Sahibkar Ermənistanın Dövlət Gəlirləri Komitəsinin qarşısında uzanaraq etiraz aksiyası keçirib
Qaspari danışıb ki, dekabrın 13-də onun şirkəti ölkəyə 740 kq çəkisi, 10 min dollar dəyəri olan elektrik avadanlığı gətirib, amma gömrükdən keçirilmə prosesi hələ heç başlamayıb. Vardqes Qasparinin sözlərinə görə, Dövlət Gəlirləri Komitəsi ondan ” korrupsiya risklərini nəzərdə tutan münasibətlərə girməyi: müəyyən məbləğə bütün məsələləri həll etməyə söz verən özəl brokerə müraciət etməyi tələb edib”. İctimai fəal bu vəziyyəti qəbuledilməz hesab edir.
Fəal iddia edir ki, bu cür sənədlərin alınması korrupsiya riskini nəzərdə tutur. Belə arayışları özəl şirkətlər böyük həcmdə mal üçün təqdim edir. Amma onlar malı yoxlamadan sadəcə sənəd yazırlar.
“Gömrükdə broker deyir ki, filan qədər pul ver, bütün məsələləri həll edim. Sənin də şikayət edəcəyin heç kim yoxdur, çünki o fiziki şəxsdir. Bu səfər mən brokerlərə dedim ki, gömrükçülərə heç nə ödəməyəcəm. Onlar soruşdular: “Gömrüklə məsələləri özün həll edəcəksən? Dedim, hə. Brokerlərin hamısı mənim işimi görməkdən imtina etdi. 14 gündür deklarasiyanı özüm doldura bilim deyə müstəqil şəkildə məlumat axtarıram. Yazılı sorğu göndərirəm, mənə deyirlər ki, gəl, danışarıq. Korrupsiya elə budur da: sən yazılı sual verirsən, səni isə söhbətə çağırırlar və şəxsi nömrə verirlər, halbuki sadəcə mal deklarasiyası üçün anketin olduğu linki göndərmələri yetərlidir”, – Vardqes Qaspari əsəbiləşir.
Bu vəziyyətə diqqət cəlb etmək üçün o, Dövlət Gəlirləri Komitəsinin binasının girişi önünə “Harutunyan, sən alçaq, riyakar əclafsan” yazılmış plakatla uzanıb. [Vardan Harutunyan Dövlət Gəlirləri Komitəsinin sədridir].
Fəal məsələnin pulda olmadığını deyir, sadəcə o, sistemin dəyişməsini istəyir ki, insanları soymasınlar, Ermənistan vətəndaşları hər dəfə ölkəyə mal gətirəndə kotrupsiya riskinə uğramasınlar.
Dövlət Gəlirləri Komitəsi Qasparinin etirazına heç bir reaksiya verməyib. Vardqes Qaspari vətəndaş cəmiyyəti fəalıdır. O, adətən öz etirazını uzanaraq nümayiş keçirməklə bildirir. Qaspari haqda daha ətraflı JAMnews-un “Mahiyyətcə siyasi məhbus” məqaləsində oxumaq mümkündür.