Seçki ərəfəsində bəyanat: Ermənistanın eks-prezidenti Robert Koçaryan “Hayastan” blokuna rəhbərlik edəcək
Ermənistanın eks-prezidenti Robert Koçaryan rəsmən “Hayastan” yeni siyasi alyansının yaradıcısı və rəhbəri olub. Alyansa iki partiya daxil olub: ən köhnə siyasi partiyalardan biri olan “Daşnaksütun” EİF və az əvvəl yaradılan “Dirçələn Ermənistan”. Yeni nlokun yaradılması haqda qətnamənin təntənəli imzalanma mərasini mayın 9-da baş tutub.
“Hayastan” bloku iyunun 20-ə təyin olunmuş növbədənkənar parlament seçkilərində iştirak edəcək.
Təntənəli mərasim zamanı Robert Koçatyan bildirib ki, məhz o, Ermənistanı böhrandan çıxara və stabil inkişafı təmin edə bilər, çünki onun “böyük təcrübəsi və yaxşı bilgiləri” var. Koçaryan onun bloku seçkilərdə qələbə qazanacağı təqdirdə reallaşdırmaq istədiyi yol xəritəsini də təqdim edib.
Bundan sonra eks-prezident alyansa daxil olan partiya liderləri ilə piyada Yerevanın Azadlıq meydanına doğru yollanıb. Burada toplanan və sənədin imzalanmasını və Koçaryanən çıxışını meydanda quraşdırılan ekrandan izləyən minlərlə tərəfdarları onları qarşılayıb.
Meydanda eks-prezident yenidən proqram nitqi ilə çıxış edib, dərin siyasi və iqtisadi böhranda olan Ermənistanı necə dirçəltmək niyyətində olduğunu elan edib.
- Rusiya XİN rəhbərinin Qafqaza səfərinin arxasında nə gizlənir? Bakı və Yerevandan şərhlər
- Qayıtmaq üçün getmək? Ermənistanın baş nazirinin gedişinin anlamı nədir? – Şərhlər
Koçaryan niyə siyasətə qayıtmaq qərarı alıb?
Koçaryan bildirib ki, siyasətə qayıtmaq fikri olmayıb, amma ölkə elə bir vəziyyətə düşüb ki, onun başqa “seçimi qalmayıb”. Onun sözlərinə görə, ölkə ciddi problemlər qarşısındadır və onlardan ən ciddisi təhlükəsizliyin təhdid altında olmasıdır:
“Biz bu hakimiyyətlə luzer xalqa çevriləcəyik. Ölkədə idarəetmə və iqtisadi böhran var. Ölkədə şəxsiyyət böhranı da aşkardır və bu cür problemlərin öhdəsindən gəlmək təcrübəsi olan qüvvələrə və insanlara ehtiyac var”.
Niyə məhz o?
Eks-prezident hesab edir ki, onun böhranlı vəziyyətlərin idarə olunması ilə bağlı böyük təcrübəsi var:
“Ermənistanda şəxsiyyət böhranı da göz qabağındadır və bu cür problemlərə qarşı mübarizə təcrübəsi olan qüvvələrə və insanllara ehtiyac var. Niyə mən? Mənim böhranlı vəziyyətlərdə idarəetmə, iqtisadi böhranların qarşısının alınması ilə bağlı zəngin təcrübəm, təhlükəsizlik və müdafiə sahəsində kifayət qədər biliklərim var”.
Tərəfdaşlar haqda
Koçaryan “Daşnaksütun” EİF-i bütün dünyada erməni kimliyinin qorunması üçün mübarizə aparan bir partiya kimi xarakterizə edib. Eks-prezidentin qeyd etdiyinə görə, onun bu siyasi qüvvə ilə böyük əməkdaşlıq təcrübəsi var.
Eks-prezidentin bildirdiyinə görə, “Dirçələn Ermənistan” partiyasının yaradılması Ermənistanın cənub regionunun – Sünik vilayətinin taleyindən narahatlıqdan irəli gəlib.
2020-ci ilin payızında ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Sünik vilayətinin bir çox kəndləri SSRİ zamanı olduğu kimi yenidən sərhədyanı olub, çünki Dağlıq Qarabağ ətrafındakı rayonların nəzarəti yenidən Azərbaycana keçib. Bəzi kəndlər isə ümumiyyətlə Ermənistan və Azərbaycan arasında iki hissəyə bölünüb. Vilayəti Yerevanla birləşdirən yolun bəzi hissələri rəsmən Azərbaycan ərazisi elan olunub və burada Azərbaycan SQ-nin postları yerləşdirilib.
Partiya rəhbəri Sünik vilayətinin keçmiş qubernatoru Vahe Hakopyandır, vilayətin inzibati vahidlərinin hazırkı rəhbərləri – Qoris, Sisyan, Kacaran merləri, Meğri və Tex icmalarının rəhbərləri də idarə heyətinin tərkibinə daxildirlər.
“Sünik bu gün Ermənistan üçün təhlükənin episentridir, bizim regionda fəaliyyət göstərən aktor kimi qalacağımız, yoxsa regionda “qoşqu” olacağımız Sünikdən asılıdır. Burada ciddi təhlükə var. Düşünürəm ki, bu gün Sünik bizim mübarizəmizin rəmzidir”, – Robert Koçaryan bildirib.
Yol xəritəsi
Eks-prezident artıq onun bloku seçkilərdə qələbə qazandığı təqdirdə fəaliyyət prioritetlərini, reallaşdırmaq istədiyi maddələri təqdim edib:
- sahələr üzrə dəymiz ziyanın həcmini müəyyən etmək, çünki bu, növbəti addımların planlaşdırılması üçün vacibdir,
- iqtisadi düşüşün qarşısını almaq,
- ölkənin nüfuzunu və proqnozlaşdırma qabiliyyətini bərpa etmək, ona etibarlı tərəfdaş adını qaytarmaq,
- biznesə münasibəti yenidən nəzərdən keçirmək, xırda və orta biznesin inkişafı üçün birlikdə işləmək,
- elmi əsaslı iqtisadiyyat yaratmaq və kənd təsərrüfatını inkişaf etdirmək,
- dövlət sektorunun təmizlənməsi uğrunda şüarlarla yox, konkret addımlarla mübarizə aparmaq.