Gürcüstanın üçüncü prezidenti və Ukraynanın “Rux” Yeni Qüvvələr Hərəkatının lideri Mixail Saakaşvili bu gün səhər evində aparılan axtarışdan sonra həbs olunmuşdu. Axtarış Ukraynanın Baş Prokurorluğu tərəfindən keçirilirdi. BBC-nin məlumatına görə, hüquq-mühafizəçiləri mənzildə axtarış apardıqları zaman Saakaşvili səkkizmərtəbəli evin damına çıxıb, özünü aşağı atacağı ilə hədələyirdi. Saakaşvili damda olarkən Facebook səhifəsi vasitəsilə canlı yayıma qoşulmuşdu.
REUTERS/Serhii NuzhnenkoREUTERS/Serhii Nuzhnenko
Nəhayət, xüsusi təyinatlılar Saakaşvilini saxlamağa müvəffəq oldular – onu damdan endirib, qollarını qandalladılar və zor tətbiq edərək mikroavtobusa mindirdilər.
REUTERS/Valentyn OgirenkoREUTERS/Gleb Garanich
Amma maşın yerindən tərpənə bilmədi – yarım saat ərzində Saakaşvilinin evinin ətrafına yüzlərlə tərəfdaşı toplaşıb, mikroavtobusu mühasirəyə aldı. Onlar “Mişa”, “Poroşenko-barıqa” və “impiçment” şüarları səsləndirir, həmçinin bildirirdilər ki, Saakaşvilinin həbsi Moskvanın siyasətinin bir hissəsidir.
REUTERS/Gleb Garanich
Saakaşvilinin mindirildiyi mikroavtobusun ətrafında qısa müddətdə barrikadalar quruldu. Saakaşvilinin tərəfdarları yolları beton bloklarla kəsdi, maşının təkərlərini də boşaltdı.
REUTERS/Valentyn Ogirenko
Saakaşvilinin tərəfdarları ilə Milli Qvardiya arasında əlbəyaxa qarşıdurma başladı. Nümayişçilər duman bombaları atır, hüquq-mühafizəçiləri isə gözyaşardıcı qaz tətbiq edirdi.
Bu proses təxminən iki saat davam etdi və Saakaşvili tərəfdarlarının qələbəsi ilə sona çatdı. Onlar maşının pəncərələrini sındırıb, qapılarını qopardaraq keçmiş Odessa qubernatorunu oradan çıxara bildilər.
Mikroavtobusdan çıxan Saakaşvilinin bir əlində qandal qalmışdı, digəri ilə o, meqafonu götürüb tərəfdarlarına müraciət etdi. Saakaşvili hamını Ali Rada qarşısında toplaşmağa çağırdı. Mitinqin əsas tələbi prezident Poroşenkonun istefası idi.
REUTERS/Gleb GaranichREUTERS/Gleb Garanich
Ukraynanın baş prokuroru Yuri Lutsenko xüsusi mətbuat konfransında bəyan etdi ki, Saakaşvili “dövlətə qarşı ağır cinayətdə” ittiham olunur. Lutsenkonun sözlərinə görə, Saakaşvili öz etiraz aksiyaları üçün maliyyəni keçmiş prezident Yanukoviçə yaxın şəxslərdən alıb. O bildirib ki, Saakaşvili Rusiyadan yarım milyon dollar əldə edib.
Kiyev saatı ilə gündüz saat üçdə Saakaşvili artıq Rada binası qarşısında çıxış edirdi. O, Ukrayna hakimiyyətində korrupsiyaya bulaşmış məmurlar və özünün Ukrayna xalqına sədaqəti haqda danışırdı.
REUTERS/Valentyn Ogirenko
Saakaşvili bildirir ki, Rada qarşısındakı mitinq dinc aksiyadır. “Mən Ukrayna xalqının yanında olacam, çünki siz bu gün mənim həyatımı qurtardız”, – Saakaşvili mitinqdə deyib.
REUTERS/Valentyn Ogirenko
Ukrayna hakimiyyəti vətəndaşlara təxribatların ola biləcəyi haqda xəbərdarlıq edib. Rada qarşısında hüquq-mühafizə qüvvələri səfərbər olub.