Şərh. Brüsseli darıxdırıcı şəhər saymamaq üçün yeddi səbəb
Çoxları mənə deyirdi ki, Brüssel Avropanın ən darıxdırıcı şəhəridir: “Orada ancaq ofislərdir, gəzməli yer yoxdur”. Amma buna əmin ola bilmədim.
1. Yaşıllıq
Təyyarə ilə Brüsselə hələ qonmamışdan ilk gözə dəyən üfüqə qədər uzanan yamyaşıl sahələr və meşələrdir. Şəhər parklarında rahat nəfəs almaq olur, xüsusən Bakının mərmər döşənmiş “səhralıqlarından” sonra. Bəzi parklarda nohurlar var, orada ördəklər, qu quşları yaşayır. Yayda yerli sakinlər parklarda günəşlənir, elə oradaca yarmarkalar, konsertlər, hətta cəngavər turnirləri də keçirirlər.
2. Memarlıq və küçələr
Bir çox kilsələr və məbədlər əsl incəsənət nümunələridir. Ən möhtəşəm bina çox sayda heykəllərlə bəzədilmiş Ratuşa binasıdır.
Şəhərin demək olar ki, bütün tarixi hissəsi nəqliyyata qapalıdır. Hətta ən dar küçələrində belə sırayla dayanan və şütüyən maşınların arasından zor-güc sivişib keçdiyimiz Bakıda da eyni qayda tətbiq olunsaydı, pis olmazdı.
3. Həmin Avropa tolerantlığı
Brüsseldə bizim adət etmədiyimiz irqlərin və millətlərin müxtəlifliyi arasında hiss edirdim ki, burada istənilən birini qəbul etməyə hazırdırlar və bu, çox xoş duyğu idi. Yerli sakinlər çox mehribandır və həmişə yardım əllərini uzada bilərlər.
Halbuki vaxtilə Belçika Konqoda ən sərt müstəmləkəçi ölkə olub – XIX əsrin ikinci yarısında hökmranlıq etmiş II Leopoldun krallığı dövründə. Elə müstəmləkələrin istismarı sayəsində əldə edilən vəsaitlər hesabına bu möhtəşəm memarlıq nümunələri inşa edilirdi.
4. İşəyən oğlan – və qız, balans üçün
Dünyanın ən məşhur və ən məyusedici incəsənət əsərlərindən biri Brüsseldə yerləşir – işəyən oğlanın heykəli, əfsanyə görə o bu yolla şəhəri yanğından xilas edib. Çox kiçik heykəldir – cəmi 61 santimetr.
Bu yerdən bir-iki məhəllə aralıda işəyən qız heykəli də var, nəyə görəsə barmaqlıqlarla haşiyələnib. Deyirlər ki, haradasa işəyən it heykəli də var.
5. Rahat küçələr – barbar “brüsselləşdirməsi”
Brüsseldə iki-üç mərtəbəli evlərdən ibarət çox xoş, səliqəli, sakit məhəllələr var. Buradaca yunan və ya ispan restoranları sıralanıb, axşamlar bu restoranlarda boş masa tapmaq çətindir.
İşgüzar mərkəzə doğru vəziyyət dəyişir: iki qədim bina arasında şüşə və betondan inşa edilmiş müasir bina özünə yer eləmiş ola bilər, ya da əksinə. Bu, 60-70-ci illərdə həyata keçirilən kütləvi və kor-təbii söküntü işlərinin nəticəsidir. O zaman memarlıq nümunələrindən ibarət olan bütöv məhəllələr itirilib, insanlar ən müxtəlif yollarla evlərindən çıxarılıb. Şəhərsalmada bu cür yanaşma “brüsselləşdirmə” adlanır.
Bir bakılı üçün bu, “ağrılı mövzudur”, çünki Bakıda artıq uzun illərdir ki, memarlıq nümunələri olan qədim binalar sökülür, onların yerlərində isə rahat mühitdən əsər-əlamət olmayan biçimsiz çoxmərtəbəli binalar ucalır.
3. Nəqliyyat və yol hərəkəti
Brüssel piyada və velosipedçilər üçün cənnətdir. Burada avtomobilçilər yox, hər bir sakin önəmlidir. Hər yanda piyada zolaqları, səkilər, velosiped yolları, hər şey çox rahatdır. Çoxları hər bir rayonda icarə məntəqəsi olan velosipedlərdə, skuterlərdə, elektrosamokatlarda hərəkət edir. Velosipedlərdən hətta kiçik uşaqları olan ailələr də istifadə edir.
Brüsseldə metro da çox rahatdır, stansiyalar bir-birindən iki dəqiqəlik məsafədədir.
7. Şokolad və pivə
Burada hər zövqə uyğun, hər rəngdə və ən müxtəlif ekzotik formalarda şokolad var. Hətta qayka açarı və inşaat alətləri formasında.
Pivə həmişə ləzzətli, çeşid isə boldur, demək olar ki, hər bir müəssisə öz pivəsini hazırlayır. Belə yerlərin birində hazırlanan pivə həmin kafenin işçilərinin şərəfinə adlandırılmışdı.
Belçika kartofunu da çox bəyəndim, məncə bu, dillər əzbəri olan frenç-fraysdan daha ləzzətlidir. Burada kartofu mal piyində qızardırlar. Küçələrdə qoyulan köşklərin önündə isə həmişə əcnəbilərdən və yerlilərdən ibarət uzun növbələr olur.
Bir də Brüsseldə dəniz məhsulları çoxdur. Osminoqlar, qəribə molyusklar, balıqlar. Bütün bunlar çox dadlı və doyumculdur.