Sahibinə yetişməyəcək məktub
Salam Bayandur.
Bu məktubu çox güman ki, heç vaxt oxumayacağını bilə-bilə yazıram. Rastlaşdığımız gündən xeyli vaxt keçib. İllər ötüb, amma mən birlikdə yaşadığımız hər günü xatırlayıram. Əminəm sən də.
Necə tanış olduğumuz yadındadı? Düzü, mən artıq xatırlamıram. Amma yəqin ki, bu elə də vacib deyil. Axı bizim xatırlamalı daha vacib nəsnələrimiz var. Münaqişə zonasındakı gənclər üçün kursların təşkili ilə bağlı gənclər proqramı haqda elanı gördüyümü xatırlayıram. Kurs iştiakçıları bir neçə gün birlikdə yaşamalı, öz hissləri, emosiyaları, həyəcanları haqda danışmalı idilər.
İlk dəfə söhbətə başladığımız yadımdadır. İkimiz də aramızdakı ortaq nöqtələrin çoxluğundan heyrətlənmişdik. Mən səndə özümü görmüşdüm: ilk dəfə yad birində özümlə bu qədər çox uyğunluq olduğunu müşahidə edirdim. Oxşar xarakter cizgilərini nəzərdə tutmuram. Biz dünyaya eyni bucaqdan baxırdıq, eyni ideologiyaya inanırdıq, eyni əqidəyə sahib idik.
Yadındadır, məni ilk dəfə stolüstü futbol oynamaq üçün dilə tutmağın? Mən birinci dəfə idi ki, oynayırdım. Biz hər gün, boş olan hər an oynamağa başladıq. Yenilməz cütlük olduq.
Qrupun qalan üzvləri bizimlə oynamaqdan “qorxurdular”, çünki bizim ikimizi praktiki olaraq məğlub etmək mümkün deyildi. Həmin andan biz həmişə bir yerdə idik, hər şeydən danışırdıq, bircə sərhədlər və nifrətdən başqa.
Yadımdadır, bir dəfə şəhərdə gəzmək üçün oteldən çıxdıq, geri qayıdanda ənənəvi mahnılarımızı oxumağa başladıq – siz öz dilinizdə, biz öz dilimizdə. Mən hələ də eyni mahnının iki ölkə təmsilçilərinin ağzından, iki dildə necə səsləndiyini xatırlayıram. Biz sərhədləri aşdıq, onları aradan qaldırdıq, hələ doğulmamışdan əvvəl bizə yeridilən bu nifrət zəncirini qırdıq.
Belə yaxın yaşadığımız halda bir-birimizdən bu qədər uzaqda olduğumuz üçün biz yalnız bir neçə gün ərzində o uzaq üçüncü şəhərdə ünsiyyətdə ola bilərdik.
Yadındadı, son gün damda oturub, ulduzlara baxaraq susmağımız? Bütün sözlər və düşüncələr meydanı səssizliyə, səmaya və ulduzlara vermişdi. Sənin təyyarənin vaxtı artıq yaxınlaşanda biz son dəfə stolüstü futbol oynadıq. Hamı yatırdı. Yalnız biz oyaq idik, sən və mən, məğlubedilməzlər, son dəfə stolüstü futbol oynadıq və kəlmə kəsmədən vidalaşdıq. Bu, mənim üçün ən təsirli və gözəl vida idi.
Biz bir-birimizə yenidən görüşəcəyimizə dair söz vermədik. Biz gələcəklə bağlı bir-birimizə heç nə vəd etmədik. Amma indi sənə söz vermək istəyirəm, biz yenidən görüşəcəyik, yenə də damda oturub özümüz haqda, emosiyalarımız və həyəcanlarımız, hədəflərimiz haqda danışacağıq, milli mahnılarımızı birlikdə iki müxtəlif dildə oxuyacağıq. Sənə söz verirəm ki, günlərin birində biz, məğlubedilməzlər sərhədləri aşıb, onları aradan qaldıracağıq.
Əminəm ki, biz yenə də görüşəcəyik. Və bu görüşdə biz bir-birimizə “Əlvida” yox, “GÖRÜŞƏNƏDƏK” deyəcəyik.
Sənin dostun Anna Sarqsyan