Səudiyyə Ərəbistanında 11 şahzadə və onlarla məmur həbs edilib. Bu fövqəladə qərar az əvvəl işi başlamış Korrupsiya ilə Mübarizə Komitəsi tərəfindən qəbul edilib. Komitəyə şahzadə Məhəmməd İbin Salman rəhbərlik edir. Təşkilat şübhəli şəxslərin ölkədən çıxışına qadağa qoymaq və həbslərinə order vermək səlahiyyətinə malikdir.
2015-ci ildə atası şah olana qədər Səudiyyə Ərəbistanının hüdudlarında kənarda İbin Salmanın mövcudluğundan xəbərdar olan çox az adam vardı. Amma həmin andan etibarən o, ölkənin ən nüfuzlu fiqurlarından birinə çevrildi, BBC xəbər verir.
2016-cı ildə Məhəmməd İbin Salman neft ixracına görə dünya lideri olan ölkəyə sosial və iqtisadi dəyişikliklər gətirməli olan islahatların başlayacağını elan etdi. 2017-ci ilin yayında o, şahın varisi elan edildi.
Korrupsiya ilə mübarizə İbin Salmana hakimiyyətini möhkəmləndirməyə kömək etməlidir, amma siyasi elita arasında bu cür geniş miqyaslı təmizləmə Səudiyyə Ərəbistanı üçün xas olmayan hadisədir. Cəmiyyətin mühafizəkar hissəsi hakimiyyətdə baş verən bu kəskin dəyişikliyi anlamaya bilər, ekspertlərin çoxu hesab edir.
Həbs olunanların şəxsiyyətləri hələ ki, açıqlanmır. Amma bəzi media qurumlarının xəbərinə görə, onların arasında şahzadə Əl-Valid İbin Təlal da var. O, dünyanın ən varlı insanlarından biridir. Forbes-un məlumatına görə, İbin Təlalın varidatı 19 milyard dollara yaxındır.
Ötən gün Səudiyyə Ərəbistanının padşahı da Milli Qvardiya rəhbərini və Donanma komandanını vəzifələrindən azad edib. Bununla bağlı heç bir rəsmi açıqlama verilməyib.