Şaman ovu: Rusiyada “Putini qovmağı” vəd edən adama qarşı təzyiqlər davam edir
Yarım il müddətində Moskvaya piyada gedən şaman Aleksandr Qabışevi yenidən Yakutiyaya göndəriblər, amma onun tərəfdarları yollarına davam edir və 2021-ci ildə Moskvaya gedib çatacaqlarını vəd edirlər. Rusiya hakimiyyətini qorxuya salan “cadugər” haqda bunlar məlumdur.
“Novaya qazeta”nın materialları əsasında
Şaman haqda nə məlumdur?
Özünü şaman adlandıran Aleksandr Qabışev Yakutiya sakinidir (bura Rusiyanın ən şimalıdır). Sentyabrın 19-da saxlanılana qədər o, artıq yarım il idi ki, Sibirin şose yolları boyunca piyada yol gedirdi. Qabışev 2021-ci ilə qədər Moskvaya çatıb, Rusiyanı hazırkı prezidentdən qurtarmağı vəd etmişdi. O, Putini qara qüvvələrin törəməsi adlandırır.
• Şərh. Rusiya: seçkilər bitdi, ən maraqlısı başladı
• Rəy: Putinin liberal olmadığını unudun. Onun müharibələrini xatırlayın
Qabışevin 51 yaşı var, ali humanitar təhsillidir, amma ixtisası üzrə heç vaxt işləməyib. Bu ilin martında öz yürüşünə başlamazdan əvvəl dalandar, bir qədər daha əvvəl isə qaynaqçı işləyib.
“Demokratiya qorxusuz olmalıdır. İndi insanlar danışmağa qorxurlar, qorxurlar ki, işdən çıxararlar, əməkhaqqıdan məhrum edərlər. Sadəcə bizdə dövlət qüvvəsi hüdudsuzdur, iblisanədir. Xalq süni depressiyaya salınıb. Təbii depressiyanı təbib asanlıqla müalicə edər, amma bunun, süninin öhdəsindən yalnız cadugərlik gələr. Cadugər bütün ölkəyə öz qorxu xülyasını, depressiya toxumu səpib, amma ağ cabugər – mənim kimisi – bu vəsvəsəni qova biləcək. Burada siyasətçi gücsüzdür, cadügərliyə qarşı yalnız cadugərlik”, – Aleksandr Azadlıq Radiosunun reportajında öz fikirlərini bölüşüb.
Təzyiq nədən ibarətdir?
Özünü ağ cadugər adlandıran və Rusiyanı prezident Putinin “iblisanə hakimiyyətindən” azad etməyi qarşısına məqsəd qoyan insan artıq bir neçə gündür ki, ev dustaqlığında saxlanılır. Görünən odur ki, onun tərəfdarlarına qarşı təzyiq də davam edir: bu dəfə Sibirin İrkutsk şəhərində dörd nəfər saxlanılıb. Hərçənd, onları tezliklə buraxıblar. Bu, son bir ayda özünü şaman adlandıran Aleksandr Qabışevlə bağlı olan artıq üçüncü saxlanılmadır.
Magiyanın köməyi ilə “Putini qovmağı” vəd edən şamanın özünü isə sentyabrın 19-a keçən gecə saxlayıblar . Onu təyyarə ilə Yakutska qaytarıb, bu şəhərin psixiatrik xəstəxanasına “çatdırıblar”, amma hüquq müdafiəçiləri onu orada tapa bilməyiblər.
Daha əvvəl sentyabr ayında şamanın tərəfdarları Buryatiyada saxlanılmışdı. Orada bu, yerli əhalinin etirazına səbəb olmuşdu: sentyabrın 9-da bu respublikanın mərkəzi şəhərində, Ulan-Udedə saxlanılanların azad edilməsi tələbi ilə səs-küylü aksiyalar keçirildi.
Bildirilir ki, şamanın tərəfdarları liderləri saxlanılandan sonra yola davam edirlər.
Onun tərəfdarları çoxdurmu?
Hazırdaa Qabışev 3 min kilometrə qədər yol qət edib. Yol boyu o, moizələr oxuyur, yerli əhali və yoldan keçən maşınların sürücüləri ilə fəal söhbətlər aparırdı. Qabışevin hərəkət etdiyi marşrut üzrə bir neçə mitinq baş tutdu, yerli media bu aksiyaları kütləvi adlandırdı.
Qabışevin yolda rast gəldiyi insanlar tərəfindən çəkilən videoları və onun video-çarxları getdikcə daha çox populyarlıq qazanır.
Şamanla görüşən jurnalistlər və blogerlər danışırlar ki, gün ərzində Qabışev onun yol kənarında addımladığını görüb maşınını saxlayan onlarla sürücü ilə ünsiyyətdə olurdu. Bu görüşlər Moskvaya gedən yolda hərəkətin sürətini kifayət qədər azaldırdı.
Qabışevi nə gözləyir?
Hakimiyyət Qabışevi ekstremist çağırışlarda günahlandırır. “Rusiya Federasiyasının prezidenti V.V.Putinə qarşı açıq zorakılıq əməllərinə çağırışa” görə Qabışevi cərimə, icbari əmək və ya dörd ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.