Sergey Skripalı nə ilə zəhərləyiblər?
Aprelin 12-də Kimyəvi Silahların Qadağası üzrə Təşkilat (KSQT) keçmiş Rusiya kəşfiyyatçısı Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsi ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlayıb. JAMnews-un daha əvvəl xəbər verdiyi kimi onları martın 4-də İngiltərənin Solsberi şəhərində zəhərləyiblər. Skripal 2010-cu ildən Böyük Britaniyada yaşayır, həmin ölkənin kəşfiyyatı ilə əməkdaşlıq edirdi.
“Novaya Qazeta”nın xəbərinə görə, KSQT-nin hesabatı Britaniya polisinin apardığı istintaqın “Solsberidə istifadə olunan toksik kimyəvi maddənin mənşəyinin müəyyən edilməsinə dair” nəticələrini təsdiqləyib. Daha əvvəl Birləşmiş Krallığın baş naziri Tereza Mey bəyan etmişdi ki, Skripal və qızı SSRİ-də istehsal olunan “Noviçok” adlı sinirləri iflic edən maddə ilə zəhərləniblər. Mey vurğulamışdı ki, Rusiya Skripalın zəhərlənməsi ilə birbaşa və ya dolayısı ilə əlaqədardır, çünki “Noviçok” yalnız SSRİ-də istehsal olunub. Daha sonra Britaniyanın Porton-Daun laboratoriyasının eksperləri eyni nəticəyə gəliblər.
KSQT-nın gəldiyi nəticə cinayət yerindən nümunəsi götürülən zəhərli maddənin təqiqinə əsaslanır. KSQT-nın bəyanatına əsasən, tədqiqatlar təşkilatın daimi tərəfdaşları olan dörd nüfuzlu laboratoriya tərəfindən aparılıb.
KSQT-nın bəyanatında həmçinin bildirilib: “İndentifikasiya edilmiş toksik kimyəvi maddənin adı və strukturu Katibliyin (təşkilata -JAMnews-un qeydi) üzv dövlətlərə ünvanladığı tam məxfi hesabatda qeyd olunub”. KSQT öz araşdırmasının təfərrüatlarını açıqlamayıb.
Aprelin 14-də Rusiya xarici işlər naziri Sergey Lavrov Skripal işi ilə bağlı çıxış edib. O bildirib ki, İsveçrənin “Şpits” laboratoriyasının məlumatına görə, keçmiş Rusiya kəşfiyyatçısı Rusiyada istehsal edilməyən və NATO üzvlərinin silalanmasında mövcud olan BZ kimyəvi maddəsi ilə zəhərlənib.
KSQT-nın səlahiyyətli laboratoriyası olan “Şpits” Lavrova Twitter-də cavab verib: “Yalnız KSQT bu iddianı şərh edə bilər, biz isə 10 gün əvvəlki bəyanatımızı təkrar edirik: biz Parton-Daun laboratoriyasının “Noviçok”u identifikasiya etdiyinə şübhə etmirik.
Rusiya xarici işlər nazirinin haqqında danışdığı BZ adlı sinirləri iflic edən zəhər dörd sutka ərzində insanı sıradan çıxarır. Yuliya Skripal aptelin 10-da xəstəxanadan çıxıb, onun atası isə hələ də hospitaldadır.