Azərbaycanın ekofəalları Şəkidə aksiya keçirdi
Şəkinin Bideyiz kəndində kolluq meşənin kürünərək məhv edilməsinə etiraz olaraq, bu gün “Eco-front” təşkilatı həmin kənddə etiraz aksiyası təşkil edib. JAMnews-un hadisə yerindən xəbər verən müxbiri bildirir ki, əvvəlki meşəlik tamamilə məhv edilib, hazırda sahədə ekskavatorlar və ağır texnika qalmaqdadır.
- Azərbaycanda sosial şəbəkədə “ifşa olunmuş” rəhbər işçi vəzifəsindən azad edildi
- Azərbaycanda yaşının 131 olduğu deyilən “ən yaşlı pensiyaçı”nın əslində neçə yaşı var?
- Terminallarda əlavə 1 manatı kim ödəyəcək?
“Eco-front”un rəhbəri Cavid Qara bir neçə gün bundan əvvəl sosial şəbəkələrdə Şəkidə baş verənlərlə bağlı həyəcan təbili çalmışdı:
“Bu gündən Şəkinin Bideyiz kəndi yaxınlığında meşələrin irimiqyaslı kürünməsinə yenidən başlanılıb. Keçən il bu layihəni ictimaiyyətin dəstəyi ilə yarım saxlaya bildik. Heç kəs cəzalanmadı, amma dayandılar. İndi yenidən iştahaya gəliblər. Əraziyə çoxlu sayda ağır texnika cəlb edilib. Vaxtında dayandıra bilməsək, hər keçən gün hektarlarla meşə zolağını itirəcəyik.
Sonda isə ETSN deyəcək ki, “dəymiş ziyanın hesablanması və təqsirkarların aşkar edilməsi və cəzalandırılması istiqamətində işlər davam etdirilir”.
Buna cavab olaraq Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilmişdi ki, Şəkinin Bideyiz kəndi yaxınlığındakı açıq meşə sahəsində fındıq bağı salınır.
“Meşə fondunun istifadəsiz qalmış açıq sahələrinin potensialından səmərəli istifadə etmək məqsədilə açıq meşə fondu torpaqları icarəyə verilə bilər.
Hazırda meşə ərazilərinin açıq sahələrində aqrobağların və sənaye əhəmiyyətli meşələrin salınması işləri həyata keçirilir. Bu da meşə örtüyünün artması ilə yanaşı, yeni iş yerlərinin açılmasına, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına, ixrac potensialının yüksəlməsinə və ərzaq bolluğuna səbəb olacaq”, – deyə, nazirlik bəyan etmişdi.