Namus qətli
Новая газета
“Novaya qazeta”ya qeyri-ənənəvi seksual oriyentasiyası səbəbindən və ya bunda şübhəli bilindiyi üçün Çeçenistan sakinlərinin kütləvi saxlanması haqda məlum olub.
Bu ana qədər artıq yüzdən çox kişinin saxlanıldığı haqda məlumat daxil olub.
“Novaya qazeta”ya artıq üç nəfər həlak olanın adı məlumdur, amma mənbələr bildirir ki, qurbanlar qat-qat çoxdur.
Saxlanılanlarla bağlı xəbərlər təqribən bir həftə əvvəl yayılmağa başlayıb, bu məlumatlar yoxlanılıb və misilsiz çox mənbə tərəfindən təsdiqlənib: DİN, Respublika rəhbərinin administrasiyası, Çeçenistan Prokurorluğu və nəhayət yerli LGBT fəalları tərəfindən.
Onlardan bəziləri saxlanılıb və buraxılandan sonra (çox nadir halda) respublikanı tərk ediblər. Bəziləri dostları və tanışları saxlanılandan sonra çıxıb gediblər.
Saxlanılmalar yalnız Qroznıda deyil, digər yaşayış məntəqələrində də həyata keçirilir.
Saxlanılanlar arasında Çeçenistan müftisinin nümayəndələri, o cümlədən tanınmış, nüfuzlu və respublika rəhbərinə yaxınlığı ilə seçilən din xadimləri, həmçinin Çeçenistanın iki tanınmış televiziya aparıcısı da var.
Əlbəttə ki, bu insanlar öz xüsusi oriyentasiyalarını heç cürə nümayiş etdirməyiblər – Qafqazda bu, ölümə bərabərdir. Amma üzvləri arasında sosial məsafənin çox qısa olduğu ənənəvi çeçen cəmiyyətində nə qədər gizlətsən də belə şeylər tez məlum olur.
Çeçenistanın sosial şəbəkə istifadəçiləri mesencerlərdə mövzular üzrə qapalı qrupları təlaş içində tərk edir, sosial şəbəkələrdə akkauntlarını bağlayırlar. Amma bəziləri risk edərək başqalarına təhlükə ilə bağlı xəbərdarlıq edirlər.
“V KONTAKTE” SOSİAL ŞƏBƏKƏSİNDƏN İSMARIC
(orijinalın orfoqrafiyası və punktuasiyası)
“Hamıya salam əleyküm!
Düşünmürdüm ki, yenə də bura yazacam, amma indi, mövzuda bir zəncir olduğu və əgər bir nəfəri ələ keçirsələr, başqalarını satana qədər ona işgəncə verirlər, düşünürəm ki, bu, mənə də aid ola bilər, xəbərdarlıq etməyim doğru olar.
Burada tez-tez tələyə düşürülmək barədə postlar yazılır (homoseksual oriyentasiyalı insanların üzə çıxarılması üçün istifadə olunan təxribatlar nəzərdə tutulur – qeyd Y.M) və mən bir müddət əvvəl tələyə düşən qurbanları tapmağa çalışırdım. Bircə nəfəri də tapa bilməyəndən sonra düşündüm ki, bütün bunlar yalandır. İndi mən başa düşürəm, niyə Çeçenistanda tələyə düşürülənləri tapa bilmirəm. Təəssüf ki, çoxları öldürülüb. Sadəcə cavan oğlanlar öldürülməyib, hətta yaşı 50-dən yuxarı olan yaşlı kişilər də öldürülüb. Onların arasında Çeçenistanın tanınmış simaları davar.
Onlar müxtəlif tədbirlərdə, televiziya verilişlərində, müsabiqələrdə iştirak ediblər. Adlarını çəkmək istəmirəm. ən kiçiyinin 16 yaşı var. O, bizim kəndimizdəndir. Elə bu günlərdə onu gətirdilər, çox pis döyülmüşdü, sadəcə sümük torbası idi. Həyətə atıb dedilər ki, onu öldürsünlər. Deyirlər, o hələ də özünə gəlməyib və çətin ki, gələ bilsin. Bilmirəm onlar nə ilə izah edirlər niyə belə davrandıqlarını, onlardan xahiş edəcəklər ki, sübut göstərsinlər ki, bizim oğlumuz və ya qardaşımız o cürdür.
