"Saxta hesablar ordusu baş nazirliyə namizədlərdən birini dəstəkləyir" - Ermənistan faktçekerləri
Ermənistanda namizədlərdən birini dəstəkləyən feyklər
Ermənistan faktçekerləri baş nazirliyə namizədlərdən birinə ümumi dəstəyin imitasiya edildiyi saxta səhifə və hesablar “ordusunu” aşkar ediblər. Söhbət rusiyalı dollar milyarderi Samvel Karapetyandan gedir. Saxta səhifələr müxalifətdə olan “Güclü Ermənistan” partiyasının liderini fəal şəkildə dəstəkləyir və hakimiyyət nümayəndələri haqqında dezinformasiya yayır.
Media.am saytının jurnalist-faktçekerlər komandası müəyyən edib ki, bu il fevralın 18-də Feysbukda hökumətin və baş nazir Nikol Paşinyanın fəaliyyətini tənqid edən paylaşımlar edən 17 səhifə yaradılıb. Bundan əlavə, həmin səhifələr onun özü və ailə üzvləri haqqında da dezinformasiya yayır.
Bu səhifələrdə yayımlanan videolar daha sonra çoxsaylı saxta hesablar tərəfindən paylaşılır. Faktçekerlər bu cür 60 hesab müəyyən ediblər.
“Saxta hesabların əksəriyyəti bir-birinin dost siyahısındadır. Onlar müxtəlif media orqanlarının paylaşımlarının şərhlərində Samvel Karapetyanı və onun rəhbərlik etdiyi qüvvəni fəal şəkildə dəstəkləyirlər”, – jurnalistlər bildirir.
Samvel Karapetyan hakimiyyəti ələ keçirməyə çağırışlara görə ev dustaqlığındadır. “Güclü Ermənistan” partiyası onu baş nazir postuna namizəd irəli sürüb. Lakin Ermənistan Konstitusiyasına görə, o, yalnız Ermənistan deyil, həm də Rusiya və Kipr vətəndaşı olduğu üçün baş nazir postuna iddia edə bilməz.
- “Ermənistanın təhlükəsizlik zəmanətçisi bizi qırğına apardı” — Nikol Paşinyan
- Ermənistanda pensiyaların artırılması: iqtisadi artımın nəticəsi, yoxsa seçicilərin ələ alınması?
- Ermənistan parlamentinin vitse-spikeri seçiciləri “oliqarxlarla əlaqələri kəsməyə” çağırır
Saxta səhifələr haqqında təfərrüatlar
Faktçekerlər fevralın 18-də yaradılmış Facebook saxta səhifələrinin siyahısını təqdim edirlər: Week/News Armenia, Lurer Aysor, Time News, Yerevan Times, BreakNews Arm, YerevanTimes, Voice.Yerevan, Liberty News Armenia, Tarm News, Hay News, Top News Arm, YVN Pulse, Arm Urban Voice, Armenia Pulse, Live Updates Armenia, Focus on Armenia, ArmeniaNow.
“Belə təəssürat yaranır ki, eyni şəxs tərəfindən idarə olunan səhifələrlə qarşı-qarşıyayıq. Fərq yalnız adlarda və əsas şəkillərdədir”, – deyə onlar bildirir.
Demək olar ki, eyni vaxtda, 12:30 ilə 12:45 arasında yaradılmış bu səhifələr baş nazirin keçmiş həyat yoldaşı Anna Akopyanın fotoları ilə hazırlanmış videonu da demək olar eyni anda paylaşıblar. Videoda qeyd olunur ki, o, əvvəllər “5000 dramlıq ($13) sırğalar taxırdı, baş nazirin həyat yoldaşı olduqdan sonra isə 2 500 000 dramlıq ($6666) sırğalar taxır”.
Üstəlik, saxta səhifələr videonu paylaşmayıb, onu demək olar ki, eyni anda birbaşa Feysbuka yükləyiblər.
Toplanmış məlumatların təhlili nəticəsində faktçekerlər bildirir ki, hakimiyyətin, hazırkı baş nazirin və onun ailə üzvlərinin nüfuzdan salınmasına yönəlmiş koordinasiyalı kampaniya aparılır.

Bunu təsdiqləmək üçün jurnalistlər saxta səhifələrin konkret olaraq nə yaydığını göstərən nümunələr təqdim edirlər:
- Nikol Paşinyanın “Yerin əks tərəfi” kitabının təsviri olan video, müşayiətedici mətnində baş nazirin “seksual pozuntularına”na eyham vurulur;
- “Ermənistan ərazilərini Azərbaycana verir” iddiasına səbəbindən Paşinyana səs verməməyə çağıran paylaşım;
- guya Paşinyanın oğlunun iştirak etdiyi video, onun “narkotik təsiri altında olduğu” iddia edilir, lakin heç bir sübut təqdim olunmur;
- paylaşımda qeyd olunur ki, Nikol Paşinyanı seçənlər əslində Azərbaycan prezidenti İlham Əliyevə səs vermiş olacaqlar;
- Nikol Paşinyanı Samvel Karapetyanla qarşılaşdıraraq onu nüfuzdan salan, süni intellektlə hazırlanmış videolar.
“Eləcə də, guya Azərbaycan qoşunlarının Yerevana daxil olduğunu göstərən süni intellektlə hazırlanmış video da yayılıb”, – deyə məlumatda bildirilir.
Onlarla istifadəçi saxta səhifələrin məlumatlarını yayır
Faktçekerlər komandası həmçinin Feysbukda bu saxta səhifələrin materiallarını koordinasiyalı şəkildə yayan saxta hesablar da aşkar edib.
Bundan əlavə, bu istifadəçilər öz paylaşımlarında mövcud hökuməti tənqid edir və Samvel Karapetyanla “Güclü Ermənistan” partiyası haqqında müsbət fikirlər səsləndirirlər:
“Qrup 60-dan çox müəyyən edilmiş saxta hesabdan ibarətdir. Lakin bu son rəqəm deyil. Onların sayının daha çox olması istisna edilmir”.
Həmçinin məlum olub ki, saxta hesabların əksəriyyəti 2023-cü ilin avqust-sentyabr aylarında yaradılıb.
Aparılan təhlil nəticəsində saxta profillərin əksəriyyətinin real sahiblərinin kim olduğu da müəyyən edilib – bu barədə videoda.
“Onların fotoları əsasən Rusiya tanışlıq saytlarından və ya yalnız böyüklər üçün (18+) platformalardan götürülüb”, – deyə məlumatda bildirilir.
Ermənistanda namizədlərdən birini dəstəkləyən feyklər