Şərh: Mişkanı xilas etmək
Məndən Tbilisidə yaşamaqdan niyə xoşlandığımı soruşanda, dərhal öz ölkəmlə paralellər gətirirəm. Mənə ingilis mədəniyyəti daha yaxındır deyirəm, hər halda onun fəlsəfəsi: əsl pabın atmosferi gürcü qonaqlıqlarının ab-havasını o qədər üstələyir ki, müqayisə olunmaz dərəcədə; söz azadlığı və başqalarına münasibətdə tolerantlıq orta əsr dəyərlərindən və öz ailənə sadiqlikdən xeyli daha yüksəkdə dayanır; gənclər o qədər azaddır ki, iyirmi yaşlılar özlərini on iki yaşlılar kimi aparmır.
Buna baxmayaraq, mən Gürcüstan polisi və səhiyyəsinə, ələlxüsus onların Britaniya analoqlarıyla müqayisədə həmişə dəyər verirəm. Sonuncuların uğursuzluqları barədə sonra danışaram. Sadəcə nəzərinizə çatdırım ki, ingilis polisləri az olduqları üçün bütün çağırışlara gəlmir, ingilis həkimlər isə çox sayda səhv diaqnozlarda və ölümlərdə günahkardırlar.
Amma dünən mənim gürcü polisinə inamım ciddi bir zərbə aldı.
Dünən mənim dostum Mişka Mqaloblişvili amfetamin saxlanması ittihamı ilə həbs olunub. Mişka Tbilisidə məşhur reperdir və aldığım məlumata görə, prokurorluq iddia edir ki, amfetamin istifadəsi rep həvəskarları arasında adi haldır. Sosial şəbəkələrdə hər şeyə tez inana və polisin istənilən sözünü həqiqət kimi qəbul edən insanların şərhlərini oxuyub anladım ki, Qərb mədəniyyətinin zərərvericiliyi haqqında bu mülahizələr öz auditoriyasını tapır.
Faktlar göstərilmir və mən bu boşluğu doldurmaq istərdim.
Bir neçə gün əvvəl Mişka və onun səhnə həmkarı Key Dji polislərin ünvanına ittiham əks olunan satirik çarx yaydılar. Gürcü mədəniyyəti satiranı həzm etməyə hazır deyilmiş, çünki tezliklə Mişkaya anonim zəng edilərək, çarxı silmək tələb olundu və təhdidlər yağdırıldı. Növbəti gün evə qayıdarkən onu polis əməkdaşları saxlayıb, üzərində amfetamin “aşkar edib”, həbsə atdılar.
Mən rep pərəstişkarı deyiləm və Tbilisidəki konsertlərdə az-az oluram – Mişka ilə də daha çox idman zalında görüşürük. O, sağlam həyat tərzinə üstünlük verir, bodibildinqlə maraqlanır. Son söhbətimiz də karbohidrat və alkoqolun az istifadəsilə proteini yüksək səviyyədə saxlamağa imkan verən pəhriz haqqındaydı. Narkoman üçün o qədər də tipik söhbət deyil.
Mişkanı pul girovu müqabilində azadlığa buraxmayıblar, çünki onun vətəndaş nikahında olduğu xanımı Erika Koplend (onların kiçik qızları var) ABŞ vətəndaşıdır, prokuror da Mişkanın həmin ölkəyə qaçmaq istədiyini güman edir. Erika Bidzina İvanişvilinin oğlu Bera İvanişviliyə kömək üçün müraciət edib, hər ikisi reper olduğu üçün onlar Mişka ilə tanışdılar. Hələ ki, müraciət cavabsız qalıb.
Mən heç vaxt narkotikdən istifadə etməmişəm, amma bunu edən o cümlədən də Gürcüstanda bir çox adam tanıyıram. Gürcülər və xaricilər tez-tez marixuananın aşağı keyfiyyətindən və başqa narkotikləri əldə edə bilmədiklərindən şikayətçidirlər, hər halda Mişkanın həbsi üçün seçilən vaxt onun xeyrinə işləyir.
Daxili işlər və ədliyyə nazirliklərində polislərin Mişkanı məhz həmin çarx yayımlanandan (və ünvanına təhdidlər səsləndiriləndən) sonra saxlaması faktı şübhəli görünməsə, Gürcüstan Avropaya aid olması iddiaları ilə vidalaşa bilər.
Mən artıq yazmışam ki, Tbilisinin mahiyyətcə heç nəyin dəyişmədiyi bir şəraitdə Brüsselin tələblərini formal olaraq yerinə yetirməsi sivil dünyaya aparan yol deyil. Mişkanın həbsi müxalifətçi azərbaycanlı jurnalist Əfqan Muxtarlı Tbilisidə yoxa çıxandan və Bakıda aşkar olunandan iki həftə sonra baş tutub. Gürcüstan hökuməti bununla əlaqəsi olduğunu inkar edib – indi də buna başqalarını inandırmaq qalır.
Mən sui-qəsd nəzəriyyəsinin tərəfdarı deyiləm, amma Mişkanın həbsi və Muxtarlının başına gələnlər məndə Gürcüstanın polis özbaşınalığı və avtoritarizminin hökm sürdüyü Saakaşviliyə qədərki dövrə qayıtdığını deyənlərin haqlı olması fikrini yaradır. Polislərin hərəkələri heç də etibar oyatmır, hökumət isə hələ ki, heç kimi məsuliyyətə cəlb etmir. İstərdim ki, ABŞ və Aİ Gürcüstanın Qərb dünyasına inteqrasiyasını hökumət etibar qazanana, ölkə isə hikkəsindən iki ailəni dağıtmağa hazır olan rüşvətxor polislərdən azad olunana qədər ləngitmək məqsədilə tədbirlər görsün, hətta ən sərt tədbirlər.
Mişkanın ailəsi indi vəkil tutmaq üçün vəsait toplayır. Onlara burada kömək etmək olar – https://www.youcaring.com/mishkamgaloblishvili-844977
Tim Oqden Tbilisidə məskunlaşmış britaniyalı jurnalist