Şarl Aznavurun Fransada dəfn günü Ermənistanda matəm elan olunub
Parisdə erməni mənşəli fransız şansonye Şarl Aznavurla rəsmi vida mərasimi keçirilib.
“Əlillər evi” memorial kompleksinə Fransa prezidenti Emmanuel Makron, Ermənistanın baş naziri Nikol Paşinyan, bütün ermənilərin katolikosu İkinci Qaregin, Ermənistan prezidenti Armen Sarkisyan, Fransanın keçmiş prezidentləri Nikola Sarkozi və Fransua Olland, digər məşhur siyasətçilər və dünya ulduzları gəliblər.
Mərasim necə keçdi
Şarl Aznavurla erməni düdüyünün sədaları altında vidalaşırdılar. Şansonyenin tabutu Fransa bayrağına bürünmüşdü, onun yaxnlığında Ermənistanın üçrəngli bayrağının rənglərində gül çələngi vardı.
Paşinyan öz çıxışında deyib ki, artist Aznavur nəsilləri birləşdirib, öz vətəninin və xalqının ağrıları, ehtiyacları və arzuları ilə yaşayıb:
«O, Ermənistanın milli qəhrəmanı idi və bunu yalnız musiqiçi kimi deyil, həm də öz vətəninin inkişafına unudulmaz töhfə vermiş insan kimi qazanıb. Ermənistanda onun adı ilə meydanlar və küçələr adlandırılıb, Gümrüdə isə heykəli ucaldılıb. Dünyadakı hər bir erməni bu itkinin hüznünü yaşayır.
Gələn həftə Şarl Aznavur Frankofoniya sammitində iştirak etmək üçün Ermənistana gəlməli idi. İstəyirdim ki, o, yeni Ermənistanı, ölkımizdə baş vermiş dəyişiklikləri hiss etsin, lakin təəssüf ki, bu baş vermədi. Qoy Ermənistanla Fransanın dostluğu Aznavura layiq olsun”.
Emmanuel Makron əfsanəvi şansonyenin mahnılarından və yaradıcılığından danışdı:
«Aznavurun mahnıları, ilk növbədə, sözlərdir. Bu sözlər qəlbə toxunur. Mahnıların adları, onların nəqarətləri ümumi irsə çevrilib. Hərəmizin bir Aznavuru var… Bu səs, digərlərinin arasında seçilən bu intonasiya həyatımıza daxil olub və biz onlarla tutduğumuz mövqedən və yaşımızdan asılı olmayaraq hiss edilmədən birləşdik. Ümumi bir hiss yarandı və Şarl Aznavur təbii şəkildə, ümumi fikrə görə, Fransanın simvollarından biri oldu”.
Şarl Aznavur necə öldü
Müğənni son günlərinə qədər qastrollarda olurdu və bu yaxınlarda Yaponiyadakı qastrollardan qayıtmışdı. O, oktyabrın 1-nə keçən gecə Fransanın cənubunda, öz malikanələrindən birində ölüb. Aznavurun 94 yaşı vardı, lakin musiqiçinin səhhətində hər hansı pisləşmə barədə məlumat yox idi. Və çoxları üçün bu gözlənilməz oldu.
Xəbəri Ermənistanda necə qarşıladılar
Musiqiçinin ölümü haqqında məlum olduqdan dərhal sonra Ermənistanda minlərlə insan güllərlə və şamlarla Aznavur adına meydana toplaşdı. Çoxları üçün şansonyenin ölümü şəxsi faciəyə çevrildi. Artıq axşama yaxın bura Ermənistanın siyasi rəhbərliyi və Fransanın Ermənistandakı səfiri Conatan Lakot gəldi.
Onun dəfn günü – oktyabrın 6-sı Ermənistanda matəm günü elan edilib.
Şarh Aznavurun hekayəti və onun Ermənistan qarşısında xidmətləri
Şarl Aznavur Fransada SSRİ-dən köçüb gəlmiş erməni miqrantların ailəsində anadan olub.
Artıq 22 yaşında ikən Şarl Aznavur Edit Piafın ABŞ-dakı turnesində iştirak edir. Həmin vaxtdan etibarən onun müğənni kimi peşəkar karyerası başlayır.
1960-cı illərin əvvəllərində Aznavur artıq kifayət qədər məşhur idi və Nyu-Yorkun “Carnegie Hall” və “Ambassador Hotel” zallarında çıxışlar edirdi. Frenk Sinatranın “Reprise Records” firmasında o, özünün ilk amerikan albomunu biraxır.
Şarl Aznavur “Time” jurnalının versiyasına görə, əsrin ən yaxşı ifaçısı seçilib. O, 1200-dən çox mahnının müəllifidir, filmlərdə 80-dən çox rol ifa edib, dünyanın 94 ölkəsində mindən çox konsert verib, 100 milyon ədəddən çox disk satıb.
https://www.youtube.com/watch?v=ls8Cn5abrX0
Aznavur həmişə tarixi vətəni ilə əlaqəni saxlayıb. Onun repertuarında Ermənistana həsr olunmuş şəxsi, müəllif mahnıları olub. Məxsusən, ermənilərin soyqırımının 60-cı ildönümünə o, Jorj Qarvarentslə birgə “Onlar həlak oldular” mahnısını yazıb.
1988-ci ildə dağıdıcı Spitak zəlzələsindən sonra musiqiçi “Aznavur Ermənistan üçün” xeyriyyə fondunu təsis etdi və zərərçəkənlərə kömək üçün aksiyalar təşkil etdi. Bu məqsədlə “Sənin üçün, Ermənistan” videoklipi çəkilmişdi ki, burada 90 fransız aktyoru vı müğənnisi iştirak etmiş, klip milyonluq tirajla buraxılmışdı.
Aznavur Ermənistanın UNESCO-dakı fəxri səfiri idi.
2008-ci ildə Ermənistan vətəndaşlığı alıb.
2017-ci ildə Yerevanda Aznavurun ev-muzeyi açılıb. Şansonye oğlu Nikola ilə birlikdə açılış mərasiminə gəlmişdi.