amma onlar da üzlərini çevirib “hə, azərbaycanlısansa, onda sağ ol”, deyəsi deyildilər ki. Nəticədə belə alındı ki, Moskvada mənim ən yaxın dostlarım ermənilər oldu.
Mən Moskvada da Bakıda olduğu kimi azərbaycanlı dostlarımın olmasını istəyərdim, amma alınmadı. Yeri gəlmişkən, birinci dəfə mənə yaşamaq üçün yeri erməni dostum verdi. Ev axtarırdım, o da onunla yaşamağı təklif etdi. Səs rejissorluğunu da o mənə öyrətdi ki, pul qazana bilim, karaoke-klubda işə düzəlməyə kömək etdi”.
Vaqif danışır ki, o, orada nəinki öz “azərbaycanlı” əngəlindən, həm də “yəhudi” əngəlindən qurtulub. Universitetdə İsrailin müharibə etdiyi ölkələrdən – Suriya və Livandan ərəb tələbələr də olub, Vaqif onlarla da dostlaşıb.
Deyir ki, uşaqlıqdan ona yəhudi qızla evlənməli olduğunu aşılayılayıblar. Buna görə də başqa millətdən olan qızlar onun üçün həmişə “arzulanan qadağan edilmiş meyvə” kimi olub.
“Erməni dostum vardı, onunla bir vokal müsabiqəsinin seçimində iştirak edirdik və ikimiz də keçmişdik. Onu bacıları dəstəkləməyə gəlmişdi. Onların arasında bir qız gördüm və necə deyərlər vuruldum. Özüm də şərqli ailəsindən olduğum üçün bilirdim ki, qardaşına onu bəyəndiyimi deməyim uyğun olmazdı. Dostumla münasibətləri korlamaq istəmirdim, buna görə də vəziyyətlə barışdım, amma qızı unuda bilmirdim”.
İki ildən sonra Anahit (ad dəyişdirilib) özü Vaqifi internetdə tapıb və ona yazıb. Vaqif qızın da onu bəyəndiyini və bütün bu müddət ərzində onun çıxışı olan videonu saxladığını öyrənib. Onlar görüşməyə başlayıblar.
Onların münasibəti “hər şey mürəkkəbdit” təsbitinə tam uyğundur. Vaqif təhsildən sonra Azərbaycana qayıdıb, Anahit onun yanına gələ bilmir. Anahitin ailəsi bir çox Moskvaya köçən qafqazlılar kimi öz ənənələrinə sadiq qalıb. Vaqif Anahitin qardaşının xeyir-duasını almağa çalışıb, amma qəti rədd cavabı alıb:
“Dedi ki, min kərə yox. “Mən sənə onunla hətta sadəcə ünisiyyəti, dostluğu da qadağan edirəm. Özünə yəhudi qız tap, bizim isə ənənələrimiz çox ciddidir. Mənim bacım yalnız erməni ilə evlənəcək”. Anahit dedi ki, mən azərbaycanlı olsaydım, bəlkə də bu söhbət daha faciəli bitə bilərdi”.
Vaqifin Anahitin qardaşı ilə dostluğu sona çatıb. Vaqifin anası erməni qızla eşq macərasını öyrənəndən sonra çox məyus olub.
Anahiti ancaq böyük bacısı dəstəkləyib, çünki o da qeyri-erməni ilə görüşür. O, böyük olduğu üçün qardaşı ona təzyiq göstərə bilmir.
“İki dəfə onunla Tbilisidə görüşdük. O, təyyarı ilə gəlmişdi, mən avtobusla və bizim cəmi üç saatımız vardı, o, elə həmin gün geri uçmalıydı ki, heç kim bilməsin. Valideynləri onun harasa uçduğunu biilsəydi, onun sonu olardı”, – Vaqif danışır.
Vaqifin sözlərinə görə, Anahit də azərbaycanlılara qarşı qərəzli fikirdədir, çünki onu elə tərbiyə ediblər, amma öz fikrini əsaslandırmasını istəyəndə, o, əzbərlədiyi ifadələrdən başqa heç nə deyə bilmir.
“Bir dəfə mənə dedi ki, yəqin azərbaycanlı olsaydım, mənimlə görüşə bilməzdi. Ona bunu yeridiblər və mən buna görə məyus oluram. Tezliklə Moskvaya qayıdacam. əminəm ki, onu fikrindən döndərə biləcəm və o, həmvətənlərim haqda düşüncəsini dəyişəcək”.
Vaqif tezliklə sevdiyi qızı görəcək, amma anlayır ki, ona çətin olacaq.
“Biz birlikdə şəkil çəkdirə bilməyəcəyik, axı xoşbəxt olanda bütün dünyanın bunu bilməsini istəyirsən. Mən onu işdən sonra qarşılaya və evə ötürə bilməyəcəm. Biz digər cütlüklərin elədiyi ən xırda xoş anlardan məhrum qalacağıq.
Mənə daha rahatdı, çünki kişiyəm və xoşbəxtliyim üçün valideynlərimə qarşı çıxa bilərəm. Ona daha çətindir, amma o güclüdür, inadkardır, buna görə də məni gözləyir.
Mən bir-birlərinə qarşı qərəzi olan bütün azərbaycanlılara və ermənilərə məsləhət görərdim ki, harasa xaricə gedib, tək yaşasınlar. O zaman hər şeyi yenidən düşünürsən, anlayırsan ki, bütün insanlar bərabərdir və pis millət yoxdur”.