Axı Çeçenistanda əsaslı sübut olmadan kimisə şərləmək çox ciddidir. Özün də şalvarsız qala bilərsən. O da ola kişiyə əl qaldırasan, onu homoseksuallıqda şərləyəsən, bu neçə əsrlik rüsvayçılıqdır. Mən bilmirəm onlar bunu necə izah edirlər, amma bu baş verir. Mənbə naturaldır, hərbçi qohumumdur, elə bu gün səhər mənə bunu danışıb.Mən tələyə düşmənin olmadığını burada yazanda yanılmışam. Onlar var və heç vaxt olmamış kimi əlləri uzundu. Bacardığınız qədər ehtiyatlı olun, şübhəli əlaqələrinizi silin.
Ən əsası sutkalıq mənzil tutmayın, çox güman ki, bütün rieltorları mənzillərə kamera qoymağa məcbur edirlər və bu yolla qurbanlara qarşı kompromat əldə edirlər. Çeçenistan rieltorları isə bizneslərini itirməmək üçün hər şeyə gedərlər, bir də ki, bizim hərbçilərimizə etiraz etməyə kimin hünəri çatar. Xahiş edirəm, çox ehtiyatlı olun. Bu, mənim buradakı son statusumdur”.
Milli kostyum, Qroznı muzeyi, Çeçenistan. Foto: RİZ Novosti
Təqib qurbanı olmuş Çeçenistan sakinlərinin – hətta qeyri-ənənəvi seksual oriyentasiyada sadəcə şübhəli bilinənlərin – sağ qalmaq şansı çox azdır.
Ailəsinə saxlanma səbəbi haqda demək bəsdir ki, qohumları rəsmi instansiyalara şikayət etməyəcək, doğmalarının saxlanma və hətta qətl faktlarını isə hər vəchlə gizlədəcəklər.
Məlumdur ki, bəzi saxlanılanları “sübut yetərsizliyindən” buraxırlar. Amma bu halda da onları təhlükə gözləyir, həm də elə öz qohumlarından. Çeçenistanda indiyə qədər “şərəf qətli” çox yayılıb – bu, rüsvayçılıqda günahkar olanı qətl edərək ailənin üzərindən rüsvayçılığı yumağa imkan verən addımdır.
Çeçenistan xüsusi xidmət orqanlarındakı mənbələrimiz “profilaktik təmizlik” adlandırdıqları həbs dalğasını qəti şəkildə digər – informasiya dalğasıilə bağlayırlar.
Martın əvvəlində Qafqazda Rusiya LGBT fəalları, GayRussia.ru layihəsinin iştirakçıları özlərinin ümumrusiya məhkəmə kampaniyaları çərçivəsində Şimali-Qafqaz Federal Dairəsinin dörd şəhərində gey-parad silsiləsi keçirmək niyyətilə ərizə veriblər.
Beləliklə, martın 9-da Sverdlovski vilayətində yaşayan LGBT fəalı Vladimir Klimov Nalçik administrasiyasına və Kabardino-Balkariya vilayətini administrasiyasına poçtla “yürüş şəklində ictimai tədbirin keçirilməsi haqda bildiriş” göndərib.
Bildirişdə göstərilib ki, yürüşü Nalçikin tarixi mərkəzindəki küçələrdə keçirmək planlaşdırılıb, təbdir iştirakçılarının ehtimal olunan sayı 300 nəfərdir. Nalçik administrasiyası gözlənildiyi kimi rədd cavabı verib. Görünür ki, müraciət edənlər elə buna nail olmaq istəyirmiş.
Moskva LGBT fəalları tərəfindən analoji müraciət martın 9 və 10-da Çerkesk, Stavropol və Maykopa da ünvanlanıb.
