Azərbaycan və Ermənistan sərhədində eskalasiyanın altıncı günü nisbi sakitlikdir
Azərbaycan və Ermənistan sərhədində ağır artilleriya və pilotsuz uçuş aparatlarından istifadə etməklə beş gün sürən qızğın döyüşlərdən sonra nisbi sakitlikdir.
Amma hər iki cəmiyyətdə gərginlik qalır. 8500 nəfər Azərbaycan vətəndaşı könüllü hərbi xidmətə yazılıb. Ermənistanda isə Azərbaycanın Metsamor atom elektrik stansiyasını bombalaması ehtimalı müzakirə olunur.
Məqalə dərc olunan ana qədər Ermənistan tərəfdən dörd hərbçi həlak olub, 36 nəfər yaralanıb.
Azərbaycan tərəfindən 13 hərbçi, o cümlədən də bir neçə nəfər zabit həlak olub, yaralananların sayı haqda məlumat yoxdur.
Hər şey haqda daha təfərrüatlı.
Bakıdan informasiya
Azərbaycanın hökumətyönlü mediasında iyulun 17-də sərhəddəki gərginlik əsas mövzu olaraq qalıb.
8500 nəfər Azərbaycan vətəndaşı könüllü hərbi xidmətə yazılmaq üçün müraciət edib.
Amma sosial şəbəkələrdə iyulun 17-i axşama doğru Ermənistanla müharibə tələbi artıq o qədər də fəal müzakirə olunmayıb. Hakimiyyətin karantin rejiminin iki həftə uzadılması daha çox müzakirə mövzusuna çevrilib. Həmçinin Bakıda iyulun 15-ə keçən gecə izdihamlı mitinq zamanı üç jurnalistin saxlanılması da çox müzakirə olunub. Minlərlə insan Qarabağda yenidən müharibənin başlanması tələbi ilə küçələrə çıxıb, daha sonra bir qrup parlament binasına daxil olub. Mitinq polis tərəfindən amansızlıqla dağıdılıb.
Baş Prokurorluq bəyan edib ki, Ermənistan “münaqişənin gərginləşdirilməsi məqsədilə əhalinin sıx məskunlaşdığı əraziləri atəşə tutaraq mülki əhaliyə qarşı hərbi cinayət törədib”. İyulun 16-da atəş nəticəsində Tovuz rayonu Dondar Quşçu kənd sakininin evi uçduğu üçün Ermənistan hərbçilərinə qarşı cinayət işi qaldırılıb.
Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Ermənistan tərəfi sutka ərzində “atəşkəs rejimini cəbhə xəttinin müxtəlif istiqamətlərində 97 dəfə pozub”.
Belə məlumatlar artıq uzun illərdir ki, mütəmadi olaraq hər iki tərəfin mediasında səsləndirilir.
Bununla belə mətbuat xidməti təsdiqləyib ki, “Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində nisbi sakitlikdir”.
“Bizim yaşayış məntəqələrimiz atəşə tutulmur, amma ümumilikdə gərginlik hələ qalır”, – mətbuat xidmətindən bildirilib.
Türkiyə hakimiyyəti növbəti dəfə bəyan edib ki, Azərbaycanı dəstəkləyir. Türkiyə parlamenti müvafiq bəyanat səsləndirib. Prezident administrasiyası yanında müdafiə sənayesi idarəsinin rəhbəri İsmayıl Dəmir isə Twitter-də yazıb:
“İki qardaş ölkənin bir daha tək ürək olduğunu bütün dünyaya göstərməyimizin lazım olduğu dönəmdə müdafiə sənayesində də əməkdaşlıq məsələlərimizi müzakirə etdik. Müdafiə sənayemiz silahlı PUA-larımızdan tutmuş silah-sursatlarımız və raketlərimizə, elektron hərbi sistemlərimizə qədər bütün təcrübə, texnologiya və imkanları ilə hər zaman Azərbaycanın əmrindədir. Azərbaycan Ordusuna yeni sistem qazandırmaqla yanaşı, mövcud sistemlərin modernləşməsi, təmiri və təlim məsələlərində birlikdə çalışacağıq. Bir millət – iki dövlət!”
Yerevandan informasiya
Ermənistanda müzakirə olunan əsas mövzu Azərbaycanın Metsamor atom elektrik stansiyasını vurması ehtimalı olub. İyulun 16-da Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı belə bir xəbərdarlıqla çıxış edib:
“Eyni zamanda Ermənistan tərəfi unutmamalıdır ki, ordumuzun silahlanmasında olan ən yeni raket sistemləri Metsamor AES-i yüksək dəqiqliklə vurmağa imkan verir ki, bu da Ermənistan üçün böyük fəlakətə səbəb ola bilər”.
Bu bəyanat jurnalistlərin Ermənistanın Azərbaycanın ekosistemi üçün çox vacib olan Mingəçevir su elektrik stansiyasını vurması ehtimalı ilə bağlı suala cavab olaraq səsləndirilib.
Yerevan Ermənistan tərəfinin belə bir niyyətinin olmasını qəti şəkildə inkar edib.
Ermənistan XİN-in cavab bəyanatında deyilir ki, atom stansiyasının bombalanması təhdidi “Azərbaycanın hərbi-siyası rəhbərliyinin acizliyinə və təfəkkür böhranına şəhadət edir”.
“Belə təhdid dövlət terrorunun bilavasitə təzahürüdür […] Azərbaycan hakimiyyətinin belə bəyanatları regionun bütün xalqları, o cümlədən də öz xalqı üçün təhlükədir”.
Atom elektrik stansiyası Türkiyə sərhədinin bilavasitə yaxınlığında yerləşir. AES-də istənilən fövqəladə hadisə yalnız Ermənistan üçün yox, həm də qonşu ölkələr üçün fəlakət ola bilər.
Ermənistanın müdafiə naziri təsdiqləyib ki, iyulun 17-ə keçən gecə və bütün gün ərzində Ermənistan-Azərbaycan sərhədində vəziyyət nisbi sakit olub.
Hərbi ekspert Artsrun Hovannisyan bildirib ki, Azərbaycan SQ atəşkəs rejimini 120 dəfəyə yaxın pozub – iyulun 12-də eskalasiyanın başladığı sərhədin Tavuş kəndi, o cümlədən də Qeqarkunik kəndi istiqamətində.
“Artilleriya tətbiq edilməyib, Azərbaycan tərəfi müxtəlif çaplı silahlardan istifadə edib… Pozuntuların sayını və silahların növünü nəzərə alaraq, vəziyyətin əhəmiyyətli dərəcədə deeskalasiyası haqda danışmaq olar”, – ekspert bildirib.
Onun məlumatına əsasən, Qarabağda təmas xəttinin Azərbaycan tərəfindən atəş açılıb, amma ümumilikdə orada gərginlik yoxdur.