Gecə saatlarında saxlanılan Mixail Saakaşvili aclıq elan edib. O bildirib ki, əgər məhkəmə haqqında 60 sutka həbs qətimkan tədbiri seçilməsi qərarını çıxarsa zorla qida qəbulundan da imtina edəcək və bu müddət ərzində heç nə yemək niyyətində deyil, vəkili Ruslan Çernolutski məlumat verib.
Mixail Saakaşvilinin Kiyevdəki dostunun evində həbs edildiyi haqda məlumat dekabrın 9-u Tbilisi saatı ilə saat 00.34-də yayılıb. Həmin gecə o, müvəqqəti saxlanma təcridxanasına yerləşdirilib. Saakaşvilinin saxlanması güc tətbiq edilmədən baş tutub. Əməliyyatı Ukrayna Milli Polisi həyata keçirib.
Dünən gecə vəkilləri Saakaşvilinin yanına buraxılıb. Elə həmin gecə onun yanında həkimlər də olub – vəkillərin sözlərinə görə, Gürcüstanın keçmiş prezidenti bərk soyuqlayıb, ağ ciyərlərinin iltihabı mümkündür, həbsdən sonra isə onun təzyiqi yüksəlib.
Onların sözlərinə görə, Saakaşvili Ukrayna Baş Prokurorluğunun ona qarşı irəli sürdüyü bütün ittihamları rədd edir. “O, Ukrayna xalqına ümid edir”, – Saakaşvilinin vəkili Ruslan Şernolutski bildirib.
“Mixail Saakaşvili həyat yoldaşı Sandra Rulofsdan xahiş edib ki, onun əsas spikeri və ictimai nümayəndəsi olsun, onun hüquq və azadlığını müdafiə eləsin”, – vəkil təcridxanadan çıxarkən bildirib.
Pavel Boqomazov – Mixail Saakaşvilinin digər vəkili bildirib ki, dekabrın 11-də məhkəmə prosesinin baş tutacağı və qətimkan tədbiri ilə bağlı qərar veriləcəyi gözlənilir. Prokurorluq ev həbsi qətimkan tədbiri seçilməsini tələb edir – məhkəmənin təyin etdiyi müddət ərzində Gürcüstanın keçmiş prezidenti onun yerini “bildirəcək” xüsusi elektron bilərzik taxmalı olacaq.
Saakaşvilinin həbsi haqda məlumat yayılandan dərhal sonra onun gətirildiyi Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) binası önünə “Yeni Qüvvələr Hərəkatının” (Saakaşvilinin Ukraynadakı partiyası) yüzlərlə nümayəndəsi və keçmiş Gürcüstan prezidentinə rəğbət bəsləyən sadə Ukrayna vətəndaşları toplaşıb. Binanın çıxış və girişlərini qapadaraq onlar “ar olsun!” şüarını səsləndiriblər. Onlar bütün gecəni UTX-nin ofisi qarşısında keçiriblər, şaxtadan qorunmaq üçün də metal çəlləklərin içində qaladıqları ocaqların ətrafına toplaşıblar.