GayRussia.ru layihəsinin (layihə rəhbəri Moskvanın məşhur LGBT fəalı Nikolay Alekseyevdir) fəallarının Qafqaz regionlarında gey-parad keçirmək niyyəti haqda informasiya KİV-də yayıldı. Bütün Qafqazda bu xəbər kütləvi etirazlara səbəb oldu, etirazçılar yüksək aqressiya nümayiş etdirdilər. Sosial şəbəkələrdə müxtəlif kreativlik səviyyəsində video-çarxlar və qeyri-ənənəvi seksual oriyentasiyalı insanları öldürmək çağırışları yayılmağa başladı.
Məhz bu zaman Çeçenistanda “profilaktik təmizləmə” ilə bağlı komanda verildi və məsələ real qətllərə qədər uzandı.
Nikolay Alekseyev “Novoya qazeta”ya bildirib ki, Rusiyanın müxtəlif regionlarında paradların keçirilməsi ilə bağlı müraciətlər vasitəsilə o, konstitusion hüquqları, toplaşmaq azadlığı və gey-təbliğatı qadağan edən qanunun ləğvi uğrunda mübarizə aparır.
“Biz artıq razılaşdırılmamış gey-paradlar təşkil etmirik, – o, “Novaya qazeta”ya bildirib. – Əvvəllər keçirirdik, artıq yox. Biz dövlətlə aksiyalarımızı razılaşdırmağa və iştirakçıların təhlükəsizliyinin təmin edilməsinə nail oluruq.Amma hər dəfə biz ərizə verəndə əlbəttə ki, müracətimizin qəbul olunacağı ehtimalına görə gey-parada hazırlaşırıq”.
“Novaya qazeta”nın “Niyə ərizədə məhz 300 nəfər göstərilmişdi, Nalçikdə, Çerkeskdə, Maykopda və ya Stavropolda nə qədər LGBT fəalının gey-parada çıxacağı planlaşdırılırdı?”dəqiqləşdirici sualına Alekseyev konkret cavab verə bilməyib. O, izah edib ki, aksiya üçün razılıq əldə ediləcəyi və təhlükəsizliyin təmin olunacağı təqdirdə Moskva və Peterburqdan olan fəallar Qafqaza gəlib gey-paradlarda iştirak etməyə hazır idilər.
Bununla belə nə Alekseyev, nə də onun hüquqşünasları Nalçikə gəlməyib, nə bildiriş vermək üçün, nə də bu Qafqaz şəhərində gey-parad keçirilməsinin rədd edilməsinə dair iddianın ilkin dinləməsində iştirak etmək üçün.
Alekseyev qeyd edib ki, bu, sadəcə məşğul olmaları ilə bağlı deyil, həm də şəxsi təhlükəsizliklə əlaqədardır. Nalçik və digər ŞQFD şəhərlərində gey-parad keçirilməsilə bağlı müraciətdən xəbər tutulan kimi ona “kommunikasiyanın bütün mövcud vasitələrilə çox sayda təhdid”gəlib.
Nikolay Alekseyev. Foto: RİA Novosti
Alekseyev ictimai fəaliyyətdən başqa ölkənin ən müxtəlif regionlarının məhkəmələrində qaldırdığı çoxsaylı iddiaları ilə də məşhurdur: aksiya ilə bağlı aldığı hər rədd cavabından o, Rusiya məhkəmələrinə şikayət verir, sonra da iddia İnsan Haqları üzrə Avropa Məhkəməsinə yönəlir.
2011-ci ildə Alekseyev Strasburqda ilk iddiasını qazanıb, kompensasiya 29 min avro təşkil edib.
Hazırda İHAM daha iki analoji işi kommunikasiyaya götürüb. Bell Fondunun “Gender proqramı”nın koordinatoru İrina Kosterinanın fikrincə, bu işlərə görə kompensasiya 100 000 avro təşkil edə bilər.
Bundan başqa Alekseyevin sözlərinə görə, hazırda “görünməmişhəcmdə” üçüncü şikayətlər dalğası hazırlanır ki, bunların sırasına Qafqaz şəhərlərindən gələn rədd cavabları da daxildir.
“Novaya qazeta”nın “Sizə məlumdurmu ki, Qafqazda gey-parad keçirməklə bağlı müraciətləriniz yerli LGBT nümayəndələrinin təqibi ilə, Çeçenistanda isə kütləvi həbslər və qətllərlə nəticələnib?” sualına cavab olaraq Alekseyev bildirib ki, “Novaya qazeta”nın müxbiri “yoxlanılmamış informasiya ilə spekulyasiya edir, dəlilsiz faktlara istinad edir və onun atdığı addımların bu cür təqiblərlə nəticələnməsi haqda şəxsən ona heç nə məlum deyil”.
LGBT hüquqları uğrunda mübarizə aparan Alekseyevin həmin “yoxlanılmış faktlar” haqda məlumatsız olmasının səbəbini anlamaq olar. Məsələ ondadır ki, patriarxal Qafqazı necə lazımdı silkələyəndən sonra o, yerlərdəki tərəfdarlarının mühafizəsi üçün cüzi də olsa bir tədbir görməyib, geri çəkilmək üçün hər hansı kanal yaratmayıb.
Yerli xüsusiyyətləri qətiyyən bilmədən və anlamadan, görünür ki, realizə etməyə hazırlaşmadıqları niyyətlə bağlı sadəcə bildirişin insanlar üçün hansı nəticələr verə biləcəyini o, hesablaya bilməyib. Problem ondadır ki, Qafqazda hələ də ağızdan çıxan sözü ciddi qəbul edirlər.
Elə yerli LGBT birliklərinə qarşı səlib yürüşünə başlayanlar da Alekseyevin niyyətinin ciddiyətinə qətiyyən şübhə etməyib.
“Novaya qazeta”ya məlumdur ki, digər Rusiya LGBT təşkilatları (GayRussia.ru layihəsi bunda iştirak etmir) hazırda qaynar xətt yaradıb, Çeçenistan sakinlərinin təqib edilməsi ilə bağlı məlumatlar alırlar və bu insanları evakuasiya etməyə hazırdırlar.
“Novaya qazeta” Rusiya İstintaq Komitəsinə, Baş Prokurorluğa və Rusiya Prezident Administrasiyasına müraciət hazırlayır. Biz qətl edilənlərin şəxsi məlumatlarını (Ad, soyad, atasının adı, iş yeri, yaşayış yeri) istintaqa təqdim etmək və cinayət işinin qaldırılmasını tələb etmək niyyətindəyik, çünki yalnız cinayət işi çərçivəsində eksqumasiya təşkil eləmək və insanların dəqiq ölüm səbəbini müəyyənləşdirmək mümkündür.
Martın 29-da Rusiya LGBT şəbəkəsi sosial şəbəkələrdə aşağıdakı məlumatı yayıb:
“Son zamanlar Qafqaz respublikalarında geylərin, lesbiyanların, transseksualların (və ya bu cür hesab olunanların) təqibinin artması Rusiya LGBT şəbəkəsi təhlükədə olan region sakinləri üçün Qaynar xətt yaradıb. Əgər Siz təhlükə hiss edirsizsə, təhdid olunursuzsa, dərhal bizimlə bu ünvandan əlaqə saxlayın – [email protected]
Biz zəmanət veririk ki, Sizin verdiyiniz bütün informasiya (ö cümlədən Sizin adınız və soyadınız) yalnız yardımı bilavasitə təşkil edən üç əməkdaşımıza məlum olacaq. Məktubda bu məlumatları qeyd etmənizi tövsiyə edirik:
- Düşdüyünüz vəziyyəti təsvir edin;
- Nə kimi köməyə ehtiyacınız var;
- Adınız və soyadınız.
Biz hər bir müraciətə operativ reaksiya verəcəyik və Sizinlə yardımın müxtəlif variantlarını müzakirə edəcəyik”.